27 avqust 2025 11:28
143

Baş Prokurorluq 30 il əvvəl qətlə yetirilmiş zərərçəkmişin şəxsiyyətinin müəyyən olunması üçün ictimaiyyətə müraciət edib

Ötən illərdən bağlı qalan qəsdən adamöldürmə cinayətlərinin açılması istiqamətində prokurorluq və daxili işlər orqanlarının səmərəli fəaliyyəti davam etdirilir.

“İki sahil” xəbər verir ki,  Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, Bakı şəhərinin Suraxanı Rayon Prokurorluğu və rayon polis idarəsinin əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilən birgə istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində 30 il əvvəl, 1995-ci ilin may ayında paytaxtın hava limanından taksi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən müştəri qismində götürülmüş kişi cinsli şəxsin quldurluqla əlaqədar kəsiçi-deşici alətlə Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsində qəsdən öldürülməsi cinayətinin üstü açılmaqla, təqsirləndirilən şəxslərin məsuliyyətə cəlb olunması təmin edilib.

Hazırda iş üzrə zərərçəkmişin şəxsiyyətinin müəyyənləşdirilməsi zərurəti yaranıb.

Bununla əlaqədar, Baş Prokurorluq zərərçəkmişin şəxsiyyətinin müəyyən olunmasına dəstək göstərməsi üçün ictimaiyyətə müraciət edib:

Zərərçəkmiş şəxsin fərdi əlamətləri:

- Doğum ili: 1955-1970-ci illər aralığında;

- Boy: təxminən 175 santimetr;

- Sol dirsək oynağının ön səthində çapıq izləri;

- Sol saidin yuxarı və orta 1/3 hissəsinin ön səthində 11 ədəd köhnə, kənarları hamar çapıqlanmış toxuma izləri;

- 1995-ci ilin aprel-may aylarında xarici ölkədən (əsasən MDB dövlətləri, o cümlədən Rusiya Federasiyası) hava yolu ilə ölkəyə qayıdıb və həmin dövrdən etibarən itkin düşüb;

- MDB dövlətlərində, o cümlədən Rusiya Federasiyasında daimi və ya müvəqqəti yaşayan və yaxud işləmiş.

Bu xüsusiyyətlərə uyğun olan və ya belə bir şəxs barədə məlumatı olan şəxslərdən xahiş edilir ki, Bakı Şəhər Prokurorluğu və ya Suraxanı Rayon Prokurorluğuna aşağıdakı telefon nömrələri vasitəsilə məlumat versinlər:

- (+994 12) 361 04 06

- (+994 12) 361 04 09

- (+994 12) 361 02 51

- “961 Çağrı Mərkəzi”

Baş Prokurorluq ictimaiyyətə öncədən göstərdiyi diqqət, dəstək və əməkdaşlığa görə dərin təşəkkürünü bildirir. Hər bir vətəndaşın verdiyi məlumatın istintaq prosesinə böyük töhfə verdiyini vurğulayır və aidiyyəti şəxsləri məlumat verməyə çağırır.