25 avqust 2025 14:44
160

Zərbə PUA-ları qlobal bazarının 65 faizi Türkiyənin payına düşür

Türkiyə zərbə pilotsuz uçuş aparatları (PUA) qlobal bazarının 65 faizinə malikdir. Təkcə “Baykar” şirkəti dünyanın 37 ölkəsinə PUA tədarük edir.

“İki sahil” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında “Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktar deyib.

Onun sözlərinə görə, Türkiyə istehsalı olan pilotsuz uçuş aparatları müasir texnologiyaların və maya dəyərinin sərfəli birləşməsidir. O, Türkiyə müdafiə sənayesinin nailiyyətlərinə diqqət çəkərək əlavə edib: “Biz PUA-ların daşıya biləcəyi, məhsullarımızı fərqləndirən geniş çeşiddə sursat da təklif edirik”.

“Baykar” şirkəti İdarə Heyətinin sədri gəmilərin qısa uçuş-enmə zolaqlarından istifadə edə bilən yeni “Bayraktar TB3” hücum PUA-sının imkanlarından danışıb. O qeyd edib: “Dünya istehsalçıları, o cümlədən ABŞ-dan olanlar bu məsələdə bir-biri ilə rəqabət aparırdı. Bu layihəni uğurla başa vuran ilk ölkə Türkiyə oldu. “Bayraktar TB3” müxtəlif hava şəraitində dəniz gəmilərinə 170 avtomatik eniş-qalxış edib”.

S.Bayraktar rəhbərlik etdiyi şirkətin gəlirinin 90 faizinin ixrac hesabına əldə edildiyini də vurğulayıb.