13 avqust 2025 12:29
174

Xırdalan, Qaraçuxur və Maştağada oğurluq edən şəxslər saxlanılıblar

Abşeron rayonunda talama cinayəti qeydə alınıb.

“İki sahil” xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, naməlum şəxslər Xırdalan şəhərində yerləşən marketlərin birindən 544 manat oğurlayıblar.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən 40 yaşlı İ. Qədirov və 42 yaşlı E. Axundov müəyyən olunaraq saxlanılıblar.

Suraxanı rayonunun Qaraçuxur qəsəbə sakini isə polisə müraciət edərək evindən 2 min 400 manat dəyərində qızıl-zinət əşyasının talandığını bildirib. Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri ilə cinayət əməlini törətməkdə şübhəli bilinən 33 yaşlı Ş.Rüstəmov saxlanılıb.

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində yerləşən evlərin birindən isə 6 min manat oğurlanıb. Bu barədə zərərçəkən polisə məlumat verib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə talama cinayətini törətməkdə şübhəli bilinən 37 yaşlı Ş.Hüseynova müəyyən olunaraq saxlanılıb.

Hər üç faktla bağlı araşdırma aparılır.