18,5 trilyon dollarlıq ÜDM-lə dünyanın ikinci ən güclü iqtisadiyyatına malik ölkə ilə əməkdaşlığımız yeni iqtisadi dividendlər deməkdir
Dünyanın fövqəlgüc dövlətlərindən biri olan Çin Xalq Respublikası bu gün 18,5 trilyon dollarlıq ümumi daxili məhsulla (ÜDM) ABŞ-dən sonra dünyanın ikinci ən güclü iqtisadiyyatına sahibdir. Düzdür, elə mənbəyini Çindən götürən COVID-19 pandemiyası zamanı bu ölkənin iqtisadiyyatında ciddi geriləmələr olsa da postpandemiya dövründə iqtisadi inkişaf yenidən bərpa edildi. Xüsusilə 2025-ci ilin birinci rübündə iqtisadi böyümə əvvəlki illə müqayisədə gözləntini üstələyərək 5,4 faiz təşkil etdi. Burada önəmli bir məsələyə diqqət yetirmək lazımdır ki, son iki ildə ölkəmizin Çinlə iqtisadi əməkdaşlığı genişlənməyə başlayıb. Belə ki, geridə qoyduğumuz ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 milyard ABŞ dollarını ötüb ki, bu da əvvəlki illə müqayisədə 20,7 faiz artım deməkdir. Çin xarici ticarət dövriyyəmizdə 7,9 faiz payla 4-cü ən böyük ticarət tərəfdaşımızdır. İdxalımızın 17,7 faizi məhz bu ölkənin payına düşüb. Bir sözlə, Çin Azərbaycanın xarici ticarət dövriyyəsində 4-cü, idxalda isə 1-ci yerdə qərarlaşıb.
Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcmi 2024-cü ildə 378 min ton olub ki, bu da 2023-cü illə müqayisədə 86 faiz çoxdur. Bu isə o deməkdir ki, Azərbaycanı get-gedə regionun nəqliyyat habına çevrir. 2024-cü ildə Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhliz vasitəsilə 287 marşrut qatarı yola salınıb. Nəqliyyat dəhlizlərinin genişləndirilməsi və elektron xidmətlərdən daha çox istifadə edilməsi ilə bağlı işlər sürətləndirilib, Şərq-Qərb nəqliyyat dəhlizi ilə yanaşı, Şimal-Cənub xəttinin də ötürmə imkanları artırılıb. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin ötürmə potensialı isə 1 milyondan 5 milyon tona çatdırılıb. Bütün bunlar Azərbaycanın geosiyasi və geoiqtisadi mövqeyinin daha da güclənməsindən xəbər verir..
Xatırladaq ki, 2013-cü ildə Çin ölkə iqtisadiyyatını sürətləndirəcək «Kəmər və yol» layihəsinə start verdi. Azərbaycan bu layihəni dəstəkləməklə bərabər, onun reallaşmasında aparıcı iştirakçıya çevrilib. Yəni, Çinin sürətli inkişafı coğrafi baxımdan sərhədlərinə sığmır, yəni bu ölkə genişlənməyə məcburdur. Təbii ki, Çinə etibarlı tərəfdaş lazımdır və bu baxımdan Azərbaycan onun üçün həm etibarlı, həm də strateji baxımdan əvəzolunmaz bir tərəfdaşdır. Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Çinlə birləşdirən etibarlı marşrut, yəni Orta Dəhliz bu əməkdaşlığın mühüm komponentidir.
İqtisadçıların fikrincə, ölkəmizin coğrafi mövqeyi Çinin Avropa ilə iqtisadi əlaqələrini Azərbaycan üzərindən reallaşdırmasına imkan verir ki, bu da nəticə etibarilə Azərbaycanın da bu iqtisadi əlaqələrdən faydalanacağı anlamına gəlir. Çinin Avropa ilə ticarət əlaqələri 800 milyard dolların üzərindədir. Belə bir geniş və gəlirli ticarəti hesaba alsaq aydın görünər ki, Azərbaycan niyə Çinlə ticarət və iqtisadi əməkdaşlığa daha çox önəm verir.Hazırda ölkəmizdə infrastruktur potensialı davamlı olaraq sağlamlaşdırılır. Məsələn, Orta Dəhlizin önəmli komponenti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 15 milyon ton yükaşırma qabiliyyətinə malikdir. Bakı-Tbilisi–Qars (BTQ) dəmir yolunun yükdaşıma imkanı isə 5 milyon tona çatdırılıb. Məhz qurulan infrastruktur Çinə öz yüklərini Azərbaycan üzərindən təhlükəsiz şəkildə daşımağa imkan yaradır.
Xüsusi vurğulamaq lazımdır ki, Çin Ələt Azad İqtisadi Zonasına geniş maraq göstərir. 2025-ci ilin aprelində Prezident İlham Əliyevin Çinə səfəri zamanı imzaladığı sənədlər isə buranın beynəlxalq investisiya platformasına çevrilməsi prosesini sürətləndirib və texnologiya transferini təşviq etməyə yönəlib. Bundan başqa, Çinə vizasız səyahət də investisiya imkanlarını artıra bilər. Viza rejiminin ləğv edilməsi çinli investorların ölkəmizə ayaq açmasına və investisiya qoyuluşuna münbit şərait yaradacaq, azərbaycanlı sahibkarlar və iş adamları da Çinlə daha rahat əlaqələr qura biləcəklər. Xüsusilə Çinlə vizasız rejim ölkəmizdə kənd təsərrüfatının da inkişafına öz təsirini göstərəcək. Bu yenilik Azərbaycanın kənd təsərrüfatı məhsullarının geniş bir bazara daha asan çıxışını təmin edəcək. Artıq azərbaycanlı sahibkarlar Çində təşkil olunan sərgilərə, işgüzar danışıqlara və digər məsələlərlə bağlı bu ölkəyə viza almadan gedə biləcəklər ki, bu da idxal çeşidini zənginləşdirməyə töhfə verəcək. Bütün deyilənlər Zəngəzur dəhlizi ilə bağlı yüksək gözləntilər formalaşdırır. Bir sözlə, Çinlə inkişaf etdirilən əlaqələr ölkəmizin logistik mərkəz statusunu daha da möhkəmləndirir və paralel olaraq, Çin texnologiyalarının Azərbaycana ayaq açmasına yeni imkanlar yaradır.
Bundan başqa Çin dünyada ən çox turist göndərən ölkələrdən biridir. 2023-cü ildə xaricə 87 milyon nəfər səfər edib. Bu axının bir hissəsini Azərbaycana yönləndirmək artıq real görünür. Çin 25 ölkə ilə qarşılıqlı vizasız gediş-gəlişlə bağlı sənəd imzalayıb. Azərbaycan isə belə imkandan yararlanan 26-cı ölkə olub. Ekspertlərə görə, bu addım Pekinin Azərbaycana strateji etimadı kimi də qəbul edilə bilər.
Elçin Zaman, «İki sahil»