22 avqust 2025 18:34
154

Laçın firavan günlərinə qayıdıb

İşğaldan azad edilmiş torpaqlarımızda yeni həyat başlayıb. Əbəs yerə deyilmir ki, hadisələrə ən böyük dəyəri zaman özü verir. Cənab İlham Əliyev bütün müraciətlərində bu fikri xüsusi qeyd edirdi ki, nəyi nə zaman etmək lazım olduğunu bilirdim.

44 günlük müharibə, Azərbaycan Ordusunun uğurlu əks-hücum əməliyyatları Azərbaycanın sözünün imzası qədər əhəmiyyətli olduğunu dünyaya nümayiş etdirdi. Çoxəsrlik tariximizin ən şanlı səhifəsini yazan Ordumuz bir daha sübut etdi ki, yenilməz, məğrur ordu bizim ordudur.  Ordumuz ərazi bütövlüyümüzü bərpa etməyə, işğala son qoymağa qadirdir. Bölgədə bu gün və gələcək üçün yeni təhlükəsizlik, yeni əməkdaşlıq formatları yaradılır.

10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın şərtlərinə uyğun olaraq dekabrın 1-də Laçın Azərbaycana qaytarıldı. Laçının iqtisadi imkanlarına, coğrafi mövqeyinə diqqət yetirdikdə tarixi sahibinə qayıtmaqla Azərbaycanın gələcək həyatında nə kimi iqtisadi, strateji əhəmiyyət daşıyacağı aydın görünür. Azərbaycanın  füsunkar guşələrindən biri olan Laçın rayonu ölkəmizin cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Rayonun ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Laçın rayonu zəngin faydalı qazıntılarla, o cümlədən inşaat materialları yataqları, civə, vermikulit, əlvan və üzlük daşları, sement xammalı və tikinti daşı yataqları ilə zəngindir. Burada sənaye əhəmiyyətli Gilgəzçay, Sarıbulaq, Narzanlı civə, Ahnəzər əlvan daşı, Qarabəyli, Dəlikdaş, Çorman və Narzanlı kimi vermikulit yataqları daha böyük ehtiyatlara malikdir.

Laçın rayonu Şuşadan sonra işğala məruz qalmış ikinci rayondur. İşğal nəticəsində rayonun əhalisi etnik təmizləməyə məruz qalıb, 300-dən artıq hərbi və mülki şəxs həlak olub və itkin düşüb. İşğal nəticəsində 217 mədəniyyət, 101 təhsil, 142 səhiyyə müəssisəsi, 462 ticarət, 30 rabitə, 133 idarə və müəssisə, 5 musiqi məktəbi, 1 internat məktəbi, 1 orta texniki peşə məktəbi, 2 avtonəqliyyat və müxtəlif təyinatlı istehsal müəssisələri işğalçılar tərəfindən talan və məhv edilib. 54 dünya, 200-dən çox yerli əhəmiyyətli tarixi abidə vandalizmə məruz qalıb. Ermənistan işğalçı tərəf olaraq Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, əsasən, Suriyadan olan erməni əsilli qaçqınlar olmaqla məqsədyönlü məskunlaşma siyasətini apararaq demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllər ilə məşğul olub.

1 dekabr 2020-ci il Laçının həyatında yeni parlaq səhifəni açdı. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü. 26 avqust dövlət başçısı İlham Əliyevin Sərəncamına uyğun olaraq Laçın Şəhəri Günüdür. Əvvəldə qeyd etdiyimiz kimi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu yeni tarix yazdı. Artıq bu şanlı tarix yaddaşımızdan torpaqlarımızın işğal olunduqları günü çıxarıb işğaldan azad olunduqları günü yazdı. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, torpaqlarımızın hər birinin işğaldan azad olunması Zəfər Günümüzdür. Azərbaycan xalqı özü beynəlxalq qanunlarının aliliyini və tarixi ədaləti bərpa etdi.

Zəfərimizdən dərhal sonra dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban  Əliyevanın işğaldan azad edilmiş ərazilərimizə səfərləri başladı. Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır.  Digər ərazilərimiz kimi, Laçın rayonunda da bərpa və quruculuq işlərinin miqyası genişdir. Belə ki,  rayonda ümumi gücü 65,5 MVt, illik elektrik enerjisi istehsal potensialı 194 milyon kilovat-saat olan 9 su elektrik stansiyası fəaliyyət göstərəcək. 2021-ci ildə Laçın rayonunda generasiya gücü 8 meqavat olan Güləbird Su Elektrik Stansiyası işə salınıb. Stansiya təxminən 7000 nəfər əhalinin elektrik enerjisi ilə təminatında mühüm rol oynayacaq. Burada istehsal olunan elektrik enerjisi Qubadlı rayonunun Xanlıq kəndini, Laçın rayonunun cənub hissəsini və ərazidə yerləşən digər infrastruktur layihələrini elektrik enerjisi ilə təmin edəcək. Laçın rayonunda Həkəri çayının ən böyük qolu olan Hoçaz çayı üzərində yerləşən və ermənilər tərəfindən tamamilə dağıdılan 14,25 meqavat gücündə “Ağbulaq”, 8,25 meqavat gücündə “Mişni” və 6 meqavat gücündə “Alxaslı” Su Elektrik stansiyaları tam yenidən qurulub. “Mişni” və “Alxaslı” Kiçik Su Elektrik stansiyaları 2023-cü il avqustun 25-də, “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyaları isə 2024-cü il mayın 10-da işə salınıb. 2025-ci il mayın 27-də “AzərEnerji” “Aşağı Malıbəyli” və “Mirik” su elektrik stansiyalarının (SES) açılışı olub. Hər iki stansiya Həkəri çayının sağ qolu olan Zabux çayının Laçın rayonunun Malıbəyli və Mirik kəndlərinin ərazisindən keçən hissəsində inşa edilib. 3,1 MVt gücündə “Aşağı Malıbəyli” və 3,5 MVt gücündə “Mirik” su elektrik stansiyalarında ən müasir avadanlıq quraşdırılıb, optik kabel xətləri çəkilib. Bununla da stansiyalar ölkənin enerji sisteminin mərkəzləşmiş SCADA sisteminə inteqrasiya olunub. “Aşağı Malıbəyli” və “Mirik” SES-lərdə il ərzində 20 milyon kilovat-saat yaşıl enerjinin istehsalı nəzərdə tutulub ki, bu da öz növbəsində 4,3 milyon kubmetr təbii qaza qənaət etməyə şərait yaradacaq, il ərzində 8 min ton karbon qazının atmosferə atılmasının qarşısını alacaq.

İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında hava limanının inşası bölgənin beynəlxalq statusunu artıracaq. Laçın hava limanının inşası həm də işğaldan azad edilmiş tarixi torpaqlarımızda aparılan abadlıq-quruculuq işlərinin miqyasını göstərir. Təməli 2021-ci ildə qoyulan Laçın Beynəlxalq Hava Limanı 28 may 2025-ci ildə istifadəyə verilmişdir. Laçın rayonunun Qorçu kəndində dəniz səviyyəsindən 1700 metr hündürlükdə yerləşən hava limanının ümumi ərazisi 130 hektardan çoxdur. Bu hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportudur. Hava limanında istənilən tip hava gəmisinin qəbuluna imkan verən, uzunluğu 3 min, eni isə 60 metr olan uçuş-enmə zolağı inşa edilib. Beş min kvadratmetrlik terminal binası saatda ən azı 200 sərnişinə xidmət göstərmək imkanına malikdir. Hava limanı Laçın şəhərinə 30, Şuşaya 70, Kəlbəcərə 60 kilometrlik məsafədə yerləşir. Bu hava limanı strateji təyinatı ilə yanaşı, gələcəkdə regionun turizm potensialının inkişafına da imkan verəcək. Prezident İlham Əliyev bildirmişdir: “Hesab edirəm ki, bu, bir çoxları üçün gözlənilməz oldu. Bəziləri bunu möcüzə hesab edirdilər. Çünki sovet dövründə heç vaxt bu bölgədə - Kəlbəcər-Laçın zonasında hava limanı olmayıb. Məhz bu səbəbə görə. Çünki çox bahalı bir layihə ola bilərdi və məqbul yer də tapmaq mümkün deyil. Ancaq biz bunu edirik. Müstəqil Azərbaycan dövləti buna da qadirdir. Buna texniki imkanlarımız da, maliyyə imkanlarımız da və güclü iradəmiz də var”.

Artıq laçınlılar doğma yurd-yuvalarına qayıdır. Laçın şəhəri, Zabux və Sus kəndləri mərhələ-mərhələ sakinlərinə qovuşur. Böyük Qayıdışı təmin edəcək Dövlət Proqramına əsasən indiyədək Laçın şəhərinə 571 ailənin, yəni 2091 nəfərin, Zabux kəndinə 217 ailənin, yəni 823 nəfərin, Sus kəndinə 59 ailənin, yəni 215 nəfərin, Bəylik kəndinə 89 ailənin, yəni 363 nəfərin daimi məskunlaşması təmin edilib. Soydaşlarımız qayıdışları ilə bu torpaqlara yeni nəfəs verirlər.

Fəxrəddin Vəliyev,
YAP Şəmkir rayon təşkilatının sədri