Rusiyada partlayışlardan sonra “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb.
“İki sahil” xəbər verir ki, bu barədə “RBK-Ukrayna” mənbələrə istinadən məlumat yayıb.
Mənbənin məlumatına görə, avqustun 2-də Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri sıradan çıxıb. O, “Qazprom”a məxsus qaz kəməri sisteminin bir hissəsidir və Türkmənistandan təbii qazı Özbəkistan və Qazaxıstan vasitəsilə Rusiyaya nəql edir.
Qeyd olunur ki, partlayışlar barədə xəbərlərdən sonra Rusiyanın fövqəladə hallar xidmətləri qaz kəmərinə doğru yola düşüb. Yerli sakinlərin sözlərinə görə, hüquq-mühafizə orqanları və təmir briqadaları partlayışın nəticələrini aradan qaldırmaq üçün Volqoqrad vilayətinin Nexayevski rayonunun Dinamovskoye kəndi ərazisindədir.
Bu boru kəməri Rusiya hərbi-sənaye kompleksinin bir sıra obyektlərini – Demixovski Maşınqayırma Zavodunu, MİQ Rusiya Təyyarəqayırma Korporasiyasını (1 nömrəli İstehsalat Kompleksi), “Maqnum-K” patron istehsalı zavodunu və başqa obyektləri enerji ilə təmin edir.
Bildirilir ki, Volqoqrad vilayətində “Mərkəzi Asiya-Mərkəz” magistral qaz kəməri ilə qaz nəqli qeyri-müəyyən müddətə dayandırılıb.
Daha əvvəl Ukrayna PUA-larının Samara vilayətində Novokuybışevkadakı sənaye obyektinə hücum etdiyi bildirilirdi. PUA-ların yerli neft emalı zavodunu vurduğu qeyd edilirdi.
Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ryazan Neft Emalı Zavoduna zərbələr endirdiyi də bildirilib.