21 avqust 2025 10:00
152

FHN küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Fövqəladə Hallar Nazirliyi (FHN) küləkli hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.

“İki sahil” xəbər verir ki, müraciətdə qeyd edilib:

Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq avqustun 22-dək ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişərək güclü külək əsəcəyi, bəzi rayonlarda leysan xarakterli yağış yağacağı və şimşək çaxacağı proqnozlaşdırılır.

Qeyd olunanları nəzərə alaraq, Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bundan əlavə, Fövqəladə Hallar Nazirliyi çimərliklərə üz tutan vətəndaşlara müraciət edərək küləkli hava şəraitində dənizə girməyin təhlükəli olduğunu xatırladır və müvafiq təhlükəsizlik qaydalarına ciddi riayət olunmasının zəruriliyini bildirir.

Eyni zamanda, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!