07 avqust 2025 12:36
146

Gürcüstan Azərbaycanın strateji müttəfiqidir

Xəbər verildiyi kimi avqustun 5-də Türkmənistanın Avaza Milli Turizm Zonasında BMT-nin Dənizə Çıxışı Olmayan İnkişaf Etməkdə Olan Ölkələr üzrə III Konfransı öz işinə başlayıb. Konfrans avqustun 8-dək davam edəcək.

Tədbirdə Azərbaycanın təşəbbüsü ilə  reallaşan və Qlobal Cənubun enerji ilə təminatı, nəqliyyat infrastrukturu barədə açıqlama verən   Azərbaycanın Baş naziri Əli Əsədovun bildirdiyi kimi,  Azərbaycanın Xəzər dənizində 50-dən çox gəmidən ibarət ən böyük ticarət donanması fəaliyyət göstərir. Hazırda 10 gəmi istehsal edən gəmiqayırma zavodu, yaxın illərdə gücü ildə 25 milyon tona çatacaq Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı-Tbilisi-Qars dəmir yolu, 9 beynəlxalq hava limanı, regionun ən böyük hava karqo şirkəti və bir çox digər amillər Azərbaycanı beynəlxalq nəqliyyat qovşaqlarından birinə çevirib

Orta Dəhlizin önəminə toxunan Baş nazir Çinin bir sıra şəhərlərindən konteyner blok-qatarlarının Bakıya 10-12 günə çatmasının, Orta Dəhlizin mühüm ticarət marşrutu kimi əhəmiyyətini diqqətə çatdırıb. BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı - SPECA çərçivəsində əməkdaşlığın vacibliyi qeyd olunub.

Rəqəmsal bağlantılar sahəsində əməkdaşlığın böyük potensiala malik olduğunu bildirən  Baş nazir Azərbaycanın «Rəqəmsal İpək Yolu»” kimi irimiqyaslı layihələr vasitəsilə rəqəmsal transformasiya təşəbbüsünü həyata keçirdiyini diqqətə çatdırıb. Azərbaycanın iqlim dayanıqlılığının gücləndirilməsi istiqamətində  gördüyü işlər  yüksək dəyərləndirilib. Ötən il Azərbaycanın COP29-a ev sahibliyi ilə bağlı konfrans iştirakçılarını məlumatlandıran Baş nazirin vurğuladığı kimi,  hazırlıq işləri üçün bir ildən az müddətə baxmayaraq Azərbaycanın qətiyyəti sayəsində uğurlu  nəticələr əldə edildi.

 Tədbir çərçivəsində gürcüstanlı həmkarı İrakli Kobaxidze ilə görüşən Baş nazir Əli Əsədov  iki qardaş ölkə arasında  strateji müttəfiqliyin davam etdiriləcəyini bildirib. Vurğulanıb ki,  Cənubi Qafqazda  sabitliyin təminatına önəmli töhfə olan Azərbaycan- Gürcüstan  əlaqələri bütün istiqamətlər üzrə uğurla davam etdirilir.Görüşdə Azərbaycan-Gürcüstan strateji tərəfdaşlığının müxtəlif sahələrdə yüksək səviyyəsindən məmnunluq ifadə olunub, qarşılıqlı faydalı əməkdaşlığın ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, energetika, humanitar və digər istiqamətlərdə genişləndirilməsi ilə bağlı məsələlər nəzərdən keçirilib. Bildirilib ki, Azərbaycanla Gürsüstanın birgə  iştirakı ilə reallaşan enerji və nəqliyyat layihələrinin əhəmiyyəti beynəlxalq səviyyədə etiraf Cənubi Qafqazda söz sahibi olan  ölkəmizin uğurlu xarici siyasətinin nəticəsidir.  Qeyd olunub ki, Cənubi Qafqazı poliqona çevirmək istəyən qüvvələrə qarşı birgə mübarizədə əzmkarlıq göstərən,   mənfur niyyətlərini həyata keçirməyə çalışan qüvvələrə layiq olduqları  kimi əsl demokratiya dərsi verən hər iki ölkə ictimaiyyətinin birgə  səyi ilə    bölgədə sabitlik  qorunub saxlanılıb.

Görüşdə diqqətə çatdırılıb ki, tarixi İpək Yolunun üzərində yerləşən,  Şərq və Qərb coğrafiyasının bir hissəsi olaraq  Yaxın Şərq ölkələri, Avropa dövlətləri ilə əlaqələrini genişləndirən,  bölgədə yaratdığı reallıqları ilə diqqəti cəlb edən Azərbaycanın və dost ölkə  Gürcüstanın enerji və nəqliyyat layihələrinin coğrafiyasının genişlənməsində göstərdikləri səylər mənfur niyyətlərə cavabdır.  Bu birliyi möhkəmləndirməkdə məqsəd  Cənubi Qafqazın təhlükəsizlik, əməkdaşlıq, eləcə də ümumi rifah məkanına çevrilməsinə nail olmaqdır.  Təkcə regional deyil, qlobal əhəmiyyətli  Bakı–Tbilisi–Qars dəmir yolu, Bakı–Tbilisi–Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft –qaz kəmərləri ilə yola çıxan, iki qonşu ölkənin milli maraqlarına xidmət edən  Cənub Qaz Dəhlizi layihəsi ilə Azərbaycanın  şaxələndirmə formatının əsas tərəfdaşlarından olan  Gürcüstan etibarlı qonşu olduğunu hər məqamda təsdiqləyib.  Qərb ilə Şərq arasında enerji , nəqliyyat körpüsü roluna sadiq qalan hər iki ölkə  qeyri-regional güclərin öz ambisiyalarını reallaşdırmaq cəhdlərinə qarşı da eyni qətiyyət göstərmişlər.  Ötən il  Qərbin dost ölkənin  daxili siyasətinə müdaxiləsi, xarici agentlər haqqında qanun  qəbulu ilə yaradılan gərginlik zamanı rəsmi Tbilisi ilə həmrəyliyini bildirən Azərbaycan növbəti dəfə  bölgədə sabitliyin qarantı olduğunu  təsdiqlədi. Bölgədə sülhün   təminatını, bütünlükdə dünyanın sabitliyi baxımından önəmini  « Biz, sadəcə olaraq, tələb edirdik həm onlardan, həm onların arxasında duran və onlar üçün dar məqamda onların yanında olmayan, uzaqda, Avropada yerləşən dırnaqarası erməni cəfakeşləri bilsinlər - nə qədər uzaq dursalar bizim bölgəmizdən, o qədər də bölgə rahat nəfəs alacaq və biz bunu təklif edirik. Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!» sözləri ilə ifadə edən  Prezident İlham Əliyevin bu istiqamətdə davam etdirdiyi siyasət dünyanın sağlam düşüncəli qüvvələri  tərəfindən dəstəklənir. Azərbaycanla  Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün  münasib ünvanı  «Ancaq mənim fikrimcə, ən düzgün seçim həm tarixi əlaqələri, həm coğrafi amili nəzərə alaraq, əlbəttə ki, bu sahədə Gürcüstan ola bilərdi»  sözləri ilə müəyyənləşdirən, Cənubi Qafqaza xarici  müdaxilələri  yolverilməz adlandıran Prezident İlham Əliyev  qərəzli səylərin uğursuzluqla nəticələnəcəyini  əminliklə  bildirib.  Beləliklə, daşımalar, yaşıl enerji, təhlükəsizlik, sabitlik  baxımından rəsmi Bakının geosiyasi əhəmiyyətini inkar etmək siyasi savadsızlıq, qərəzlilik,  diplomatik uğursuzluqdur.

Ümumiyyətlə, hazırda Türkmənistanda keçirilən bu konfransadək bütün beynəlxalq tədbirlərdə Azərbaycan ilə Gürcüstan eyni mövqedən çıxış ediblər. ADA Universitetinin və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən  «Yeni dünya nizamına doğru»” mövzusunda  beynəlxalq  forumdakı çıxışında Gürcüstanla  dostluq münasibətlərini bölgədə tərəfdaşlığın örnəyi  kimi nümunə göstərən  Prezident İlham Əliyevin  Avropa Komissiyasının rəhbərliyi və Mərkəzi Asiya dövlətlərinin liderləri arasında Özbəkistanda keçirilən Zirvə görüşündə səsləndirilən qərəzli  şərhlərə etirazını yada salaq. Dövlət başçımız  Avropa Komissiyası sədrinin özlərinin Avropanın «qlobal qapısı»” adlandırdıqları Orta Dəhlizdən  bəhs edərkən « Azərbaycan və Ermənistan», «Ermənistan və Türkiyə arasında sərhədlərin açılması» ifadələrini  diplomatik məsuliyyətsizlik  adlandırdı. «Bu, təəccüb doğurur, çünki bu dəhliz mövcuddur və Ermənistan orada heç bir rol oynamır. Biz Avropa bürokratlarının Ermənistanla bağlı hisslərini anlayırıq, ancaq siz xəritəni görməzdən gələ bilməzsiniz. Bu gün biz avropalılara Mərkəzi Asiya ilə əlaqə qurmağa kömək edən müxtəlif imkanları yaratmışıq. Gürcüstanın dəniz limanları, Bakı-Tbilisi-Qars dəmir yolu, Azərbaycanın Ələt Limanı, Xəzər daşımaları – bütün bunlar nəqliyyat sahəsi üçün əhəmiyyətlidir. Bütün bunlar haqqında danışılmır, bu layihələrə nə qədər vəsait yatırdığımız gözardı edilir. Yalnız Türkiyə və Ermənistan, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılması haqqında danışılır. Bunun Avropaya nə aidiyyəti var? Bu, onların işi deyil. Türkiyə-Ermənistan, Ermənistan-Azərbaycan münasibətlərində Avropa İttifaqı bu işlərdən nə qədər uzaq dursa, bir o qədər yaxşıdır» söyləyən Prezident İlham Əliyev tədbirdə  Gürcüstan haqqında bir kəlmənin belə işlədilməməsini ədaləsizlik, bölgədə siyasi gərginliyin artırılmasına yönələn təxribat, müstəmləkəçi davranış adlandırdı. Qətiyytlə bildirdi ki,  Gürcüstan Azərbaycanın strateji müttəfiqidir. 

Dövlət başçısı kimi, ilk səfərini qardaş Azərbaycana etdiyini məmnunluqla bildirən, gürcü və Azərbaycan xalqlarının millətlərimiz üçün həyati əhəmiyyət kəsb edən dəyərlərin qorunması uğrunda mübarizədə daim bir yerdə olduqlarını  söyləyən  Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin «Çağırışlar və təhlükələrlə dolu bugünkü qloballaşma dövrü bir çox fundamental dəyərləri təhdid edir. Ona görə də biz bu prinsipləri qorumaq üçün xüsusi diqqət və səy göstərməliyik. Mən qəti əminəm ki, zamanın sınağından çıxmış yüksəksəviyyəli strateji və mehriban qonşuluq münasibətləri daha da möhkəmlənəcək, Gürcüstanın və Azərbaycanın milli maraqlarının həyata keçirilməsində yeni müstəviyə keçəcək. Regionun və dünyanın qarşısında duran vəzifələrin səmərəli həlli üçün ölkələrimiz arasında bütün sahələrdə sıx əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir» sözləri bu müttəfiqliyin sarsılmazlıq nümunəsidir. Novruz bayramı günlərində  Borçalıda təşkil olunmuş  bayramı şənliklərində Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin, Baş nazir İrakli Kobaxidzenin, parlamentin sədri Şalva Papuaşvilinin və digər rəsmi şəxslərin iştirakı  iki xalqın əsrlərə söykənən dostluğunun təsdiqidir. Başqa sözlə deyilsə, strateji tərəfdaş, dost ölkə olan Azərbaycanla Gürcüstan  bölgədə sülhün qarantı olmaqla Qlobal Cənubdə reallaşan enerji və nəqliyyat layihələrinin əsas tərəfdaşlarıdırlar. Əsrlər boyu  mehriban qonşuluq və dostluq şəraitində yaşayan xalqlarımız arasında möhkəmlənən təmaslar Cənubi Qafqaz üçün isə çox vacib şərtdir. Bu dostluğun, birgə əməkdaşlığın səmərəsinin daha bir nümunəsi Qara dənizin Gürcüstan sahillərindəki Poti limanında Azərbaycanın iştirakı ilə yeni strateji terminalın istifadəyə verilməsidir. Bu layihə  Azərbaycanın regionda etibarlı dost və strateji tərəfdaşlığınının daha bir sübutudur.

İyunun 9-da  Orta Dəhliz üçün strateji əhəmiyyət daşıyan «Poti TransTerminal»” multimodal konteyner terminalının rəsmi açılış mərasimində qeyd olunduğu kimi, yeni logistik mərkəz regionun tranzit və yükdaşıma potensialını əhəmiyyətli dərəcədə artıracaq. Terminalın layihələndirilməsinin və müəllif nəzarətinin Gürcüstan və Qazaxıstan tərəfindən etibarlı tərəfdaş kimi ölkəmizə  həvalə olunması, layihənin  Azərbaycan  «INNOPRO»” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən uğurla başa çatdırılması Cənubi Qafqazın beynəlxlaq arenada artan  mövqeyinin və rolunun təsdiqidir.  Gürcüstan, Qazaxıstan və Özbəkistanın nəqliyyat qurumlarının yüksək səviyyəli nümayəndələrinin, parlament üzvlərinin və beynəlxalq logistik mütəxəssislərin iştirakı ilə keçirilən mərasim  Zəngəzur dəhlizinin potensialı üçün də əhəmiyyətlidir.  Çünki bu dəhliz vasitəsilə  Çin, Qırğızıstan və Özbəkistan arasında dəmir yolu əlaqəsi yaradılır. Zəngəzur dəhlizi həmin marşrutun davamı, «Bir kəmər, bir yol»” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola bilər. Qeyd olunduğu kimi,  Azərbaycan bu layihədə sadəcə iştirak etməklə kifayətlənməyib. Layihələndirmə və layihə-smeta sənədləri də məhz Azərbaycan tərəfindən hazırlanıb. Azərbaycanlı mütəxəssislər layihələndirmə sahəsində yüksək keyfiyyət nümayiş etdirməklə texnoloji proseslərin qurulmasında səmərəli innovativ yanaşmaları,  həmçinin mühəndis-kommunikasiya xətlərinin çəkilişi ilə bağlı səmərəli  təklifləri ilə fərqləniblər. Qeyd olunub ki,  terminalın layihələndirilməsindən tutmuş, qatarların hərəkətinə qədər bütün mərhələlərdə azərbaycanlı mütəxəssislər  fəal iştirak ediblər. Bu addımların əsas məqsədi Orta Dəhlizin imkanlarını daha da genişləndirmək və yük qəbulunun həcmini artırmaqdır. Bu layihə təkcə Azərbaycan ilə Gürcüstan üçün deyil, eyni zamanda, Qazaxıstan və digər istifadəçi ölkələr üçün mühüm əhəmiyyət daşıyacaq. Azərbaycan və Qazaxıstanın dəstəyi ilə artıq Gürcüstana daha çox yük axını təmin olunacaq. Bu isə regionun bütün tranzit ölkələri üçün uğurlu bir logistik təşəbbüsdür.Terminalın birinci mərhələdə illik gücü 80 min TEU, növbəti mərhələdə isə 200 min TEU olaraq nəzərdə tutulub”. Terminalda saatda 50-yə qədər konteynerin boşaldılmasını təmin edəcək iki  ədəd portal kran, bir dəmir yolu infrastrukturu layihələndirilib. Burada eyni vaxtda 120 vaqonun yükboşaltma əməliyyatlarını həyata keçirmək mümkün olacaq.  Qara dəniz sahilində  reallaşan, yalnız  infrastruktur layihəsi deyil, eyni zamanda, ölkələrarası iqtisadi əməkdaşlığın simvolu olan bu logistik terminal Orta Dəhlizin dayanıqlığına, sabitliyinə və yüklərin sürətli, vaxtında daşınmasına mühüm töhfə verəcək.  Bu terminalın istifadəsi ilə Cinin təşəbbüsü olan «Bir kəmər, bir yol», qitələri birləşdirən  Orta Dəhliz layihələrinin əsas tərəfdaşı Azərbaycanın beynəlxalq aləmdə mövqeyi daha da möhkəmlənməklə ölkəmizə maraq da artır.

Xuraman İsmayılqızı, «İki sahil»