09 avqust 2025 01:56
130

Enerji diplomatiyamızın coğrafiyası genişlənir

Azərbaycan regional sabitlik və inkişafın əsas oyunçusuna çevrilir

Son illər Azərbaycanın enerji siyasəti artıq iqtisadi maraqların təminindən çıxaraq, beynəlxalq siyasət və təhlükəsizlik kontekstində çoxvektorlu strateji vasitəyə çevrilib. Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi ilə formalaşan bu yeni yanaşma Azərbaycanın enerji diplomatiyasını Avropa bazarları ilə məhdudlaşdırmaqdan çıxarıb, həm coğrafi, həm də funksional baxımdan ciddi genişlənməyə səbəb olub. Bakı təkcə qazı Avropaya nəql etməklə kifayətlənməyib, eyni zamanda, yeni enerji dəhlizləri vasitəsilə Cənubdan Yaxın Şərqə doğru strateji bir enerji arteriyası açmaq yolunu tutub. Bu prosesdə Suriyanın bərpası kontekstində Azərbaycanın qaz ixracı həm regional təsir gücünü artırır, həm də yumşaq güc aləti kimi enerji diplomatiyasının yeni, nümunəvi modelini yaratmış olur.

Uzun illər davam edən münaqişələr nəticəsində Suriyanın dağıdılmış infrastrukturunun böyük hissəsi elektrik enerjisi təminatından əziyyət çəkir və Azərbaycan qazı bu problemlərin həlli baxımından həyati əhəmiyyət kəsb edir. Belə ki, gündəlik nəql edilən 3,4 milyon kubmetrə bərabər qaz Suriyada təxminən 900 meqavat gücündə elektrik enerjisi istehsal edilməklə elektrik şəbəkəsinin dayanıqlığının artırılmasına töhfə verəcək. Anlaşmaya əsasən, Azərbaycan ildə 1 milyard kubmetr həcmində qazı Suriyaya ötürəcək. Bu yanacaq ölkənin enerji təchizatını “ayağa qaldırmaqla” iqtisadiyyatın dirçəlməsi üçün təkanverici qüvvə rolunu oynayacaq. Yeri gəlmişkən, Kilis-Hələb xəttinin ötürücülük potensialı günlük 6 milyon kubmetrdir. Gələcəkdə bu kəmərlə qaz nəqlinin artırılması planlaşdırılır. Bu isə Suriyanın sənaye-iqtisadi inkişaf planlarının yerinə yetirilməsinə ölkəmizin daha çox fayda verməsi deməkdir. Bu prosesdə qaz tədarükü sosial-iqtisadi fəaliyyətlərin bərpasına zəmin yaradaraq, kiçik və orta sahibkarlığın dirçəlməsinə, insanların öz doğma torpaqlarına qayıdışının təşviqinə, bölgədə təhlükəsizlik və sosial sabitliyin təmin edilməsinə ciddi töhfə verir. Beləcə, Azərbaycan enerji diplomatiyasının yeni mərhələsinə qədəm qoyaraq sadə enerji ixracçısından sabitlik və bərpa tərəfdaşına çevrilməkdədir.

Bu model dərin strateji məntiqə və regional geosiyasi analizə əsaslanır. Bakı artıq Avropada etibarlı enerji tərəfdaşı kimi möhkəmləndiyi kimi, Yaxın Şərqdə də eyni statusa iddialıdır. Bu məqsədə çatmaq üçün Azərbaycan regional əməkdaşlıq formatlarını yalnız diplomatik ritorika ilə yox, həm də konkret infrastruktur layihələri və enerji təminatı ilə reallaşdırır. Bununla yanaşı, Azərbaycanın Suriyaya qaz ixracı Türkiyə ilə əlaqələrin daha da strateji xarakter almasında mühüm rol oynayacaq. İki ölkənin Suriyanın şimal-qərb bölgələrində – İdlib, Afrin, Əl-Bab və Cerablusda – aparılan koordinasiyası yalnız birgə fəaliyyət mexanizmlərinin inkişaf etdiyini deyil, həm də qarşılıqlı maraqların enerji, təhlükəsizlik və sosial bərpa kimi sahələrdə effektiv şəkildə uzlaşdırıldığını ortaya qoyur. Azərbaycan qazının bu ərazilərə, Türkiyənin nəzarətində olan bölgələrə yönəldilməsi həm siyasi niyyəti, həm də Bakı ilə Ankaranın Yaxın Şərqdə sinxron geosiyasi layihələrə rəhbərlik etdiyini nümayiş etdirir. Bu isə regionda yeni regional enerji və təhlükəsizlik arxitekturasının formalaşmasına töhfə verəcək.

Azərbaycanın Yaxın Şərqdəki yeni enerji xətti ölkəmizin  diplomatik-dövlətçilik məntiqində əsaslı dəyişiklik olduğunu təsdiqləyir. Bu, onun resurslarından sadəcə iqtisadi kapital kimi deyil, həm də geosiyasi güc mənbəyi kimi sistemli və ardıcıl istifadə etməsinin təzahürüdür. Suriyaya qaz ixracı layihəsi regional güclərin maraqlarının üst-üstə düşdüyü strateji platformadır və burada Türkiyə ilə Azərbaycan arasında uzun illər ərzində qurulan qarşılıqlı etimad və koordinasiya mühüm rol oynayır. Bu model post münaqişə zonalarında iki ölkənin birgə fəaliyyətinin genişlənməsinə, təhlükəsizlik və sosial-iqtisadi sabitliyin təmininə yönəlib. Bu siyasət Türkiyə və Azərbaycanın xarici siyasət prioritetlərinin üst-üstə düşməsini də göstərir. Əvvəllər iki ölkə əsasən Avrasiya dəhlizləri üzərində əməkdaşlıq edirdisə, indi əməkdaşlıq Yaxın Şərqdə sosial mühəndislik və postmünaqişə idarəçiliyi səviyyəsinə yüksəlib. Azərbaycanın qazının Suriyaya yönləndirilməsi regional enerji xəritəsini dəyişdirərək Bakı və Ankaranı yalnız Avropa üçün enerji tədarükçüləri deyil, Cənubdan Yaxın Şərqə strateji enerji arteriyası açan regional güclərə çevirəcək. Bu isə gələcəkdə İordaniya, Livan və İraq kimi bazarlarda da Azərbaycanın enerji təchizatçısı kimi cəlbediciliyini artıracaq.

Bu modelin əsasında sadə, lakin effektiv bir məntiq dayanır: Enerji sabitliyin, inkişafın və rahat həyatın açarıdır. Bu strategiya Bakı üçün yeni regional və qlobal siyasi statusun qazanılması deməkdir. Suriyaya qaz ixracı ilə başlayan mərhələ yalnız enerji siyasətində transformasiya deyil, eyni zamanda Azərbaycanın beynəlxalq siyasi imicinin və regional güc statusunun yenidən formalaşmasıdır. Bu, uzunmüddətli çoxvektorlu xarici siyasət kursunun konkret nəticələrindən biridir. Yaxın Şərqdəki güc balansı son illərdə sabitlikdən çox dinamiklərlə xarakterizə olunub. "Ərəb baharı", Suriya və İraq münaqişələri, terror şəbəkələrinin yüksəlişi və böyük güclərin toqquşan maraqları regionu təhlükəsizlik baxımından dünyanın ən mürəkkəb guşələrindən birinə çevirmişdir. Belə bir məkanda Azərbaycan yumşaq güc siyasəti ilə yeni mövqe tutub. Burada əsas sabitlik, təsir və beynəlxalq reputasiya qazanmaqdır.

Azərbaycan qazının Suriyaya ixracı, həmçinin beynəlxalq münasibətlərdə yeni davranış modelinin nümunəsidir. Bakı gücünü iqtisadi imkanlar və sabitlik transferinə söykəyərək “etibarlı aktor” kateqoriyasına daxil olur. Bu, beynəlxalq sistemdə davamlılıq, öhdəlik və rasional davranış prinsiplərinə sadiqlik deməkdir. Digər vacib aspekt isə Azərbaycanın resurslarını xarici siyasətin strateji kapitalı kimi qiymətləndirməsidir. Suriyada tətbiq olunan model uğurlu olarsa, digər postmünaqişə zonalarına da ixrac ediləcək.

Nəticə olaraq, Suriya modelinin uğuru Azərbaycanı enerji ixracatçısından sabitlik ixracatçısına çevirəcək. Bu isə ölkəmizin yeni mərhələyə qədəm qoyması deməkdir. Uğurun arxasında güclü siyasi iradə, məqsədyönlü diplomatiya və uzaqgörən liderlik dayanır. Azərbaycan həm regionda, həm də qlobal siyasətdə özünü doğru zamanda, doğru mövqedə yerləşdirməklə, yeni sabitlik modellərinin memarı roluna iddialı şəkildə çıxış edir.

Nigar Orucova, “İki sahil”