İran hökuməti istilər səbəbindən elektrik enerjisi istehlakını azaltmaq üçün bir çox hökumət qurumlarını bağlamaq barədə sərəncam verib.
“İki sahil” İran KİV-inə istinadla xəbər verir ki, bu qərarın təşəbbüskarı Energetika Nazirliyi olub.
"İranın 31 vilayətindən azı 15-də dövlət qurumu ya bağlanacaq, ya da qısaldılmış qrafiklə işləyəcək", - məlumatda deyilir.
Tehranın qubernatoru Mohammad Sadek Motamedianın sözlərinə görə, bu, su və elektrik təchizatı sektorlarında enerji istehlakının idarə edilməsinə yönəlib.
İyulun ortalarında başlayan yüksək temperaturlar İranın enerji sisteminə əlavə yük yaradıb. Ölkənin cənubunda temperatur 50°C-ni keçib.
Zərər çəkən vilayətlər arasında şimal-qərbdə Qərbi Azərbaycan və Ərdəbil, cənubda Hörmüzgan və şimalda Əlborz, həmçinin paytaxt Tehran var.