Oftalmoloq: Göz müayinəsi gecikdirilməməlidir, çünki bəzi xəstəliklər simptomsuz irəliləyir
Gözlər yalnız görmək üçün deyil, həm də həyatın ən incə anlarını qavramaq, dünyanı hiss etmək üçün ən önəmli orqanlarımızdır. Onların sağlamlığı isə həm gündəlik fəaliyyətimizə, həm də ümumi həyat keyfiyyətimizə birbaşa təsir edir. Bu həssas sahədə çalışan oftalmoloq Zərnişan Bəylərova ilə söhbətimizdə, görmə problemlərinin səbəblərindən tutmuş, onların qarşısını almaq yollarına, həmçinin göz sağlamlığının qorunmasında peşəkar tövsiyələrə qədər geniş və səmimi fikir mübadiləsi apardıq. Onun sözləri gözə olan diqqətimizi artırmaq və sağlam gələcək üçün vacib çağırışdır.
-Zərnişan xanım, oftalmologiya sahəsinə gəlişiniz necə oldu?
- Mən tibb təhsilimi 2004–2010-cu illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində almışam. 2010–2011-ci illərdə Göyçay Rayon Mərkəzi Xəstəxanasında oftalmologiya ixtisası üzrə internatura təhsili almışam. Hazırda Nizami Tibb Mərkəzində həkim-oftalmoloq kimi çalışıram.
-Göz həkimi olmaq qərarını verərkən sizi ilhamlandıran hər hansı hadisə və ya şəxsi motiv olmuşdumu?
- Tibb sahəsinə olan marağım uşaq yaşlarımdan başlayıb. Ailəmizdə anam həkim olub və onun peşəsinə göstərdiyi sevgi, fədakarlıqla xəstələrinə yanaşması məni çox təsirləndirib. Mən də uşaqlıqdan həkim olmağı arzulamışam. Göz həkimi–oftalmoloq olmaq qərarını isə düşünülmüş şəkildə, diqqətlə və ehtiyatla vermişəm. Çünki gözlər insan orqanizminin həm funksional, həm də psixoloji baxımdan ən zərif, eyni zamanda, ən dəyərli orqanlarından biridir. Bu sahə mənə həm çox məsuliyyətli, həm də olduqca incə və çətin görünürdü. Göz orqanının mürəkkəb quruluşu və görmənin insan həyatındakı böyük rolu bu ixtisası seçərkən məsuliyyəti daha dərindən hiss etməyimə səbəb oldu. Amma ailəmin dəstəyi bu yolda qəti qərar verməyimə və inamla irəliləməyimə səbəb oldu. Bu gün insanların görmə qabiliyyətini qorumaq və bərpa etmək üçün çalışmaq mənim üçün həm bir peşədir, həm də böyük bir həyat məqsədidir.
-Bu illər ərzində peşənizdə sizi dərindən təsirləndirən heç vaxt unutmadığınız bir pasiyent hekayəsini bizimlə bölüşə bilərsinizmi?
- Peşə fəaliyyətim boyu unuda bilmədiyim hadisələrdən biri uzun müddət görmə problemi yaşayan, tənha həyat sürən bir qadınla bağlı idi. Bu pasiyent kataraktadan (mirvari suyu) əziyyət çəkirdi. Əməliyyat üçün vacib olan müayinələrdən keçirdim. Oftalmoloji şöbəmizdə əməliyyat olundu. Əməliyyatdan sonra müayinəyə gələndə sevinc göz yaşları içində məni qucaqlayıb dedi ki, artıq tək olsam da, öz işlərimin öhdəsindən gələ biləcəyəm. Onun təşəkkürü, duası və gözlərindəki parıltı məni çox duyğulandırmışdı.
-Peşəkar fəaliyyətiniz zamanı yaşadığınız ən gözlənilməz və emosional hadisə hansı olub?
- Təyin etdiyim müalicənin nəticəsindən razı qalan pasiyentimin xəstəxanada başqa bir həkimin müayinəsinə gəldiyi zaman mənə də baş çəkərək əhvalımı soruşması və razılığını bildirməsi mənim üçün xoş andır.
-Həkim-pasiyent münasibətlərində ən çox önəm verdiyiniz dəyərlər hansılardır?
- Mənim üçün ən önəmli dəyərlər şəffaflıq, empatiya və etibardır. Məncə, həkimlik sadəcə tibbi bilik və bacarıqdan ibarət deyil. Bu, eyni zamanda, insanlar arasında dərin bir etimad bağının qurulmasıdır. Pasiyentin ehtiyaclarını diqqətlə dinləmək, onun narahatlıqlarını anlamaq və hər bir detalı nəzərə almaq müalicə prosesinin uğuru üçün əsas şərtlərdəndir. Həkim və pasiyent münasibətləri birtərəfli diktə deyil, qarşılıqlı əməkdaşlıqdır. Hər iki tərəf bir komanda kimi işləməlidir: həkim tibbi bilik və təcrübəsini təqdim edir, pasiyent isə öz bədənini və hisslərini ən yaxşı tanıyan şəxs kimi bu prosesdə fəal iştirak edir. Bu qarşılıqlı etimad və əməkdaşlıq müalicənin daha effektiv, nəticələrin isə daha uzunmüddətli olmasına şərait yaradır.
-Son dövrlərdə uşaqlar arasında görmə problemlərinin artma səbəbləri nə ilə bağlıdır və valideynlər nəyə diqqət etməlidirlər?
- Uşaqlarda görmə problemlərinin artmasının əsas səbəblərindən biri telefon, planşet və kompüterdən uzun müddət istifadənin yaratdığı göz yorğunluğu və miyopiya riskidir. Valideynlər ekran vaxtını yaşa uyğun məhdudlaşdırmalı, fasilələrlə istifadəni təmin etməlidirlər. Açıq havada vaxt keçirmək, günəş işığına məruz qalmaq və uzaq məsafələrə baxmaq göz sağlamlığını qoruyur. İldə ən azı bir dəfə oftalmoloq müayinəsi isə problemlərin erkən aşkar olunmasına imkan verir. Göz sağlamlığına diqqət etmək yalnız uşaq yaşlarında deyil, hər yaş dövründə vacibdir. Vaxtında görülən profilaktik tədbirlər gələcəkdə ciddi görmə itkilərinin qarşısını ala bilər.
-Pasiyentlərdə ən çox rast gəldiyiniz zərərli vərdişlər hansılardır və bu vərdişlərin uzunmüddətli təsirləri necə ola bilər?
-Pasiyentlərdə ən cox rast gəldiyim zərərli vərdişlər telefon və planşetdən uzun müddət fasiləsiz istifadə — ekranlara uzun müddət baxmaq göz qırpma sayını azaldır. Bu, göz səthinin qurumasına, yanma və batma hissinə səbəb olur. Mavi işıq göz yorğunluğunu artirir. Təyinat olmadan göz damlalarından istifadə - hər bir damcı fərqli məqsəd üçün hazırlanır və onun tərkibi müəyyən göz problemlərinin müalicəsinə yönəlib. Uyğun olmayan preparatın seçilməsi gözün təbii mühitini poza, allergik reaksiyalara və ya mövcud xəstəliyin ağırlaşmasına səbəb ola bilər. Bu səbəbdən istənilən göz damcısını yalnız müayinədən sonra, dəqiq diaqnoz əsasında və həkim təyinatı ilə istifadə etmək vacibdir.
-Texnoloji cihazların – telefon, planşet və kompüterin göz sağlamlığına təsiri barədə hansı məqamlara diqqət çəkərdiniz?
-Bu cihazlardan uzun müddət istifadə göz quruluğuna, fokuslama problemlərinə və baş ağrılarına səbəb ola bilər. Ona görə də bu texnoloji alətlərdən istifadə edən hər kəsə “20-20-20” qaydasını tövsiyə edirəm: hər 20 dəqiqədən bir, 20 saniyə müddətində, 6 metr uzağa baxmaq. Bu, gözlərin istirahət etməsinə kömək edir. Bundan əlavə, mavi işıqdan qorunmaq və ekran parıltısını azaltmaq üçün antiblik xüsusiyyətli eynəklər, açıq havada isə UV filtri olan qoruyucu eynəklər istifadə etmək faydalıdır. Uzunmüddətli ekran qarşısında olmaq və iş zamanı yaranan quruluğun qarşısını almaq üçün nəmləndirici göz damlaları da təsirli üsullardan biridir. Bu tədbirlər həm iş mühitində, həm də gündəlik həyatda göz sağlamlığını qorumağa kömək edir. Aşağı duzlu və A, C, E vitaminləri ilə zəngin qidalarla qidalanmaq. Günəşli havada keyfiyyətli gün eynəkləri taxmaq. Oxuma zamanı yaxşı işıqlandırmanı təmin etmək. Gözləri ovuclamaq və ya sürtməkdən çəkinmək. Gündəlik gigiyenaya və yuxuya diqqət yetirmək.
-Gənclər arasında görmə zəifliyinin artması tendensiyası sizi narahat edirmi? Bu problemin qarşısını necə almaq mümkündür?
-Bu tendensiya həqiqətən narahatedicidir, çünki texnologiyadan intensiv istifadə xüsusilə uşaqlar və gənclər arasında yaxın görmə problemlərinin artmasına, göz yorğunluğuna və hətta uzunmüddətli görmə pozğunluqlarına səbəb ola bilər. Bu problemlerin qarşısını almaq ucun əsas profilaktik tədbirlər texnologiya ilə balanslı münasibət, müntəzəm göz müayinəsi, düzgün işıqlandırma şəraitində oxumaq və sağlam qidalanmadır. Valideyn və müəllimlərin maarifləndirilməsi isə uşaqlarda sağlam görmə vərdişlərinin formalaşması üçün vacibdir.
-İnsanlar gözlə bağlı hansı əlamətləri müşahidə etdikdə vaxt itirmədən oftalmoloqa müraciət etməlidirlər?
-Qəfil görmə itkisi yaranarsa, göz önündə işıq halqaları, qiğılcım, “uçuşan nöqtələr”, iki görmə, göz ağrısı, qızartı şişkinlik və s. hallarda vaxt itirmədən oftalmoloqa müraciət etmək vacibdir. Çünki bəzi problemlər bir neçə saat və ya gün ərzində geri dönüşü olmayan görmə itkisinə səbəb ola bilər.
-Kontakt linzalardan istifadə, lazer əməliyyatları və süni gözyaşları ilə bağlı geniş yayılmış mif və yanlış təsəvvürlər hansılardır?
- Linzaların gözü korladığı və ya lazer əməliyyatının çox təhlükəli olduğu kimi düşüncələr əsasən yanlış məlumatlardan qaynaqlanır. Əslində, keyfiyyətli linzalar həkim tövsiyəsinə uyğun istifadə olunarsa, göz sağlamlığına zərər vermir. Eyni şəkildə lazer əməliyyatı da müasir texnologiyalar və düzgün pasiyent seçimi ilə aparıldıqda yüksək təhlükəsizlik səviyyəsinə malikdir. Əsl risklər yalnız gigiyena qaydalarına əməl edilmədikdə, keyfiyyətsiz məhsullar istifadə olunduqda ortaya çıxır. Süni göz yaşlarının “aslılıq yaratdığı” düşüncəsi də doğru deyil. Onlar sadəcə quruluq simptomlarını aradan qaldırır.
-Hər kəs neçə yaşından başlayaraq mütəmadi yoxlamalardan keçməlidir?
- Göz müayinələri yalnız mövcud problemləri aşkar etmək üçün deyil, həm də gələcəkdə yaranacaq görmə itkilərinin qarşısını vaxtında almaq üçün vacibdir. Uşaqlarda ilk 1 yaş – anadangəlmə katarakta, qlaukoma, retinoblastoma kimi ciddi, amma erkən aşkarlandıqda müalicə oluna bilən xəstəliklər üzə çıxa bilər. 3 yaş – bu mərhələdə çəpgözlük (strabizm), ambliopiya (“tənbəl göz”) kimi problemlər vaxtında aşkarlanarsa, tam müalicə şansı yüksəkdir. 6 yaş – bu mərhələdə uzaqgörmə, yaxıngörmə, astiqmatizm kimi qüsurlar mütləq yoxlanmalıdır. Böyüklərdə18 yaşdan sonra hər 1-2 ildən bir ,40 yaşdan sonra ildə bir dəfə. Yəni, bu müayinələr sadəcə “görmə zəiflədi” deyəndə deyil, tamamilə sağlam görünən gözlərdə də aparılmalıdır, çünki bəzi xəstəliklər uzun müddət simptomsuz inkişaf edir.
-Görmə problemlərinin qarşısını almaqda düzgün qidalanmanın və həyat tərzinin rolu nə qədər əhəmiyyətlidir?
-Görmə problemlərinin qarşısının alınmasında düzgün qidalanma və sağlam həyat tərzi ən cox vurgulanan mövzudur.A, C, E vitaminləri və omega-3 yağ turşuları göz toxumalarının qorunmasında, retina hüceyrələrinin yenilənməsində və yaşa bağlı degenerativ dəyişikliklərin qarşısının alınmasında mühüm rol oynayır.Bunlarla yanaşı, müntəzəm fiziki aktivlik qan dövranını yaxşılaşdıraraq gözlərə daha çox oksigen və qida maddəsi çatmasını təmin edir. Eyni zamanda, siqaretdən uzaq durmaq, yetərli su qəbulu və yuxu rejiminə əməl etmək də görmə orqanının uzunmüddətli sağlamlığı üçün vacibdir.
-Peşənizlə bağlı gələcəyə dair planlarınız, hədəfləriniz və həyata keçirmək istədiyiniz təşəbbüslər varmı?
-Mənim üçün peşəkar inkişaf yalnız mövcud biliklərimi qorumaq deyil, onları davamlı olaraq yeniləmək, genişləndirmək və tətbiq etmək prosesidir. Tibbi sahə sürətlə dəyişir və həkim olaraq hər zaman yeniliklərdən xəbərdar olmaq mənim əsas vəzifəmdir.Yaxın gələcəkdə peşə fəaliyyətim üçün lazım olan beynəlxalq və yerli sertifikatları əldə etməyi ,yerli və xarici tədbirlərdə iştirak edərək həm nəzəri biliklərimi, həm də peşəkar əlaqələrimi genişləndirməyi, praktiki bacarıqlarımı artırmaq üçün mütəmadi təlimlərə qatılmağı, yeni diaqnostik və müalicə texnologiyalarını öyrənməyi planlaşdırıram.
-Sonda qəzetimizin oxucularına sağlam görmə və gözlərə düzgün qulluqla bağlı şəxsi və peşəkar tövsiyələrinizi bölüşməyinizi istərdik…
-Sağlam görməni qorumaq üçün gözlərimizi gündəlik həyatın bir hissəsi kimi dəyərləndirməliyik. Göz gigiyenasına diqqət yetirmək, təyinat olmadan göz damlalarından istifadə etməmək,elektron cihazlardan fasilələrlə istifadə etmək, balanslı qidalanmaq, kifayət qədər su içmək və ildə ən azı bir dəfə oftalmoloq müayinəsindən keçmək vacibdir. Unutmayaq ki,vaxtında atılan kiçik addımlar gələcəkdə böyük problemlərin qarşısını ala bilər.
-Müsahibə üçün təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq.
Yaqut Ağaşahqızı, “İki sahil”