29 iyul 2025 01:59
132

Sülhə əngəl olmaq istəyənlər

Və yaxud rəsmi Bakıya qarşı təzyiqlər niyə səngimir?

Bu ilin martında Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb. Şübhəsiz, mətnin əsas hissəsinin razılaşdırılması müsbət haldır. İyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçirilən görüşdə isə sülh gündəliyinin irəli aparılması üçün müəyyən addımlar atılıb.

Hazırda iki ölkə arasında artıq hərbi qarşıdurma və ya eskalasiya gündəmdə deyil. Amma hələ də bəzi fikir ayrılıqları mövcuddur ki, onların da aradan qaldırılması üçün dialoq davam etdirilir. Yəni, hazırda Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasının dəyişdirilməsi, eyni zamanda, Minsk qrupunun buraxılması gündəmdədir. Bütün bunlarla da Azərbaycan Ermənistanın konstitusiya dəyişiklikləri vasitəsilə ölkəmizə qarşı ərazi iddialarına son qoyduğunu görmək istəyir. Bu iki şərt yerinə yetiriləndən sonra Prezident İlham Əliyevin bildirdiyi kimi, biz sülh müqaviləsini imzalaya bilərik.

Təəssüf ki, Qərbin bəzi aparıcı dövlətləri, həmçinin onlara məxsus qurumlar sülh prosesinə mane olmağa çalışırlar. Bu isə o deməkdir ki, Azərbaycanla Ermənistan arasında, xüsusən Əbu-Dabi görüşündən sonra sülh gündəliyinin irəliləməsi bu qüvvələrin maraqlarına heç bir halda cavab vermir. Odur ki, onlar bu və ya digər üsullarla vəziyyəti yenidən gərginləşdirmək və sülh gündəliyinə xələl gətirmək xəttini seçiblər. Sözügedən qüvvələr regionumuzda baş verən reallıqları adətləri üzrə təhrif edir, ölkəmiz əleyhinə yalan ittihamlar irəli sürürlər. Son günlərin hadisələrini araşdıranda bir daha bu qənaətə gəlmək mümkündür. Məsələn, bir neçə gün öncə Belçika Nümayəndələr Palatası insan hüquqlarına qayğı və sülhə dəstək adı altında Cənubi Qafqazın daxili işlərinə qarışmaq istəyini açıq şəkildə nümayiş etdirən anti-Azərbaycan qətnaməsi qəbul edib. Bir qrup ermənipərəst ABŞ konqresmeni Prezident Donald Trampa müraciət edərək Qarabağı könüllü tərk etmiş ermənilərin geri qaytarılmalarını istəyiblər. Fransa Milli Assambleyasında isə ermənipərəst və anti-Azərbaycan ünsürlər tərəfindən yalan ittihamlarla dolu olan yeni qətnamə layihəsi irəli sürülüb. Yeri gəlmişkən onu da vurğulayaq ki, hazırda Ermənistanda revanşist ideyaların yeni dalğasının baş qaldırması, regiondakı yeni status-kvonu şübhə altına alınmasına cəhdlər olması da elə bu kimi düşüncə sahiblərinin “məhsul”dur.  

Şübhəsiz, istər Belçika Nümayəndələr Palatasının, istər ABŞ konqresmenlərinin, istər İsveçrə parlamentinin, istərsə də Fransa Milli Assambleyasının niyyəti aydındır: nəyin bahasına olursa-olsun Azərbaycanla Ermənistan arasında sürətlənən sülh danışıqlarına mane olmaq. Bununla da onlar Cənubi Qafqazda süni gərginlik və müharibə ocağı yaratmağa çalışırlar. Bütün bunlara ən böyük dəstəyi erməni lobbisi və ermənipərəst dairələr verirlər. Onlar bu məqsədlə dedikləri ilə oturub-duranlara külli miqdarda vəsait xərcləyirlər. Bu fəaliyyətin əsas məqsədi isə Azərbaycan və erməni xalqları arasında nifaq toxumu səpmək, regionda yaranmaqda olan sülh və əməkdaşlıq mühitinə zərbə vurmaqdır. Bugünlərdə Amerika Erməni Assambleyası həmsədrləri - Oskar Tatosyan və Talin Yakubyanın Dövlət katibi Marko Rubioya müraciətləri də bu kontekstdə nəzərdən keçirmək lazımdır. Güman etmək olar ki, Baydenin dövründəki aşkar ermənipərətlik xətti ilə imicinə xələl gətirmiş Vaşinqton bu kimi çağırışlara məhəl qoymayacaq.

Şübhəsiz, bu kimi təxribatlar Prezident İlham Əliyevin yürütdüyü müstəqil siyasətə zərrə qədər təsir göstərə bilməyəcək və Cənubi Qafqaz regionunda baş verən proseslərə xarici müdaxilələrə heç bir halda yol verilməyəcək. Bir sözlə, Qərbin bəzi aparıcı dövlətlərinin, həmçinin onlara məxsus qurumların bu kimi addımları nə  regional gücə çevrilən ölkəmizin beynəlxalq mövqeyinə, nə də regionda formalaşmaqda olan sülh gündəliyinə xələl gətirəcək.

Qvami Məhəbbətoğlu, “İki sahil”