Daha bir yurd həsrətli həmvətənimiz İmran Nurəliyev dünyasını dəyişdi.
Qərbi Azərbaycan layihəsi çərçivəsində ilk görüşümüzü elə İmran Nurəliyevin evindən başlamışdıq. Nurani çöhrəsi, xoşgörülü insan olması ətraf insanlarda özünə qarşı hörmət hissi yaradırdı İmran dayı. Maraqlı, yadda qalan görüş oldu. Xatirəyə çevrilən görüş. İmran Nurəliyev 1937-ci ildə Şərur-Dərləyəz qəzasının Çivə kəndində anadan olub. İlk təhsilini Çivədə alıb. İmran Nurəliyev: “1951-ci ildə Çivə kəndində yerli hökümət iclas edib bildirdilər ki, buradan köçməlisiniz Stalinin əmridir. Əgər indi köçsəniz dövlət hesabına köçəcəksiniz. Lakin sonraya qalsanız öz hesabınıza köçəcəksiniz”. Onlar 1951-ci ilin payızında Məmmədağı Qəmbərov, Calal Abbasov, Qasım Abbasov, Əlkbər Abbasovla (dayıları) birlikdə dogma kəndlərindən deportasiya edilərək yük vaqonlarında əvvəlcə Yevlaxa, sonra isə Bərdə rayonun Xanərəb kəndinə köçürülüblər. Bir qış Xanərəb kəndində qaldıqdan sonra İmirli kəndinə qayıdıblar. İmran Nurəliyev sonra orta təhsilini bir müddət İmirlidə, qonşu Şahvələr və Xanərəb kəndlərində davam etdirib. Əbdürəhman Vəzirovun hakimiyyəti dönəmində köç biletlərini müəmmalı şəkildə onlardan yığıblar. İmran Nurəliyev bu gün Çivə icmasının kompakt yaşadığı Bərdə rayonu İmirli kəndində dəfn edilib.
Ruhu şad olsun!
Səməd Vəkilov
Müvəkkil Hüquq Mərkəzi İctimai Birliyinin sədri araşdırmaçı-hüquqşünas