Milli Məclisdə Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə olunur.
“İki sahil” xəbər verir ki, məsələ Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 27-də keçirilən iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsi aşağıdakıları nəzərdə tutur:
- əmtəə təyinatlı yüklərin qanunvericiliklə müəyyən edilmiş qaydada elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə daşınaraq təqdim edilməsi hallarının aşkar edilməsi operativ vergi nəzarəti tədbirlərindən biri qismində müəyyən edilir;
- elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən əmtəə təyinatlı yüklərin vergi ödəyicisinə təqdim edilməsinə görə təqdim edilmiş malların ümumi dəyərinin 2 faizi məbləğində maliyyə sanksiyası nəzərdə tutulur;
- avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyətini həyata keçirən şəxslər gəlir (mənfəət) vergisindən 3 il müddətinə 50 faiz həcmdə azad edilir;
- avro-6 ekoloji normalarına cavab verən və istehsal tarixindən 7 (yeddi) ildən artıq müddət keçməyən dartıcıların, habelə istehsal tarixindən 7 (yeddi) ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı 3 il müddətinə ƏDV-dən azad edilir;
- istehsal tarixindən 7 (yeddi) ildən artıq müddət keçməyən qoşquların və yarımqoşquların idxalı 3 il müddətində gömrük rüsumundan azad edilir.
Layihənin məqsədləri aşağıdakılardır:
- elektron əmtəə-nəqliyyat qaiməsi tərtib edilmədən avtomobil nəqliyyatı ilə əmtəə təyinatlı yüklərin təqdim edilməsinin qarşısının alınması;
- avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları sektorunun rəqabət qabiliyyətliliyinin artırılması;
- beynəlxalq yük daşımalarında istifadə olunan avtomobil nəqliyyatı vasitələri parkının yenilənməsi.
Layihənin tətbiqi nəticəsində gözlənilən nəticə:
- elektron əmtəə-nəqliyyat qaiməsi əmtəə təyinatlı yükləri təqdim edən tərəfindən tərtib edilərək daşınması həyata keçiriləcək və nəzarət güclənəcək, habelə əmtəə təyinatlı yüklərin daşınması və alqı-satqısı sahəsində şəffaflaşma baş verəcək;
- avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları həyata keçirən milli daşıyıcıların rəqabət qabiliyyətliliyi, bazar payı, habelə onların xidmətlərinin ixracı artacaq;
- beynəlxalq yük daşımalarında istifadə olunan avtomobil nəqliyyatı vasitələri parkı yenilənəcək;
- beynəlxalq yük daşımalarında istifadə olunan yeni avtomobil nəqliyyatı vasitələrinin alınması və istismarı ilə əlaqədar iqtisadi dövriyyə artacaq, əlavə sürücü və texniki heyət işə cəlb ediləcək, əməkhaqqı fondu və sosial sığorta ödənişləri artacaq, yanacaq, təmir, sığorta və digər əlaqəli xidmətlər üzrə iqtisadi aktivlik genişlənəcək;
- avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları sahəsində investisiya imkanları genişlənəcək;
- ölkənin beynəlxalq yük daşımaları bazarında mövqeyi güclənəcək.