07 avqust 2025 15:26
125

Şəhər sakinləri üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkan formalaşdırılır

Bakı şəhərində tarixi və mədəni irsin qorunması, mənzil fondunun və infrastrukturun yenilənməsi, ictimai məkanların və yaşıllıq sahələrinin yaradılması, həmçinin ekoloji dayanıqlığın təmin olunması 2040-cı ilə qədər nəzərdə tutulmuş Baş Planın əsas inkişaf hədəflərindəndir.

“İki sahil” xəbər verir ki, bunu AZƏRTAC-a açılqamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə mətbuat katibi Ramiz Həsənov deyib.

Onun sözlərinə görə, bu məqsədlə Mərkəzi Parkın genişləndirilməsi layihəsinə start verilir: "Bildiyiniz kimi, indiyədək parkın 36 hektarlıq ərazisi ictimaiyyətin istifadəsinə verilib. Növbəti mərhələdə isə əlavə olaraq təxminən 21 hektar ərazinin yenidən qurulması və layihələndirilməsi nəzərdə tutulur".

Mətbuat katibi bildirib ki, ərazinin iqlim şəraiti, florası və ekoloji xüsusiyyətləri nəzərə alınmaqla burada geniş yaşıllıq zolaqları, süni göl, idman və mədəni tədbir zonaları, uşaqlar üçün oyun meydançaları, həmçinin qapalı avtomobil dayanacağı yaradılacaq.

"Məqsəd bu hissədə də şəhər sakinləri üçün ekoloji cəhətdən təmiz və rahat ictimai məkan formalaşdırmaqdır. Uzun illərdir bu ərazidəki infrastruktur köhnəlmiş və sıradan çıxmış vəziyyətdə idi. Yeni layihə çərçivəsində həmin infrastruktur da tamamilə yenidən qurulacaq.

Vurğulamaq istərdim ki, Baş Plana əsasən Təzəpir məscidi ətrafındakı tarixi məhəllə də müasir şəhərsalma standartlarına uyğun abadlaşdırılacaq. Bu ərazidə həm dövlətin xüsusi mühafizəsində olan tarixi abidələr, həm də abidə statusu daşımayan, lakin tarixi dəyərə malik binalar yerləşir. Layihə çərçivəsində həmin tikililərin bərpası və ümumi konsepsiyaya inteqrasiyası da nəzərdə tutulur" - deyə o əlavə edib.

Qeyd olunub ki, layihənin icrasında əsas məqsəd Bakı şəhərini Baş Plan və müasir şəhərsalma prinsiplərinə uyğun şəkildə daha yaşıl, mobil, insanyönümlü məkana çevirməkdir.