22 iyul 2025 13:20
143

Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin...

Azərbaycan və Ermənistan arasında sülh üçün real imkanlar mövcuddur.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Tbilisidə gürcü həmkarı Maka Boçorişvili ilə birgə keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan-Azərbaycan münasibətləri və postmünaqişə dövründəki proseslər barədə Gürcüstan tərəfinə ətraflı məlumat verilib.

“Sülh prosesi üzrə perspektivlər ümidvericidir, lakin bu istiqamətdə konkret addımların atılması vacibdir. Təəssüf ki, Ermənistan hələ də üzərinə düşən öhdəlikləri yerinə yetirməyib,” – deyə nazir bildirib.

Azərbaycanın xarici siyasət idarəsinin rəhbəri Ermənistan konstitusiyasından Azərbaycanın ərazi bütövlüyünə dair iddiaların çıxarılmasının vacibliyini də vurğulayıb. O, eyni zamanda, artıq əhəmiyyətini itirmiş Minsk qrupunun fəaliyyətinin tamamilə dayandırılmasının zəruriliyini qeyd edib.

C.Bayramov əlavə edib ki, görüşdə sərhədlərin delimitasiyası prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işləri, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və mina təhlükəsi barədə də ətraflı müzakirələr aparılıb.

Onun sözlərinə görə, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıq potensialı kifayət qədər böyükdür və bu istiqamətdə sistemli işlərin davam etdirilməsi planlaşdırılır.

“Əməkdaşlıq sahəsində qarşıdakı aylar və illərdə daha məqsədyönlü addımlar atılacaq”, – deyə Ceyhun Bayramov vurğulayıb.

Nazir qeyd edib ki, turizm sahəsində də iki ölkə arasında böyük əməkdaşlıq imkanları mövcuddur.

“Ölkələrimizin əlverişli coğrafi mövqedə yerləşməsi bu sahədə birgə layihələrin həyata keçirilməsini aktuallaşdırır,” – deyə o əlavə edib.

Sonda Ceyhun Bayramov gürcüstanlı həmkarını Azərbaycana rəsmi səfərə dəvət edib.