01 avqust 2025 22:40
121

Qlobal Cənub və Qlobal Şimal arasında körpü olduq

Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir 

Əməkdaşlıq məkanı kimi tanınan və nüfuz qazanan Azərbaycanın beynəlxalq təşkilatlarda möhkəmlənən mövqeyi bugünümüzün reallıqlarında özünün aydın ifadəsini tapır. Sıralarında 120 ölkəni  birləşdirən, BMT Baş Assambleyasından sonra ikinci böyük siyasi təsisat olan Qoşulmama Hərəkatına 4 ililk sədrliyi ilə qazandığı zəngin təcrübəni bu gün istər ev sahibliyi etdiyi beynəlxalq əhəmiyyətli tədbirlərdə, istərsə də üzvü olduğu qurumların beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlarda özünü nümayiş etdirir. Ölkəmiz ötən il dünyanı Bakıya torplayan COP29 iqlim konfransına ev sahibliyi etməklə də bu çağırışı səsləndirdi ki, əsas hədəfimiz az inkişaf etmiş, ekzistensial təhdidlə üzləşmiş ölkələri dəstəkləmək olacaq. Biz bunu etdik. Bütün proses boyu Azərbaycan  inkişaf etməkdə olan ölkələrin, xüsusilə kiçik ada dövlətlərinin və ən az inkişaf etmiş dövlətlərin ehtiyaclarını nəzərə alan nəticə əldə etməyə çağırış etdi. Çünki onlar iqlim dəyişmələrinin ağır yükünü daşıyırlar və ekzistensial təhlükə ilə üzləşirlər. Ölkəmiz, həmçinin müstəmləkə idarəçiliyi ilə daha da ağırlaşan ekoloji problemlərdən əziyyət çəkən xalqlar və regionlar ilə həmrəylik nümayiş etdirdi. Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpülərin qurulması üçün səylərini əsirgəmədi və bunun nəticəsində dünya tarixi Bakı nailiyyətinə şahid oldu. Bakı COP-da İtki və Zərər Fondu tam işlək vəziyyətə gətirildi. Biz, həmçinin karbon bazarına dair çoxdan gözlənilən 6-cı maddənin tam işlək vəziyyətə gətirilməsinə nail olduq. Ən əsası, Bakı COP 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 300 milyard dollar təmin etmək üçün qarşıya yeni qlobal məqsəd qoyan Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) şahidi oldu. Bu razılaşma inkişaf etməkdə olan ölkələrə iqlim dəyişmələrinin fəsadları ilə mübarizədə kömək edəcək. Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirən dövlət başçısı İlham Əliyev bildirdi ki,  COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək. 

Ötən ayın əvvəlində Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü bir daha Azərbaycanın beynəlxalq münasibətlər sistemində iqtisadi, siyasi mövqeyinin təqdimatında əhəmiyyətli rol oynadı. Cənab İlham Əliyev həmin Zirvə görüşündə bir daha diqqəti Azərbaycanın iqtisadi imkanlarına yönəldərək bildirdi ki, ölkəmizdə çox müsbət sərmayə iqlimi vardır. Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 350 milyard ABŞ dollarına yaxın sərmayə qoyulmuşdur ki, bunun da yarısı xarici sərmayədir. Bu gün Azərbaycan bir çox ölkələrin enerji təhlükəsizliyini təmin edir və müxtəlif qaz boru kəmərləri vasitəsilə 12 ölkəyə təbii qaz ixrac edir. Bu göstəriciyə görə Azərbaycan  dünyada ön sıralardadır. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ərazisindən keçir və ECO-ya üzv ölkələrin əksəriyyəti bu dəhlizlərdən istifadə edir.

     Dövlətimizin başçısı İlham Əliyev bu günlərdə III Şuşa Qlobal Media Forumundakı çıxışında da təşkilatın böyük potensilı olduğunü önə çəkərək bildirdi ki, Xankəndidə Zirvə görüşündə  bu təsisata yeni bir ölçü gətirmək istədik: «Zirvə görüşündən əvvəl mən Baş katib cənab Xan ilə görüşdüm, - bildiyiniz kimi, o, pakistanlıdır, - razılığa gəldik ki, bu dəfə müxtəlif forumlar keçiriləcək. Onların hamısı burada, azad edilmiş ərazilərdə, biri Şuşada, digəri Ağdamda və üçüncüsü isə Laçında təşkil olundu. Biznes, Qadınlar və Gənclər forumları baş tutdu. Sonra isə həmin forumların təmsilçiləri Zirvə görüşündə dövlət başçıları qarşısında müzakirə etdikləri və razılaşdırdıqları məsələlər barədə hesabat verdilər. Beləliklə, bizə lazımdır ki, ECO daha güclü və səmərəli olsun, çünki ölkələrin potensialını real qaydada bilirik.»

   Cənab  lham Əliyev onu da  qeyd etdi ki, üzv dövlətlər arasında daha fəal və o qədər fəal olmayan ikitərəfli münasibətlər var. Lakin  çoxtərəfli yanaşma lazımdır: «Bu baxımdan, düşünürəm ki, Azərbaycanın səyləri qiymətləndirildi. Həmin öhdəliyi biz sədr kimi üzərimizə götürdük və  işlərin uğurlu olacacına əminik. Azərbaycanın  ECO-dan xeyli böyük olan təsisatlarda, o cümlədən Qoşulmama Hərəkatında zəngin sədrlik təcrübəsi var. Üç il ərzində fəaliyyətimiz o qədər yaxşı oldu ki, üzv dövlətlər yekdil olaraq sədrliyimizi bir il də artırmaq qərarına gəldilər. Beləliklə, Azərbaycan dörd il ərzində sədr oldu və Qoşulmama Hərəkatına çox dinamika gətirdi.  Parlament Şəbəkəsi yaradıldı.  Qadınlar və Gənclər platformaları təsis olundu.  Bir sözlə, beynəlxalq təşkilatı daha güclü və hərtərəfli edən işlərin hamısı görüldü.» Ölkə Prezidenti  bu çağırışı da etdi ki,  biz və bir çox digər ölkələr müxtəlif beynəlxalq təsisatlarda iştirak edirik, lakin bəzən həmin beynəlxalq təsisatlarda həmrəylik çatışmır.

   Bu reallıq da inkaredilməzdir ki, güclü iqtisadiyyat, güclü ordu, daxili sabitlik, xalq-iqtidar birliyi xarici siyasətimizin əsas amilləridir. Çünki xarici siyasət daxili siyasətin davamıdır. Ona görə bundan sonra da xarici siyasətimiz çox aydın, açıq olacaq və bu gün dünya ictimaiyyəti siyasətimizi bəyənir və dəstəkləyir. Əgər belə olmasaydı, 155 ölkə Azərbaycanı BMT Təhlükəsizlik Şurasına üzv seçməzdi. Əgər belə olmasaydı, 120 ölkə bizi Qoşulmama Hərəkatına sədr seçməzdi. Əgər belə olmasaydı, dünya birliyi COP29 Konfransının Azərbaycanda keçirilməsi ilə bağlı qərar qəbul etməzdi. Dövlət başçısı İlham Əliyev Azərbaycanın güclü iqtisadiyyatının müstəqil xarici siyasətin həyata keçirilməsinə geniş imkanlar yaratdığını bildirir. Bunun üçün ölkəmizin son 21 ildən artıq dövrdə  qazandığı sosial-iqtisadi göstəricilərə diqqət yetirmək kifayətdir.  Bu illər ərzində ölkəmizdə əlverişli investisiya mühiti yaradılıb. Belə ki, Azərbaycan iqtisadiyyatına 350 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da 200 milyard dollara yaxını qeyri-enerji sektorunun payına düşür. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib.

    Azərbaycanın mövqeyinin möhkəmləndirilməsində yerləşdiyi coğrafi məkan mühüm rol oynayır. Şərqlə Qərbin qovuşağında yerləşən ölkəmiz dövlətlər, xalqlar arasında körpü roluna yeni əməkdaşlıq formatlarının yaradılması ilə əlavələr edir. Dövlətimizn başçısı İlham Əliyev çıxışlarında  bu məqama  da xüsusi  diqqət yönəldir ki, coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artmasını nəzərə alaraq, biz bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər yatırırıq.

     Azərbaycan nəqliyyat sahəsində dünyada lider dövlətlərdən biridir. Ölkəmizdə yol-nəqliyyat infrastrukturunun yenilənməsi, təkmilləşdirilməsi dövlətimizin həyata keçirdiyi iqtisadi siyasətin əsas tərkib hissəsidir. Yol iqtisadiyyat, eyni zamanda, əməkdaşlıq əlaqələrinin coğrafiyasının genişləndirilməsi üçün böyük stimuldur. Bu gün təkcə işğaldan azad edilmiş ərazilərimizdə yaradılan yol infrastrukturunun timsalında Azərbaycanın beynəlxalq nəqliyyat mərkəzinə çevrildiyini böyük əminliklə deyə bilərik. Belə ki, bu torpaqlarda 3 beynəlxalq hava limanı tikilib istifadəyə verilib.  Azərbaycan bu sahədə də qazandığı uğurları ilə beynəlxalq maliyyə qurumlarının hesabatlarında liderliyini qoruyur.

Dövlət başçısı tarixi Zəfərimizin reallıqlarından söhbət açarkən Azərbaycanın tranzit imkanlarının genişlənməsində öz sözünü deyəcək Zəngəzur dəhlizinin açılması məsələsinə də daim  xüsusi diqqət göstərir.  Yuxarıda qeyd etdiyimiz Şuşa Qlobal Media Forumunda da cənab İlham Əliyev bildirdi ki, Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq. Gürcüstandan keçməklə Azərbaycanı Türkiyə ilə birləşdirən dəmir yolu xətti çəkilib. Müasir infrastrukturun qurulması nəticəsində Azərbaycan ərazisindən tranzit daşımaların həcmi artır. Həmçinin rəqəmsallaşma prosesi gedir, gömrük inzibatçılığı sadələşdirilir. Bu, həm də regionumuzda baş verən geosiyasi dəyişikliklər, digər tranzit marşrutların problemli hala gəldiyi bir vaxtda baş verir. Ona görə də bütün bunları nəzərə alaraq, Zəngəzur dəhlizinin potensialını ilkin mərhələdə 15 milyon ton yük səviyyəsində qiymətləndiririk.

Azərbaycanın beynəlxalq nüfuzu, bütün sahələrdə zəngin təcrübəyə malik olması, ən əsası sülhün, təhlükəsizliyin, əməkdaşlığın tərəfdarı olması və bunu atdığı addımlarda təsdiqləməsi iqtisadi, siyasi, humanitar, diplomatik mərkəz kimi nüfuz qazanmasında əhəmiyyətli rol oynayır. Azərbaycanın xarici siyasətinin çoxşaxəliliyi, tolerant, multikultural dəyərlərin inkişafına davamlı töhfələr verən ölkə kimi tanınması da özündə mühüm məqamları ehtiva edir. Ölkəmiz daim qlobal problemlərin həllində həmrəyliyin, birliyin gücləndirilməsini, vahid mövqeyinin ortaya qoyulmasını əsas faktor kimi diqqətə çatdırır. Dövlətimizin başçısı İlham Əliyev bildirir ki,  körpü salmaq, müxtəlif tərəflər arasında anlaşma yaratmaq kimi məsələlərdə göstərdiyimiz səylər BMT və bir çox beynəlxalq tərəfdaşlar tərəfindən lazımınca dəyərləndirilir. öz rolumuzu Qlobal Cənub və Qlobal Şimal arasında körpü kimi gördük. Düşünürəm ki, bunun öhdəsindən gələ bildik.

Yeganə Əliyeva, «İki sahil»