07 avqust 2025 15:21
126

Zərdabda 5 yaşayış məntəqəsini birləşdirən yolun yenidən qurulması davam etdirilir

Zərdab rayonunun Məlikumudlu–Çallı–Salahlı–Hüseynxanlı-Xanməmmədli avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan yenidənqurma işləri davam etdirilir.

“İki sahil” xəbər verir ki,  Agentlikdən bildirilib ki, uzun müddət istismar nəticəsində deformasiyaya uğramış həmin avtomobil yolunun nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaratdığı üçün əsaslı şəkildə yenidən qurulmasına ehtiyac var idi. Bu baxımdan 18 kilometr uzunluğa malik yol IV texniki dərəcəyə uyğun yenidən qurulur. 5 yaşayış məntəqəsini birləşdirən sözügedən yolun torpaq yatağının eni 10 metr, hərəkət hissəsinin eni isə 6 metrə qədər nəzərdə tutulub.

Tikinti işləri yolun uzunluğu 5,4 kilometr təşkil edən Məlikumudlu hissəsi üzrə aparılır. Həmin hissədə torpaq işləri, suötürücü boruların inşası, yol əsasının tikintisi və texnoloji ardıcıllığa uyğun olaraq, yeni asfalt-beton örtüyünün döşənməsi işləri yekunlaşıb. Hazırda layihə üzrə yol çiyinlərinin bərkidilməsi işləri görülür.

Asfaltlanma işləri yekunlaşdıqdan sonra hərəkətin normal təşkili üçün yol nişanı və siqnal dirəklərinin quraşdırılması, üfüqi nişanlanma xətlərinin çəkilməsi işləri aparılacaq.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə uyğun həyata keçirilir. Tikintinin tərtib olunmuş qrafikə uyğun zamanda yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb edilib.