Fransa və Əlcəzair arasında artmaqda olan diplomatik gərginlik fonunda Paris hökuməti Əlcəzair vətəndaşlarına qarşı viza məhdudiyyətlərini ciddi şəkildə sərtləşdirib. Bu qərar, xüsusilə uzunmüddətli (D növü) vizaların verilməsinin dayandırılması sadəcə bir inzibati addım deyil; bu, iki ölkə arasında münasibətlərin gələcəyini təhlükəyə atan siyasi bir jestdir.
Vəziyyətə münasibət bildirən mütəxəssislərin fikrincə, viza məsələsindən diplomatik təzyiq vasitəsi kimi istifadə etmək həm insani əlaqələri zəiflədən, həm də Fransa mədəniyyətinin və dilinin yayılmasına zərbə vuran bir siyasətdir. Fransız dili Əlcəzairdə milyonlarla insanın təhsil, iş və gündəlik həyatında əsas rol oynayır. Bu dili seçən gənclər təkcə keçmişin yadigarı olaraq deyil, həm də mədəni yaxınlıq səbəbindən onu öyrənirlər. Lakin Parisin bu qərarı həmin bağların kəsilməsi riskini yaradır.
Əlcəzair dünyada ən çox fransızdilli əhalinin olduğu dördüncü ölkədir. Parisin bu əlaqəni zəiflətməsi təkcə Əlcəzair vətəndaşlarını deyil, Fransanın öz yumşaq gücünü də zəiflədir.
Daha da təəssüf doğuran məqam odur ki, Fransa kimi iqtisadi gücə sahib bir ölkə keçmiş müstəmləkəsinə qarşı kiçik və dar çərçivəli viza siyasətini bir təzyiq vasitəsinə çevirir. Halbuki bu yanaşma nə Əlcəzairi zəiflədir, nə də Fransa üçün diplomatik uğur qazandırır. Əksinə, Fransa özünü regionda və Afrika ölkələri qarşısında zəif və qeyri-konstruktiv bir aktor kimi təqdim edir.
Bununla da kifayətlənməyən Paris Avropa ölkələrindən də Əlcəzairə qarşı həmrəylik tələb edir. Lakin unutmaq olmaz ki, hər bir ölkə öz dilini, öz nüfuzunu qoruyur. Heç bir dövlət fransız dilinin təsir dairəsini qorumaq üçün öz maraqlarını qurban verməz.
Tələbələr, tədqiqatçılar, sahibkarlar və ikili vətəndaşlığı olan ailələr üçün qapıların bağlanması - bu, Fransa üçün mənəvi və strateji bir itki deməkdir. Bu qərar Əlcəzairdə antifransız hisslərini dərinləşdirə, gənclərin fransız dilindən uzaqlaşıb ingilis, alman, ispan, hətta Çin dilinə yönəlməsinə səbəb ola bilər.
Makronun Fransası böyük bir iqtisadi gücə sahib olsa da, kiçik və gələcəyi düşünməyən bir siyasət seçdi.
AZƏRTAC