Azərbaycan Dillər Universitetinin Konfutsi İnstitutunun direktoru, çin dili üzrə hərbi tərcüməçi Rafiq Abbasovun Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) yaradılmasının 98-ci ildönümünə həsr olunmuş “Çinin hərbi diplomatiyası” mövzusunda mühazirəsi dinlənilib.
Azərbaycan Dillər Universitetindən “İki sahil”ə verilən məlumata görə, R. Abbasov bu ölkənin hərbi-fəlsəfi fikir tarixindən, Çin sivilizasiyasının formalaşmasında hərbi doktrina rolundan danışaraq, xüsusilə Çin ordusunun və hərbi sənaye kompleksinin modernləşdirilməsinin hərbi-siyasi prioritetlərinə, müasir mərhələdə Çin Silahlı Qüvvələrinin qarşısında duran strateji vəzifələrə diqqət çəkib.
R.Abbasov Çinin hərbi siyasətinə dair “Ağ Kitab”ın əsas müddəalarından - “Yeni dövrdə Çinin milli müdafiəsi”, o cümlədən regional və beynəlxalq təhlükəsizliyin təmin edilməsi sahəsində siyasətdən, Çin ordusunun bəşəriyyət üçün ortaq taleyi olan icmanın qurulmasına verdiyi töhfələrdən də danışıb.
O qeyd edib ki, Çin hərbi diplomatiyasının modernləşdirilməsi “Çin arzusu” konsepsiyasına, böyük güc, qonşu və inkişaf etməkdə olan ölkələrlə beynəlxalq hərbi əlaqələrin genişləndirilməsinə və əməkdaşlığa əsaslanır. Bütün dünyada sülhün və inkişafın qorunmasına öz töhfəsini verən Çin Xalq Azadlıq Ordusunun (ÇXAO), BMT-nin sülhməramlı əməliyyatlarında, birgə antiterror və dəniz təlimlərində, beynəlxalq hərbi-idman yarışlarında fəal iştirak edir, təbii fəlakətlərə və epidemiyalara qarşı mübarizədə ölkələrə köməklik göstərir, hərbi elmlər üzrə forumlar təşkil edir. R.Abbasov həmçinin xatırladıb ki, Çin Xalq Respublikasının Sədri Si Cinpin ÇXAO-nin müasir informasiya təminatı qüvvələrinin inkişafının, strateji çəkindirmə qüvvələrinin döyüş qabiliyyətinin artırılmasının, müasir hərbi-texniki sistemlərin tətbiqinin vacibliyini qeyd edib.
R.Abbasov Azərbaycan-Çin hərbi-siyasi və hərbi-texniki əlaqələrinin inkişaf tarixindən, İpək yolunun dirçəlişində Azərbaycanın geostrateji rolundan danışaraq, Avrasiya nəqliyyat dəhlizlərinin fəaliyyətinin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini də qeyd edib.
O həmçinin qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çinə dövlət səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat”da hər iki ölkənin təməl maraqlarının, suverenliyinin, təhlükəsizliyinin və ərazi bütövlüyünün qorunmasında tərəflərin bir-birini dəstəkləyəcəkləri qeyd olunub. Həmçinin humanitar minatəmizləmə sahəsində əməkdaşlığın vacibliyi qeyd edilib.
Mühazirənin sonunda Çin Silahlı Qüvvələrinin genişmiqyaslı transformasiyasından bəhs edən “Yüksəklərə doğru: ÇXAO-nin nailiyyətləri” adlı sənədli film də nümayiş etdirilib.