02 avqust 2025 00:39
170

Artıq Rusiyada anlamlıdırlar ki…

İndi bölgənin ən güclü ölkəsi olan Azərbaycanla şərtlərlə, əmr tonunda danışmaq mümkün deyil

Son günlər Rusiya KİV-lərinin anti-Azərbaycan təbliğatına artıq bu ölkənin rəsmiləri də açıq şəkildə qoşulublar. Əvvəla qeyd edək ki, Rusiyanın Solovyov, Skabayeva və Simonyan kimi faşist ruhlu jurnalistləri nəinki ölkəmizə yönəlik böhtan kampaniyasının önündə gedir, hətta ölkəmizi müharibə ilə təhdid edirlər. Bu yaramazlar hələ də anlamaq istəmirlər ki,  Azərbaycanla  Rusiyanın  münasibətlərinin kəskinləşməsinə səbəb ötən ilin dekabrın 25-də AZAL-a məxsus  «Embraer 190» tipli sərnişin təyyarəsinin Bakı-Qroznı reysini yerinə yetirərəkən Rusiya hərbi hava qüvvələri tərəfindən vurulması olub. Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Təbii ki, təyyarəmizin qəsdən vurulaması və buna görə Rusiyanın nəinki, təzminat ödəməməsi, hətta üzr istəməməsi Azərbaycan dövlətinin haqlı narazılığına səbəb olmuşdur.  Xatırladaq ki, 2020-ci ilin noyabrın 9-da  Azərbaycan Rusiyaya məxsus hərbi helikopteri səhvən vurandan sonra rəsmi qaydada üzr istəyərək hətta təzminat da ödəmişdi. Azərbaycan dövləti də eyni münasibəti haqlı olaraq Rusiyadan gözləyir.

Rusiyadakı bu anti-Azərbaycan qüvvələrin başında təbii ki, Kreml bürokratları dayanıb. Lakin onlar anlamalıdırlar ki, Azərbaycan artıq ötən əsrin 90-cı illərindəki  zəif ölkə deyil. Bu gün bölgənin ən güclü ölkəsi olan Azərbaycanla şərtlərlə, əmr tonunda danışmaq  mümkün deyildir. Çünki ölkəmizin qüdrətli ordusu, qətiyyətli Prezidenti və diqqətçəkən geosiyasi  nüfuzu var.  

Əvvəldə qeyd etdiyimiz kimi, anti-Azərbaycan təbliğatına qoşulan Rusiya rəsmiləri qeyri- diplomtik jestləri ilə, xüsusən də ölkəmizin daxili işlərinə qarışmaqla özlərini  biabır edirlər. Məsələn, Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy yenidən  müvafiq tapşırıqlar əsasında anti-Azərbaycan kampaniyasına qoşulub. Ona görə də Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə bu mədəniyyətsiz «mədəniyyət adamı»na kəsərli cavab verib: «Erməniəsilli rəssam İvan Ayvazovskinin (Hovanes Ayvasyan) büstünün Rusiya sülhməramlıları tərəfindən Azərbaycan tərəfinin icazəsi olmadan torpaqlarımızda quraşdırılması qanunsuz idi. Bu, Azərbaycan Respublikasının suverenliyinə münasibətdə Rusiya tərəfindən hörmətsizliyin təzahürü olub. Azərbaycan ərazilərinin işğalı zamanı qanunsuz olaraq qoyulmuş bu kimi dırnaqarası abidələrin sökülməsi məntiqli, düzgün və qanunauyğundur.»

Şvıdkoy uydurmalarında mahirdir və insanları inandırmağa çalışır ki, guya Azərbaycanda Rusiya mədəniyyətinin ləğv edilməsi prosesi gedir. İndi onun və onun kimi dayaz düşünənlərin diqqətinə çadırmaq istəyirik ki, bu gün Cənubi Qafqazda Rusiya mədəniyyəti ən geniş şəkildə Azərbaycanda qorunur və təbliğ olunur. Məsələn, ölkəmizdə rus teatrı, rus dilində məktəblər, rus dilində nəşrlər mövcuddur. Gürcüstandan və Ermənistandan fərqli olaraq Azərbaycanda rusların yaşadığı və milli mədəniyyətlərini və dillərini qoruduğu onlarla kənd və qəsəbələr var.

Bəs gəlin görək bunun qarşılığında Rusiyda Azərbaycan xalqına aid hansı mədəni-hümanitar müəssəsələr fəaliyyət göstərirmi? Təbii ki, birini də tapmaq mümkün deyil. Məlumdur ki, bu sahədə Azərbaycanın atdığı addımlar Rusiyadan fərqli olaraq ölkəmizin hümanistliyindən və tolerantlığından xəbər verir. Ona görə də Rusiya rəsmiləri bilməlidirlər ki, əgər onların anti-Azərbaycan tədbirləri və açıqlamaları davam edəcəksə, Azərbaycanla Rusiya arasındakı mədəni- hümanitar sahədə nəzərə çarpan disparitetə düzəlişlər ediləcəkdir. Yəni, onlarda nə qədərdisə, biz də o qədər olacaqdır.

Çox qəribədir ki, bu Şvıdkoyun ermənipərəsliyi o qədər güclüdür ki, həqiqətləri görməzlikdən gəlir. Hətta o bu yaxınlarda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində, Şuşada olan zaman Natəvan, Üzeyir Hacıbəyli, Bülbül və Azərbaycanın digər mədəniyyət xadimlərinin abidələrinə qarşı vəhşiliklərlə, habelə Azərbaycan ərazisində törədilmiş dağıntılarla tanış olarkən cəsarət tapıb bu halları pisləyən açıqlamalar verməmişdir.

Bundan başqa, iyulun 31-də Rusiya Federasiyasının TASS informasiya agentliyi «Stepanakertdə Ayvazovskinin abidəsi söküldü» başlıqla xəbər yayıb. Artıq bu da Rusiya KİV-ləri tərəfindən ölkəmizəyönəlik  növbəti təxribatdır. Xəbərin başlığından da göründüyü kimi, ölkəmizə qarşı kin-küdurət qusanların məqsədi tarixin zibilliyinə atılmış «Stepanakert» adını diriltməklə Ermənistandakı revanşistlərə pas ötürməkdir.

Ən böyük riyakarlıq isə odur ki, uzun illər ərzində Azərbaycan- Rusiya mehriban qonşuluğuna dair xəbərləri mütəmadi tirajlayan TASS qəflətən əvvəlki kursunu dəyişərək tarixin zibilxanasına atılmış «Stepanakert» toponimindən istifadə edir. Halbuki bu yaxınlaradək agentlik öz xəbərlərində şəhərin rəsmi və tarixi adından – Xankəndidən istifadə edirdi.

Əslində, diqqət etsək görərik ki, son bir həftə ərzində TASS-da həm ölkəmizə qarşı qərəz, həm də Azərbaycan həqiqətlərini cəsarətlə səsləndirənlərə  qarşı ciddi təzyiqlər var. Xüsusilə agentliyinin baş redaktorunun birinci müavini Mixail Qusmanın vəzifəsindən azad edilməsi ölkəmizdə birmənalı qarşılanmadı. Məlumdur ki, Qusmandan qisas aldılar. Çünki  onun III Şuşa Beynəlxalq Media Forumunda iştirakı və ölkəmizə dair xoş sözləri Rusiyadakı anti-Azərbaycan qüvvələri, xüsusilə də erməni lobbisini sarsıtmışdı. Məhz Bakıda doğulub boya-başa çatan Qusmanın Forumdan sonra TASS rəhbərliyindən uzaşlaşıdırılması dediklərimizin təsdiqidir.

Xatırladaq ki, Xankəndi XVIII əsrin sonunda yaranmış yaşayış məntəqəsinin tarixi adıdır. Azərbaycan dilindən tərcümədə bu, «Xanın kəndi» deməkdir. Xankəndidə İbrahimxəlil xanın malikanəsi yerləşirdi və orada hökmdara məxsus Qarabağ cinsinə aid atlardan ibarət at sürüsü saxlanılırdı. 1923-cü il iyulun 7-də ölkənin bolşevik rəhbərliyi tərəfindən Dağlıq Qarabağ Muxtar Vilayəti (DQMV) yaradıldıqdan sonra (bu addım özü zamanla partlayacaq mina olmuş və Ermənistan-Azərbaycan inzibati-ərazi bölgüsündə ədalətsizliyin və disbalansın əsasını qoymuşdu) vilayətin inzibati mərkəzi olan Xankəndi şəhəri həmin il avqustun 10-da sovet tarixşünaslığının yazdığı kimi , «Bakı kommunasının rəhbəri», əslində isə Azərbaycan xalqının qanlı cəlladı olan Stepan Şaumyanın şərəfinə (əslində isə şərəfsizliyinə E.Z) «Stepanakert» adlandırıldı.

Digər bir xatırlatma-1991-ci il noyabrın 26-da Azərbaycan Respublikasının Ali Sovetinin qərarı ilə şəhərə onun əvvəlki tarixi adı qaytarıldı. 2023-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəhərin əsas meydanında Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı və son prezident seçkiləri günü – 2024-cü il fevralın 7-də o, bu şəhərdə səs verdi, qutuya atdığı bülleteni «erməni separatçılarının tabutuna vurulmuş son mıx» adlandırdı.

Əgər Rusiya KİV-ləri və xüsusən də TASS bundan sonra da ölkəmizin toponimlərini erməniləşdirsələr Azərbaycan tərəfi də onlara əks- cavab verməyə məcbur olacaqdır. Xüsusilə indi Rusiyada adı rusdlaşdırılmış yüzlərlə toponimlər var. Bu barədə Azərbaycanın rəsmi dövlət agentliyi olan AZƏRTAC-ın araşdırmaları da var. Məsələn, biz gələcək xəbərlərimizdə Kalininqrad (Köniqsberq), Orenburq (Orınbor), Volqoqrad (Sarısu), Qroznı (Solja-Qala), Novorossiysk (Sudjuk-Kale), Yujno-Saxalinsk (Toyoxara), Yujno-Kurilsk (Furukamappu), Petrozavodsk (Petroskoy), İjevsk (İjkar), Volqa çayı (İtil) və bir sıra digər yerlərin tarixi adlarını yada salıb istifadə etmək məcburiyyətində qalacağıq

Elçin Zaman, «İki  sahil»