Braziliya hökuməti ABŞ-nin tariflərinə analoji cavab vermək imkanını nəzərdən keçirməkdə davam edir, hərçənd vitse-prezident Jeraldu Alkmin və maliyyə naziri Fernandu Addad bu cür planların olmasını açıq şəkildə rədd edirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Braziliya administrasiyasındakı mənbələrə istinadla “CNN Brasil” məlumat yayıb.
Məlumata görə, “güzgü cavabı” ilə bağlı qərar ABŞ-nin tarif tədbirlərinin daha da sərtləşdiriləcəyi təqdirdə verilə bilər.
İqtisadi Qarşılıqlılıq Aktına əsaslanan rüsumlara cavab vermək planı ən son atılacaq addım kimi dəyərləndirilir. Buna baxmayaraq, Braziliyada belə bir addımın milli iqtisadiyyat üçün mümkün nəticələrini qiymətləndirmək məqsədilə texniki məsləhətləşmələr davam edir.
“Söhbət qisasdan yox, qarşılıqlı münasibətdən gedir. Biz hansı sektorlarda və hansı məhsullara nisbətdə proporsional cavab verə biləcəyimizi diqqətlə təhlil edirik”, - Braziliya hökumətindəki mənbə bildirib.
Telekanal onu da qeyd edir ki, Prezident Luis İnasiu Lula da Silvanın administrasiyası müvafiq tədbirlər görüləcəyi təqdirdə ölkə Konqresinin dəstəyini artıq təmin edib.