07 avqust 2025 10:15
173

Əsassız təhdidlər, ideoloji təzyiqlər Rusiyanın özü üçün əlavə problemlər yaradır

Rus imperiyasının əsrlərdən bəri Azərbaycana qarşı ədalətsiz mövqeyi, zor gücünə milli-mənəvi dəyərlərimizin unudulması naminə apardığı anti- İslam təbliğatının ağrı- acısını unutmamışıq. 1918-ci ildə erməni daşnak -rus bolşevik ordularının Bakıda törətdiyi qətliamların qurbanlarının dəfn olunduğu Çəmbərəkənd qəbirstanlığı üzərində əli azərbaycanlıların qanına batmış Kirovun heykəlinin ucaldılması, danşnakların baş ideolqu, 1918-ci ildə Bakıda törədilən kütləvi qırğınların təşəbbüskarı və iştirakçısı, qaniçən Şaumyanın adına şəhər, qəsəbə, park, mədəniyyət sarayı inşa etməklə beynəlmiləlçilik ideyasını şüurumuza yerləşdirən Sovet imperiyasının xalqımıza qarşı ən böyük cinayəti Xocalı qətliamı oldu. Artıq tarixə qovuşmuş Qarabağ münaqişəsinin törədilməsinə xeyir-dua verən SSRİ-nin ilk və sonunucu Prezidenti Mixail Qorbaçovun xalqımıza qarşı «dəstəyinin» ağrı-acısını, Sumqayıt hadisələrində, 20 Yanvar faciəsində bir daha yaşadıq. Amma yenə də SSRİ-nin «beynəlmiləl ailəsi»nin üzvü kimi «böyük qardaş»ımıza yerini göstərmədik. Beləcə imperiyanın ayağı yer alan «burada mənəm , Bağdadda kor xəlifə» iddiası torpaqlarımızın 30 il Ermənistanın işğalı altında qalması ilə nəticələndi. Yenə də gözlədik. Çox şükür ki, 44 gün davam edən İkinci Qarabağ müharibəsindəki Qələbəmiz, sarsılmaz dəmir yumruq əsrlərdən bəri boyun əydiyimiz imperiya şovinizmini laxlatdı. Həmişə göstəriş verən tərəf kimi, hökmünü yeridən imperiya 2023-cü ildə aparılan qısamüddətli lokal anttiterror tədbirləri nəticəsində son nəfəsini verdi. Qələbəmizdən sonra da saman altından su yeritmək siyasəti ilə müstəqilliyimizə və suverenliyimizə qarşı təxribatlar törədən şimal qonşumuzun Bakı-Qroznı reysini yerinə yetirən Azərbaycana məxsus sərnişin təyyarəsinə qarşı törətdiyi terror aktı udulası düşmən tikəsi deyildi.

AZAL-a məxsus təyyarəmizin ötən ilin dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması, hadisə nəticəsində 38 nəfərin həlak olması xalqımızı dərindən sarsıtdı. Rusiyanın hava məkanında təyyarəmizə qarşı törədilən terror aktı iki ölkə arasındakı körpüləri laxlatdı. Bu hadisə ilə başlanan Rusiya -Azərbaycan gərginliyi son olmadı. Yekaterinburqda soydaşlarımıza qarşı göstərilən təzyiqlər, işgəncələr nəticəsində milliyyətcə azərbaycanlı olan, Rusiya vətəndaşları iki qardaşın ölümü ilə nəticələnən cinayət bağışlanılmaz terror hadisəsi idi. Həmin şəhərdə yaşayan Azərbaycan diasporunun rəhbərinə qarşı qeyri- qanuni həbs-qətimkan tədbirinin seçilməsi heç bir qanuna sığmayan ədalətizlik idi.

Azərbaycan qonşu və tərəfdaş kimi baş verən hadisələrlə bağlı rəsmi Kremlin məsuliyyəti öz üzərinə götürəcəyini və bu ədaləti təmin edəcəyini gözlədiyi halda Rusiyanın digər şəhərlərində də azərbaycanlılara qarşı kütləvi həbslərin aparılması bağışlanılası hal deyildi.
 Təyyarə qəzası ilə bağlı qəti etirazını dəfələrlə Rusiyanın rəsmi nümayəndələrinə çatdıran, terrorla əlaqədar məsuliyyəti öz üzərinə götürüb, üzr istəməsini, qəzadan zərərçəkənlərə təzminat ödənilməsini tələb edən Prezident İlham Əliyevin haqlı sözlərinə hələ də biganə yanaşılması sonrakı narahatlıqlar üçün stimul yaratdı. Azərbaycanda agent şəbəkəsi formalaşdıran «Rusiya jurnalistləri»nin həbsinə etiraz edən rəsmi Kreml öz əməlləri üçün hesabat verməli olduğunu unutdu.

III Şuşa Qlobal Media Forumunda məsələ ilə bağlı verilən suala «Təəssüflər olsun ki, biz Rusiya rəsmilərindən heç bir cavab almamışıq. Artıq bu hadisədən yeddi ay keçibdir. Bizim üçün hər şey aydındır, biz bilirik nə baş verib. Biz bunu sübut edirik və bilirik ki, Rusiya rəsmiləri də bundan xəbərdardır. Onlar da gözəl bilirlər nə baş verib. Ona görə də istənilən qonşu bunu etməli idi. Bizim tələbimiz təbii tələb idi. Qoy, öz günahlarını etiraf etsinlər. Bizim təyyarəni vuranlar cəzalandırılsın və ailələrə təzminat ödənilsin, qurbanların və yaralıların ailələrinə, AZAL-ın təyyarəsinə görə də təzminat ödənilməlidir» sözləri ilə aydınlıq gətirən Prezident İlham Əliyev təyyarənin füzulyajı dəlmə-deşik edilməsinin, hətta təyyarədə olanların iki nəfəri də qəlpə yarası almasının terrordan başqa adı olmadığını qətiyyətlə bildirməklə, Rusiyanın açıqlamasını gülünc iddia, uşaq bağçası səviyyəsində hekayə adlandırdı. O da bildirildi ki, Azərbaycan ədalətə nail olacaq.

III Şuşa Qlobal Media Forumunda iştirak edən tanınmış jurnalist, Rusiyanın TASS Agentliyi baş direktorunun keçmiş birinci müavini Mixail Qusmanın və rusiyalı politoloq Sergey Markovun Bakıya gəlişinə düşmənçilik donu geyindirilməsi və bu şəxslərin cəzalandırılması Moskvanın Bakı ilə dostluq və müttəfiqlik çərçivəsindən nə qədər uzaqlaşdığını bir daha nümayiş etdirdi. İnformasiya cəbhəsində gərginliyin yaranmasına səbəb oldu. Rusiya Federasiyasının dövlət informasiya agentliyi olan TASS-ın son günlərdə Azərbaycana qarşı apardığı informasiya təxribatı ədalətsizliyin ideoloji formada davamının təzahürüdür. Agentliyin saytında Xankəndi ifadəsinin bilərəkdən «Stepanakert»” adlandırılması, həmin şəhərdə erməni əsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün sökülməsinə etiraz bildirilməsi müstəqil dövlətin daxili işlərinə müdaxilədir. Məsələyə etirazını bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında qeyd olundğu kimi, heç bir səbəb , ən əsası isə rəsmi Bakının icazəsi olmadan Xankəndidə müvəqqəti yerləşən rus sülhməramlıları tərəfindən quraşdırılan erməni heykəlinə Azərbaycanda ehtiyac yoxdur. Bununla da «Azərbaycanda rus mədəniyyəti məhv edilir”» kimi sərsəm iddialara əsaslı cavab verilərək antitəbliğata son qoyulması xəbərdarlığı edildi.

Daim Azərbaycanın maraqlarını müdafiə edən TASS-ın baş direktorunun sabiq birinci müavini Mixail Qusmanın agentliyin rəhbərliyindən uzaqlaşdırılmasından sonra ermənipərst ritorikadan qaynaqlanan bu «narahatçılığın» səbəbi bəllidir. Son aylarda Rusiyanın Azərbaycana qarşı ədalətsiz mövqeyi göstərir ki, Şimaldan əsən küləklər Cənubi Qafqaza heç vaxt sərinlik gətirməyib. İmzalanmış müttəfiqlik sənədlərinə belə əhəmiyyət verməyən rəsmi Kremlin davranışında anti-Azərbaycan ruhunun aydın hiss olunması, proseslərin bu istiqamətdə davamı təbii ki, beynəlxalq hüququ və mehriban qonşuluq prinsiplərini pozan Moskvanın siyasətinə daha çox mənfi təsir göstərir. Dünyada baş verən hadisələrdən də aydın olur ki, Azərbaycanla münasibətlərdə açıq şəkildə düşmənçilik siyasəti qarşı tərəfə xeyir gətirməyəcək. Şuşa Forumunda tanınmış ukraynalı jurnalist Dmitri Qordonun sualını cavablandıran Prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi fikirlər, eyni zamanda, təyyarə qəzasına görə Beynəlxalq Məhkəməyə müraciət ediləcəyi anonsu Rusiyada təşvişlə qarşılanıb.

Münasibətlərin kəskinləşdiyi bir dövrdə ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumundakı çıxışını paylaşması Azərbaycana beynəlxalq səviyyədə ən etibarlı dəstəkdir. Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Vaşinqtonda gözlənilən görüşün anonsu da ölkəmizin xarici siyasətinin beynəlxalq səviyyədə dəstəklənməsidir. Cənubi Qafqazda baş verən hadisələrdən bir növ kənarlaşdırılan, daha çox ayırıcılıq siyasəti yeridən Rusiyadan fərqli olaraq, bölgədə sabitliyə daha çox töhfə verən Türkiyə amilinə daha çox üstünlük verilməsi günümüzün reallığıdır. Belə ki, «Stepanakert» sevgisi ilə Azərbaycana qarşı xoş olmayan məramını ortaya qoyan rəsmi Moskvanın köhnə adı, yəni ölünü diriltmək cəhdi şeyx Nəsrullahın teleyi ilə nəticələnəcək. AZƏRTAC-ın bu günlərdə yaydığı bəyanatında qeyd olunduğu kimi, Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin, tarixi adların əsl mənşəyinin xatırlanması zərurəti yaranacaq.

Xuraman İsmayılqızı, «İki sahil»