22 avqust 2025 12:01
101

2025-ci ilin mövcud iqtisadi uğurları və perspektivləri

Hansı sahə daha çox inkişaf edib?

Bu ilin birinci yarısında ölkə iqtisadiyyatı uğurlu göstəricilərlə zəngindir. Artıq 2025-ci ilin yanvar-iyul aylarının statistik göstəriciləri mövcuddur və iqtisadiyyatın bir çox sahələrində  inkişaf tendensiyası açıq-aydın görünməkdədir. İndi sizlərə həmin uğurlu göstəriciləri təqdim edirik.

KOB subyektlərinin dövriyyəsi 10%-ə yaxın artıb

Sahibkarlığın inkişafı sahəsində ölkəmizdə həyata keçirilən məqsədyönlü dövlət siyasəti, KOB-lara göstərilən dəstək tədbirləri və təşviqlər öz müsbət nəticəsini verir. 2024-cü ildə əvvəlki illə müqayisədə sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən və dövriyyəsi artan KOB subyektlərinin sayı çoxalıb.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin məlumatına görə, belə ki, 2023-cü illə müqayisədə ötən il sahibkarlıq subyektlərinin bölgüsü meyarlarına uyğun olaraq böyüyən KOB-ların sayı 14%-ə yaxın artıb. KOB subyektlərinin dövriyyəsi isə əvvəlki illə müqayisədə 2024-cü ildə 10%-ə yaxın artaraq 48 mlrd. manatdan çox olub. Hər iki göstərici üzrə artım KOB-ların sahibkarlıq fəaliyyəti üçün yaradılan imkanlardan və ölkədəki əlverişli biznes mühitindən səmərəli istifadə edərək davamlı inkişafının və iqtisadiyyatda payının yüksəlməsinin göstəricisidir.

Qeyd edək ki, Azərbaycanda sahibkarların 99%-dən çoxunu KOB subyektləri təşkil edir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli Qərarı ilə təsdiq olunmuş «Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları»na uyğun olaraq sahibkarın mikro, kiçik, orta və iri sahibkar olduğu işçilərin orta siyahı sayı və illik gəliri əsasında müəyyən edilir. Mikro sahibkar işçilərinin sayı 10-dək, illik gəliri 200 min manatadək olan sahibkardır. İşçilərinin sayı 11-50 arasında, illik gəliri 3 milyon manatadək olan sahibkar kiçik sahibkar hesab olunur. Orta sahibkar işçilərinin sayı 51-250 arasında, illik gəliri isə 3-30 milyon manat arasında olan sahibkardır.

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir

Azərbaycanda dənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. Dövlət Statistika Komitəsinin məlumatına görə, avqustun 12-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 939,1 min hektar sahənin 924,4 min hektarı və yaxud 98,4 faizi biçilərək məhsulu yığılıb. Sahələrdən 2 milyon 971,8 min ton məhsul toplanılıb, məhsuldarlıq 32,1 sentner olub. Məhsulun 1 milyon 582,8 min tonunu və yaxud 53,3 faizini buğda, 1 milyon 349,9 min tonunu və yaxud 45,4 faizini arpa, 39,1 min tonunu və yaxud 1,3 faizini isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil edib.

26 rayonda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. 30 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib, digərlərində isə biçinin aparılması səviyyəsi 90 faizdən aşağı olub.

Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,6), Samux (43,1), Salyan (42,3), Bərdə (42,2), Ağdam (41,8), Tovuz (40,9), Saatlı (40,2), Tərtər (39,7) və İmişli (39,5) rayonlarında qeydə alınıb.

Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (229,8 min ton), Şəki (173,2 min ton), Ağcabədi (154,3 min ton), Füzuli (138,9 min ton), Kürdəmir (121,5 min ton), Hacıqabul (107,5 min ton), Biləsuvar (98,0 min ton) və İsmayıllı (95,7 min ton) rayonlarında müşahidə olunub.

Azərbaycanda meyvə-tərəvəz və tütün məmulatları istehsalı artıb

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanda 564,2 milyon manatlıq tütün məmulatları istehsal olunub ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz çoxdur.

Dövlət Statistika Komitəsinin məlumatına görə, dövr ərzində 9 072,1 milyon siqaret və siqarlar istehsal olunub. Bu sahədə 9,7 faizlik artım qeydə alınıb. Ümumilikdə, ölkədə 1 118,6 ton tütün istehsal olunub. Hazır məhsul ehtiyatı 518,8 ton təşkil edib.

Həmçinin 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycandan 505,95 milyon dollar dəyərində 490,2 min tondan çox meyvə və tərəvəz ixrac edilib. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 31,82 faiz və ya 122 114,43 min dollar, həcmi isə 33,03 faiz və ya 121 683,41 ton artıb.

Cari ilin ilk 7 ayında tərəvəz və meyvələrin ümumi ixracda xüsusi çəkisi 3,3 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 24,25 faizə bərabər olub.

17,03 milyon dollar dəyərində 7,2 min tondan çox pambıq ipliyi ixrac olunub

2025-ci ilin yanvar-iyul aylarında ölkədən 17,03 milyon dollar dəyərində 7,2 min tondan çox pambıq ipliyi ixrac olunub. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu, 2024-cü ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 18,22 faiz, həcm olaraq 28,23 faiz çoxdur.

Hesabat dövründə bu məhsulun ümumi ixracda xüsusi çəkisi 0,11 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 0,82 faizə bərabər olub.

Qida məhsullarında da artım reallaşıb

Bu ilin yanvar-iyul aylarında ölkədə 3013,3 milyon manatlıq qida məhsulları istehsal olunub ki, bu da ötən ilin eyni ayının göstəricisini 10,6 faiz üstələyir. Dövlət Statistika Komitəsinin hesabatına əsasən, ən yüksək artım templəri makaron məmulatları – 8 792,7 ton (+2,6 dəfə), şəkər və qənd – 204,2 min ton (+25,9 faiz), şəkərli qənnadı məmulatları – 5 220,7 ton (+12,9 faiz) və meyvə şirələri – 2,508 milyon dkl (+1 faiz) istehsalı sahəsində qeydə alınıb.

26 hərracda 4 səhmdar cəmiyyət, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsi sahəsində işlər davam edir. Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 2025-ci ilin yanvar-iyul ayları ərzində 26 hərrac keçirilib. Hərraclarda 4 səhmdar cəmiyyətinin səhm paketi, 1 kiçik dövlət müəssisəsi, 500 nəqliyyat vasitəsi özəlləşdirilib.

Cari ilin yanvar-iyul ayları ərzində özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 86 milyon manat təşkil edib.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-iyul ayları ərzində 406-sı qeyri-yaşayış, 2.068-i torpaq sahələri üzrə olmaqla 2.474 yeni icarə müqaviləsi bağlanılıb. Hesabat dövrü ərzində daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 26,9 milyon manat vəsaitin ödənilməsi təmin olunub.

Beləliklə, 2025-ci ilin yanvar-iyul ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə ümumilikdə 112,9 milyon manat vəsait daxil olub.

Bu ilin sonunadək 16 mindən çox işsiz və işaxtaran vətəndaş özünüməşğulluq proqramına cəlb olunacaq

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Məşğulluq tədbirləri departamentinin müdiri Pərviz Bənnalı deyib. Onun sözlərinə görə, indiyədək həmin proqrama 98 minə yaxın şəxs cəlb edilib.

“Özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı, istehsal və xidmət sahələrini əhatə etməklə, ümumilikdə 32 zərf təklif edilir. Təklif olunan zərflər içərisində ən çox müraciət edilən isə kənd təsərrüfatı istiqaməti üzrə “Maldarlıq” və “Qoyunçuluq təsərrüfatı” zərfləridir. İstehsal və xidmət istiqamətlərində isə “Kiçik dərzi sexi”, “Un məmulatları istehsalı”, “Qadın gözəllik salonu” və “Avtoçilingər xidmətləri” zərflərinə müraciət edənlərin sayı daha çoxdur.

Özünüməşğulluq proqramının əhatə dairəsi genişdir və ölkənin hər bir bölgəsindən proqrama müraciətlər qeydə alınır. Müraciətlərin ən çox olduğu rayonlara gəldikdə isə təkcə bu ilin ötən dövrü üzrə ən yüksək müraciət Abşeron, Sabunçu, Xəzər, Bərdə və Şəmkir rayonları üzrə olub”, – deyə o qeyd edib.

Azərbaycanın strateji valyuta ehtiyatları 2025-ci ilin birinci yarısında daha 9,4% artıb

Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) «Pul Siyasəti İcmalı»nda bildirilir. O cümlədən Mərkəzi Bankın valyuta ehtiyatları iyun ayının sonuna 11,2 milyard dollara bərabər olub.

2025-ci ilin yanvar-iyun aylarında ölkənin strateji valyuta ehtiyatları beynəlxalq qəbul edilmiş kifayətlilik normalarını üstələmişdir. Belə ki, 2025-ci ilin iyun ayının sonuna ölkənin strateji valyuta ehtiyatları 36 aylıq mal və xidmət idxalına kifayət etmişdir (2025-ci ilin I rübü üzrə mal və xidmət idxalı nəzərə alınmaqla). Strateji ehtiyatlar manatla pul kütləsini (M2) 3,6 dəfə üstələyib.

Cari ilin birinci yarısında kənd təsərrüfatı məhsullarında da artım qeydə alınıb

2025-ci ilin yanvar-iyul ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8204,5 milyon manat təşkil edib ki, onun da 4 069 milyon manatı heyvandarlıq, 4 135,5 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

Dövlət Statistika Komitəsinin məlumatına görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 0,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1,1 faiz artıb, bitkiçilik məhsulları istehsalı isə 0,4 faiz azalıb.

Elçin Zaman, «İki sahil»