22 avqust 2025 11:01
212

Türk Dünyasının gücü genişlənir

Azərbaycan və Türkmənistan münasibətləri Cənubi Qafqaz və Mərkəzi Asiya arasında körpü rolunu oynayan xüsusi strateji xəttdir. Bu münasibətlərin əsasını xalqlarımızın ortaq dəyərləri, dil, mədəniyyət və tarixi dostluq ənənələri təşkil edir. Əslində, Azərbaycan–Türkmənistan əlaqələrinin inkişafını yalnız diplomatik münasibətlərin 1992-ci ildən bəri gedişatı ilə izah etmək mümkün deyil. Daha dərin tarixi təməllərə əsaslanan bu münasibətlər müasir mərhələdə Prezident İlham Əliyevin, eləcə də Türkmənistanın sabiq Prezidenti Qurbanqulu Berdiməhəmmədov və hazırkı lideri Sərdar Berdiməhəmmədovun məqsədyönlü siyasəti nəticəsində strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir.

2017-ci ildə imzalanmış “Strateji tərəfdaşlığa dair Bəyannamə” iki ölkə arasında münasibətlərin dönüş nöqtəsi olmuşdur. Həmin sənəd sadəcə hüquqi çərçivə deyil, həm də regional və beynəlxalq əməkdaşlıq xəritəsinin əsas sütunlarından birinə çevrilmişdir. Azərbaycan və Türkmənistan dövlət başçılarının qarşılıqlı səfərləri, eləcə də hökumətlərarası mexanizmlərin işgüzar fəaliyyəti bu tərəfdaşlığı dinamik və institusional xarakterə gətirib çıxarmışdır. Məsələn, 2025-ci ildə yüksək səviyyəli qarşılıqlı səfərlərin intensivliyi, həm Xankəndidə keçirilən İƏT Zirvəsi, həm də Avazada baş tutacaq üçtərəfli görüş, regional diplomatiyada Bakı–Aşqabad xəttinin önəmini daha da artırır.

Azərbaycan–Türkmənistan münasibətlərinin son illərdəki intensivliyi fonunda 22 avqust 2025-ci ildə Türkmənistanın Avaza şəhərində keçiriləcək Azərbaycan–Türkmənistan–Özbəkistan liderlərinin üçtərəfli görüşü xüsusi önəm kəsb edir. Prezident İlham Əliyev, Qurbanqulu Berdiməhəmmədov və Şavkat Mirziyoyevin iştirakı ilə baş tutacaq bu zirvə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında yeni strateji dəhlizin siyasi təsdiqi kimi qiymətləndirilə bilər. Əslində, Avaza görüşü təkcə üç dövlətin maraqlarının koordinasiyası deyil, həm də enerji, logistika və nəqliyyat sahələrində vahid mövqenin formalaşdırılması üçün mühüm platformadır. Xüsusilə Transxəzər marşrutu, “Xəzər–Qara dəniz beynəlxalq nəqliyyat dəhlizi” və yaşıl enerji əməkdaşlığı mövzularının bu görüşdə prioritet müzakirə olunacağı gözlənilir. Avaza formatı regionun geosiyasi xəritəsini dəyişmək gücündədir, çünki Azərbaycan tranzit, Türkmənistan enerji resursları, Özbəkistan isə böyük istehlak bazarı və logistik imkanları ilə üçtərəfli sinerji yaradır. Bu mənada Avaza zirvəsi, həm Türk dünyası daxilində inteqrasiyanın dərinləşdirilməsinə, həm də Azərbaycan–Türkmənistan ikitərəfli münasibətlərinin regional çoxşaxəli əməkdaşlıq müstəvisinə daşınmasına xidmət edir. Bakının və Aşqabadın strateji tərəfdaşlığı Avazadakı formatla yeni bir mərhələyə qalxır – ikitərəfli münasibətlər artıq üçtərəfli və çoxtərəfli regional konfiqurasiyaların aparıcı sütununa çevrilir.

Azərbaycan və Türkmənistan əməkdaşlığının beynəlxalq təşkilatlar müstəvisində sinxronluğu diqqət çəkir. Türkmənistanın irəli sürdüyü “Beynəlxalq sülh və etimad ili–2025” qətnaməsinə Azərbaycanın həmmüəllif qismində qoşulması, yaxud BMT ECOSOC-da Azərbaycanın üzvlüyünə Aşqabadın dəstəyi, bu ölkənin Bakıya verdiyi strateji önəmi göstərir. Həmçinin Türkmənistanın Azərbaycanın COP29 Sədrliyinin təşəbbüslərinə qoşulması, Bakı–Aşqabad münasibətlərini qlobal iqlim gündəliyi ilə də sinxronlaşdırır. Bu, regional əməkdaşlıqdan beynəlxalq diplomatiyaya keçidin ən bariz nümunəsidir.

Türk dünyası xətti Azərbaycan–Türkmənistan münasibətlərinin xüsusi sütunlarından biridir. TÜRKSOY çərçivəsində “2024-cü il – Maxdumquli Fəraği İli”nin elan olunmasına Azərbaycanın verdiyi dəstək, eləcə də Qəbələdə keçiriləcək TDT Dövlət başçılarının Zirvəsinə Türkmənistan prezidentlərinin dəvəti, türkdilli dövlətlər ailəsinin yeni inteqrasiya mərhələsinə işarədir. Bu, həm tarixi-mədəni bağlılıqların, həm də müasir geosiyasi koordinasiyanın göstəricisidir.

İqtisadi əməkdaşlıq münasibətlərdə mühüm yer tutur. 97 Türkmənistan kapitallı şirkətin Azərbaycanda fəaliyyət göstərməsi, qarşılıqlı Ticarət Evlərinin təşkili, biznes forumlar və sərgilər, iki ölkənin ticarət dövriyyəsini gücləndirir. SOCAR-ın Aşqabaddakı ofisinin açılması isə enerji sahəsində əlaqələrin daha da dərinləşdiyini sübut edir. Enerji əməkdaşlığı çərçivəsində svop mexanizmləri vasitəsilə Türkmən qazının Azərbaycan üzərindən dünya bazarlarına çıxışı, Xəzər regionunda Bakı və Aşqabadı strateji tranzit və enerji düyünü halına gətirir. Hətta 2024-cü ildə BTC ilə nəql olunan neftin 18 faizinin Türkmənistan və Qazaxıstana aid olması, Azərbaycanın Xəzərin qərb sahilində açar tranzit ölkə rolunu bir daha təsdiqləyir.

Nəqliyyat və logistika sahəsində əməkdaşlıq da xüsusi önəm daşıyır. “Xəzər–Qara dəniz beynəlxalq marşrutu” üzrə saziş layihəsi və Transxəzər Fiber Optik Kabel layihəsi, Azərbaycan və Türkmənistanı yalnız regionun deyil, həm də Avrasiya məkanının əsas kommunikasiya mərkəzlərinə çevirir. Bu, həm Çindən Avropaya uzanan dəmir yolu layihələri, həm də rəqəmsal transformasiya üçün mühüm əhəmiyyət kəsb edir.

Mədəni-humanitar əməkdaşlıq isə münasibətlərin sosial bazasını gücləndirir. 2025-ci ildə Türkmənistan mədəniyyət günlərinin Bakıda, 2026-cı ildə isə Azərbaycanın mədəniyyət günlərinin Aşqabadda keçirilməsi, xalqlarımız arasında təbii yaxınlığı daha da dərinləşdirəcəkdir. Bakı və Aşqabadın, eləcə də Füzuli və Arkadağın qardaşlaşması bu əlaqələrin institusional bazasının genişləndirilməsi baxımından mühüm addımdır.

Nəticə etibarilə, Azərbaycan–Türkmənistan münasibətləri çoxölçülü və sistemli bir xarakter daşıyır. İkitərəfli siyasi dialoq, iqtisadi inteqrasiya, enerji və nəqliyyat layihələri, humanitar-mədəni əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək bu münasibətləri region üçün strateji dəyərə çevirir. Ən önəmlisi isə odur ki, Azərbaycan və Türkmənistan münasibətlərinin təməli yalnız dövlət başçılarının siyasi iradəsi ilə yox, həm də xalqlarımızın tarixi dostluğu və ortaq kimlik duyğusu ilə möhkəmlənmişdir. Bu səbəbdən Bakı–Aşqabad xətti yaxın gələcəkdə həm Türk dünyasında, həm də Avrasiyada mühüm strateji oxlardan biri olaraq qalacaq.

Tural İsmayılov,
politoloq