İsrailin baş naziri Binyamin Netanyahu ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub, söhbətin əsas mövzusu yəhudi dövlətinin Qəzza zolağı ilə bağlı gələcək fəaliyyət planları olub.
“İki sahil” xəbər verir ki, bu barədə İsrail hökuməti başçısının Dəftərxanası məlumat yayıb.
Açıqlamaya görə, Netanyahu və Tramp müharibəyə son qoymaq, girovları azad etmək və HƏMAS-ı məğlub etmək üçün İsrailin Qəzza zolağında HƏMAS-ın qalan dayaq məntəqələrini ələ keçirmək planlarını müzakirə ediblər”.
"Baş nazir müharibənin əvvəlindən İsrailə göstərdiyi sarsılmaz dəstəyə görə prezident Trampa təşəkkür edib", - Dəftərxana əlavə edib.
Bundan əvvəl Netanyahu mətbuat konfransı zamanı bildirib ki, İsrailin məqsədi Qəzza zolağının işğalı deyil, Fələstin anklavını HƏMAS-dan azad etməkdir.
“HƏMAS silahlarını yerə qoysa və qalan bütün girovları azad etsə, müharibə sabah bitə bilər”, - o əlavə edib və radikalların bundan imtina etdiyini vurğulayıb.