22 avqust 2025 10:30
194

Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir - TƏHLİL

Dövlətimizin başçısı İlham Əliyev Kəlbəcər şəhər sakinləri ilə görüşündə bu hədəfi də açıqladı ki, Böyük Qayıdış Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz, onun ardınca 2023-cü ilin sentyabrında həyata keçirilən bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa edilməsi ilə yeni reallıqlar yaradan Azərbaycan hazırda azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işləri ilə dünyanın diqqətindədir. Şanlı Qələbəmizdən dərhal sonra başlanan bərpa işlərini öz daxili imkanları hesabına həyata keçirən ölkəmiz şəhərsalmanın müasir təcrübəsini təqdim edir.  Bu ilin yanvarında yerli televiziya kanallarına müsahibəsində «Qarabağın və Şərqi Zəngəzurun bərpası bizim üçün hərbi məsələlərlə bərabər ən vacib prioritetlərdən biridir. Bu il ən azı 4 milyard manat ayrılacaq. Amma mən hesab edirəm ki, biz daha çox vəsaiti səfərbər edə bilərik. Biz üç il ərzində 10 yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytara bilmişik və artıq mətbuatda da bu gedib. On mindən çox köçkün artıq evlərlə təmin edilib və orada yaşayır. Bütövlükdə 30 minə yaxın insan orada yaşayır, müxtəlif vəzifələrdə çalışırlar, inşaatda, dövlət işlərində və digər sahələrdə» söyləyən dövlət başçısı İlham Əliyev bu hədəfi də açıqladı ki, bu il üçün bizim planlarımız daha 20-yə yaxın yaşayış məntəqəsinə keçmiş köçkünləri qaytarmaqdır. O şəhər və kəndlərin adları artıq seçilib, layihələr icra edilir. 

Bu, 2025-ci il üçün müəyyənləşdirilən hədəf idi. Cari ilin ötən dövründə bu torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə, soydaşlarımızın mərhələ-mərhələ bu ərazilərə qayıdışına diqqət yetirsək qeyd etdiyimiz hədəfin artıq reallığa çevrildiyini görərik. Belə ki, avqustun 15-də Kolatağ və Vəngli kəndləri sakinlərinə qovuşdu, avqustun 21-də isə Kəlbəcər şəhəri bu sevinci yaşadı. Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  avqustun 21-də Kəlbəcər rayonuna səfəri çərçivəsində  1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşdülər. Dövlət başçısı İlham Əliyev bu hədəfi açıqladı ki, Böyük Qayıdış” Proqramı çərçivəsində birinci mərhələdə Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq.

    30 il xalqımız bu günləri böyük səbirsizliklə gözlədi. Ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası doğma  torpaqlarımıza qayıdışımıza inamı artırdı və artıq bu reallıqların şahidiyik. Cənab İlham Əliyev sözügedən görüşdə bildirdi ki, tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-dək bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. Onu da qeyd etdi ki, həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, “Fərrux”, “Qırxqız”, “Sarıbaba” əməliyyatları - bütün bunlar şanlı tariximizdir və məqsədyönlü siyasətimizin bir hissəsi idi.

Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura mütəmadi səfərləri  bərpa-quruculuq işləri ilə tanışlıqla bərabər, yeni sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu baxımdan avqustun 21-də azad Qarabağa səfər çərçivəsində Kəlbəcər və Ağdərə rayonlarında açılışında və təməlqoyma mərasimlərində iştirak etdiyi, həmçinin görülən işlərlə tanış olduğu sosial obyektlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Belə ki, dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunda görülən işlərlə tanış oldular.  Dövlətimizin başçısı bu yolun 13,5-ci kilometrliyində inşa edilmiş və uzunluğu 11,7 kilometr olan Murovdağ tunelinin texniki açılışını etdi. Qeyd edək ki, dövlətimizin başçısının tapşırığına əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən ən mühüm infrastruktur layihələrindən biri də uzunluğu 82 kilometr olan Toğanalı-Kəlbəcər-İstisu avtomobil yoludur. Bu yolun 56 kilometrini Toğanalı-Kəlbəcər hissəsi, 26 kilometrini isə Kəlbəcər-İstisu hissəsi təşkil edir. Avtomobil yolunun 13,5-ci kilometrliyindən Murovdağ silsiləsi başlayır. Beləliklə, yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 1700 metrdən 3250 metrədək artır. Qış fəslində avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi məqsədəuyğun hesab edilib. Murovdağ tuneli dünyanın ən uzun avtomobil tunellərindən biridir. Belə ki, uzunluğuna görə bu tunel dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə birincidir. Tunel iki gediş və iki gəliş olmaqla 4 hərəkət zolaqlı olacaq. Tuneldə qazma, həmçinin sağ və sol hissələri birləşdirən 38 keçid tuneli üzrə işlər artıq başa çatdırılıb. Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilir. Bu tunellərdə əsas tikinti işləri, o cümlədən qazma, kəmər-beton və digər texniki işlərin çoxu artıq yekunlaşdırılıb. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 87 faizi icra olunub. Bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.

Belə çətin coğrafi şəraitdə bu cür strateji əhəmiyyətə malik layihənin icrası bir daha sübut edir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunmuş rayonlarımızın qısa müddətdə bərpası, o cümlədən həmin bölgələrimizdə müasir yol-nəqliyyat infrastrukturunun yaradılması Azərbaycan dövlətinin diqqət mərkəzindədir.

Cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Kəlbəcər şəhərində 4-cü yaşayış kompleksinin təməlqoyma mərasimində, Kəlbəcər rayonunun Vəng kəndində “AzərEnerji” ASC-nin “Aşağı Vəng”, “Nadirxanlı” və “Çaykənd” kiçik su elektrik stansiyalarının açılışında iştirak etdilər, Ağdərə rayonunun Kolatağ kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış oldular, Ağdərə rayonunun Vəngli kəndində Vəngli və Kolatağ kəndlərinin sakinləri ilə görüşdülər. Dövlətimizin başçısı Kəlbəcər şəhər parkının, Kəlbəcər şəhərində 3-cü yaşayış kompleksinin təməlini qoydu, “Balland – Kəlbəcər balı, arı və arıçılıq məhsulları mağazası”nın açılışında iştirak etdi.

Kəlbəcər şəhərində 1-ci yaşayış kompleksinin ərazisində fərdi və çoxmərtəbəli evlərdə yaradılan şəraitlə tanış olub, buraya köçən sakinlərlə görüşündə dövlət başçısı İlham Əliyev bir daha diqqəti 30 illik işğal dövrünün reallıqlarına yönəldərək müxtəlif ölkələr tərəfindən vaxtilə Ermənistana pulsuz silah verilməsinin məqsədini də açıqladı. Qeyd etdi ki, İkinci Qarabağ müharibəsi və antiterror əməliyyatı nəticəsində məhv etdiyimiz və hərbi qənimət kimi götürdüyümüz Ermənistan ordusuna xaricdən verilən silahların qiyməti təqribən 5-6 milyard dollar dəyərindədir. Təbii ki, Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi. Bütün bu silahlar onlara pulsuz verilirdi, bir məqsədlə ki, işğal davam etsin, bir məqsədlə ki, azərbaycanlılar heç vaxt öz dədə-baba torpaqlarına qayıtmasınlar, bir məqsədlə ki, Ermənistanla Azərbaycan arasında bu münaqişə sülh yolu ilə həll olunmasın.

   İkinci Qarabağ müharibəsi və ondan sonra antiterror əməliyyatı ərazi bütövlüyümüzün, suverenliyimizin tam bərpa edilməsinə gətirib çıxardı, separatçıların kökü kəsildi. İndi hər yerdə quruculuq, bərpa işləri aparılır. Dövlətimizin başçısı İlham Əliyev daim çıxışlarında bildirir ki, Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq. Buranın təbiəti, gözəl mənzərələri, yaşıllıqlar, bulaqlar müasir və eyni zamanda, ənənəvi üslubda inşa edilən binalarla tamamlanır. Elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək. Ümumiyyətlə, ilin elə bir ayı yoxdur ki, dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə səfəri olmasın. Bu səfərlərin hər biri Böyük Qayıdış Proqramının icrasının uğurla başa çatacağına, soydaşlarımızın bütünlüklə öz doğma yurd-yuvalarına qayıdacaqlarına əminliyi artırır. Əsas hədəf Böyük Qayıdış Proqramının icrasının birinci mərhələsi başa çatanadək 140 min keçmiş məcburi köçkünü doğma yurd-yuvasına qaytarmaqdır. Bu fakt ölkəmizin ildən-ilə artan iqtisadi gücünün daha bir göstəricisidir. Hazırda Qarabağda və Şərqi Zəngəzurda ora köçürülən keçmiş məcburi köçkünlərlə yanaşı, bu bölgələrdə reallaşdırılan layihələrin icrasında çalışan, həmçinin ayrı-ayrı dövlət qurumlarının yerli bölmələrində xidməti vəzifələrini yerinə yetirən, yenidən fəaliyyətə başlamış səhiyyə, təhsil, mədəniyyət, turizm, sənaye, energetika müəssisələrində işləyən, ümumilikdə, 50 minə yaxın insan yaşayır.

Böyük Qayıdışdan bəhs edərkən bu mühüm məqamı xüsusi qeyd etməliyik ki, bu qayıdış Cocuq Mərcanlıdan başladı. Məhz Ulu Öndər Heydər Əliyevin qətiyyəti və siyasi iradəsi sayəsində 1993-cü ilin dekabrından 1994-cü ilin yanvarına qədər davam edən və Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılmış uğurlu Horadiz əməliyyatı nəticəsində Füzuli rayonunun bu qəsəbəsi ilə yanaşı, 20 kəndi, həmçinin Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edildi. Lakin təhlükəsizlik baxımından uzun müddət məskunlaşmanın qeyri-mümkün olduğu bu kənd 2016-cı ildə Prezident İlham Əliyevin tarixi xidmətləri sayəsində ikinci həyatını yaşamağa başladı. Buna 2016-cı ilin aprelində qəhrəman Azərbaycan Ordusunun düşmənin təxribatına layiqli cavab verməsi və strateji əhəmiyyətli Lələtəpə yüksəkliyini azad etməsi nəticəsində nail olundu. Ağdərənin, Cəbrayılın, Füzulinin işğaldan azad olunmuş ərazilərində Azərbaycan Bayrağı dalğalandı. Aprel döyüşlərində qazanılan qələbədən sonra Cocuq Mərcanlı kəndində təhlükəsiz yaşayışın bərpa edilməsinə, məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılmasına əlverişli şərait yarandı. Cənab İlham Əliyev 2017-ci ildə «Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası haqqında» Sərəncam imzaladı. Ərazinin minalardan təmizlənməsindən sonra bu kənddə böyük quruculuq işlərinə başlandı. Dövlətimizin başçısının xüsusi diqqət və qayğısı sayəsində həyata keçirilən bərpa işləri uğurla başa çatdı və Cocuq Mərcanlı öz sakinlərini qarşıladı.

Artıq beş ildir Böyük Qayıdışdan qürurla bəhs edirik. Hədəfə doğru atılan addımların uğurlu nəticəsi göz önündədir. Bu ərazilərin bərpası, yenidən qurulması müasir tələblər səviyyəsində həyata keçirilir, soydaşlarımızın gələcəkdə burada yüksək rifah şəraitində yaşayışı üçün bütün zəruri addımlar atılır. Dövlət başçısı İlham Əliyev hər zaman hədəflərdən bəhs edərkən bildirir ki, bu ərazilərdə yüksək yaşayışın təmin edilməsi üçün bütün zəruri addımlar atılacaq. Prezident İlham Əliyev ötən il  Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi Aşıq Ələsgərin abidəsinin açılış mərasimində çıxışı zamanı xalqımızın əyilməz ruhunu belə ifadə etmişdir: «Bu gün biz Azərbaycan xalqının əyilməz ruhunu Qarabağa və Şərqi Zəngəzura qayıdan soydaşlarımızın timsalında görürük. O torpaqları heç vaxt görməyən Qarabağdan, Şərqi Zəngəzurdan olan soydaşlarımız həvəslə, səbirsizliklə o qayıdış gününü gözləyirlər, Böyük Qayıdış proqramının icrasını səbirsizliklə gözləyirlər. Əslində, bu proqram artıq icra edilir. Heç vaxt o torpaqlarda yaşamamış, amma o torpaqlara qayıtmaq eşqi ilə yaşamış qarabağlılar bu gün Qarabağa qayıdırlar.»

  Azad edilmiş ərazilərimizə qayıdışın miqyası genişləndikcə bu torpaqların malik olduğu  iqtisadi imkanlardan səmərəli istifadənin prioritetliyi məsələsi daha da aktuallaşır. Sakinlərin məşğulluq problemlərinin həlli əsas hədəflər sırasındadır. Nəzərə alaq ki, tarixi Zəfərimizdən sonra ilk olaraq sakinlərinə qovuşan «ağıllı kənd» layihəsinin ilk iştirakçısı Ağalı kəndi oldu. Bu nöqteyi-nəzərdən  işğaldan azad edilmiş rayonlarda torpaqların istifadəyə verilməsi prosesinə də ilk dəfə Zəngilan rayonunun Ağalı kəndindən start veriləcək. Ağalıda kənd təsərrüfatı təyinatlı torpaqların əkin məqsədilə istifadəyə verilməsi yerli əhalinin məşğulluq səviyyəsini artıracaq. Bu, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalını artıraraq, yerli iqtisadiyyatı canlandıracaq. Əkinçilik fəaliyyəti torpaqların daha məhsuldar istifadəsini təmin etməklə, əkin sahələrinin genişlənməsinə və məhsul istehsalının artırılmasına səbəb olur. Əkin məqsədli torpaqların istifadəyə verilməsi qida təhlükəsizliyini təmin etmək baxımından əhəmiyyətlidir. Yaxşı idarə olunan kənd təsərrüfatı fəaliyyətləri yerli qida istehsalını artırır və xaricdən asılılığı azaldır. Bu, ölkə daxilində istehsal olunan qida məhsullarının təklifini artıraraq, daha keyfiyyətli və əlverişli qiymətlərlə yerli əhaliyə təqdim edilməsini təmin edir.

  Azad edilmiş ərazilərimizin hər biri özünəməxsus imkanlara malikdir. Onlardan səmərəli istifadə etməklə həm bu ərazilərdə yaşayan soydaşlarımızın  sosial müdafiəsini gücləndirmək mümkündür, eyni zamanda, Azərbaycanın dayanıqlı inkişafına davamlı töhfələrin veriləcəyi qaçılmazdır. Tarixi Zəfərimizdən dərhal sonra iqtisadi rayonların  bölgüsünün yenidən aparılması ilə bağlı Fərman imzalanmasında, «Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər»in təsdiqlənməsi və sair kimi biri-birindən mühüm addımların atılmasında da məqsəd bu bölgənin  imkanlarından səmərəli istifadə etməkdir. Artıq neçə illərdir dövlət başçısı İlham Əliyev ənənəvi kənd təsərrüfatı sahələrinin inkişaf etdirilməsini qarşıya prioritet məsələ kimi qoyub. Bununla bağlı rayonlara görə ixtisaslaşma həyata keçirilib. Azad edilmiş ərazilərimizi də bu ixisaslaşmış ərazilərimiz sırasında qeyd edə bilərik. 30 illik işğal dövründə Ermənistan bu torpaqlarımızın mövcud imkanlarından bəhrələnərək özünün iqtisadi vəziyyətini yaxşılaşdırmağa çalışmışdı.

Göründüyü kimi, dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsasında azad edilmiş ərazilərimizin bərpası, soydaşlarımızın bu torpaqlara qayıdışı və yeni həyatın başlanması dayanır. Suverenliyimizin bərpasından sonra Xocalının, Ağdərənin  sakinlərinə qovuşması üçün ilk addımların atılması, yaxın zamanlarda bu ünvanlar sırasında Xankəndi şəhərinin də yer alacağının bildirilməsi  dövlətimizin qətiyyətinin bariz nümunəsidir. Qısa müddətdə bu torpaqlara qayıdışı reallaşdırmaq böyük iqtisadi gücün, xalqımızın yenilməzliyinin təqdimatıdır. Dövlət başçısı İlham Əliyevin yeni dövrə qədəm qoyan Azərbaycanın reallıqlarından bəhs edərkən böyük qürur hissi ilə qeyd etdiyi kimi,  biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik!

«Mən müharibə başa çatandan dərhal sonra demişəm ki, biz Qarabağı cənnətə çevirəcəyik» söyləyən Prezident İlham Əliyev onu da bildirir ki,  əslində, onsuz da bura öz təbii quruluşuna, gözəlliyinə görə cənnətdir. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq - bura doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək. Bura çox böyük coğrafiyadır. Həm Qarabağ, həm Şərqi Zəngəzur və eyni zamanda, ona o qədər də uzaq olmayan Naxçıvan Muxtar Respublikası iqtisadi, sosial, yaşıl enerji və təhlükəsizlik nöqteyi-nəzərdən vahid  böyük məkana çevrilməlidir. Halbuki bu bizim bölgüyə görə üç regiondur. Amma eyni zamanda, bir-birinə tarixən bağlı olan bu bölgələr hazırda vahid konsepsiya əsasında inkişaf edir. Qarabağ və Şərqi Zəngəzurdakı bütün yaşayış məntəqələri vahid Baş plan əsasında qurulur. Bu, bir nümunə olacaq. Sonra biz bunu ölkəmizin digər bölgələrinə də tətbiq edəcəyik. Yəni, orada həm idarəetmə, həm infrastruktur, həm də yaşıl enerji layihələri bütün ölkəni əhatə edəcək. Bax, bizim planlarımız bundan ibarətdir. 

Dövlət başçısı İlham Əliyev Kəlbəcər sakinləri ilə görüşündə də  “Kəlbəcər şəhəri indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir” söyləyərək onu da əlavə etdi ki, indi Kəlbəcər şəhərində gözəl məktəb tikilir və gələn il istifadəyə veriləcək.  Bu gün ölkəmizin ən böyük rayonu olan Kəlbəcərin və onun şəhərinin artıq canlandığını, buraya həyatın qayıtdığını vurğulayan dövlətimizin başçısı bu əminliyi ifadə etdi ki,  siz burada rahat yaşayacaqsınız.

Ölkə Prezidenti, eyni zamanda, diqqəti hazırkı dövrün əsas müzakirə mövzusu olan sülh müqaviləsinin imzalanması prosesinə də yönəltdi. “Ermənistan-Azərbaycan normallaşması prosesi demək olar ki, başa çatıb və imzalanmış sənədlər bizim maraqlarımızı tam təmin edir” bildirən cənab İlham Əliyev qeyd etdi ki, biz istədiyimizə nail olmuşuq, mənfur Minsk qrupu artıq son günlərini yaşayır. Faktiki olaraq o, heç bir fəaliyyət göstərmirdi və göstərə də bilməzdi. Ancaq hüquqi cəhətdən mövcud idi, indi onun da sonu yaxınlaşır. Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Azərbaycan-Ermənistan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. O da vurğulandı ki, artıq Zəngilana qədər dəmir yolunun inşası uğurla davam edir, yəqin ki, gələn il başa çatacaq: «Biz indi Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik. Ermənistan ərazisində də dəmir yolunun tikintisi nəzərdə tutulur. Yəni, Ermənistan bu öhdəliyi də üzərinə götürüb və bu, bizim növbəti tarixi uğurumuzdur”.»

Beləliklə, Kəlbəcər rayonu da öz doğma sakinlərini qarşıladı. Hər bir qayıdış ölkəmizin dayanıqlı inkişafına böyük töhfədir. Bu baxımdan ki, soydaşlarımız həmin bölgələrin malik olduğu potensialdan səmərəli istifadə edərək iqtisadiyyatımızın inkişafına dəstək olacaqlar.

Yeganə Əliyeva, "İki sahil"