1875-ci ilin 22 iyulunda “Əkinçi” qəzetinin ilk nömrəsinin nəşr olunması ilə Azərbaycan mətbuatının əsası qoyuldu. Həsən bəy Zərdabinin təşəbbüsü ilə yaradılan bu qəzetin əsas məqsədi maarifçilik ideyalarının yayılması, xalq arasında savadlanma səviyyəsinin artırılması və kənd təsərrüfatı mövzusunda faydalı biliklərin çatdırılması idi. “Əkinçi” öz dövrü üçün bir yenilik idi – sadə dildə yazılır, insanları düşündürür, problemlərə toxunur, onları düşünməyə və dəyişməyə səsləyirdi. Cəmi 56 nömrə çıxmasına baxmayaraq, bu nəşr ölkənin ictimai fikrinin formalaşmasında ciddi rol oynadı və sonrakı mətbuat nümunələri üçün zəmin yaratdı.
Azərbaycan mətbuatı son 149 il ərzində müxtəlif mərhələlərdən keçib. Çar Rusiyası dövründə senzura altında fəaliyyət göstərən qəzetlər, XX əsrin əvvəllərində baş qaldıran maarifçilik və müstəqillik ideyaları, sovet dövrünün ideoloji təbliğatı və nəhayət, müstəqillikdən sonrakı dövrdə yaranan plüralizm – bütün bunlar Azərbaycan media tarixinin mühüm mərhələləridir. Hər bir dövr mətbuatın forma və məzmununa təsir göstərmiş, jurnalistikanın funksiyalarını dəyişdirmişdir.
Müstəqillik qazandıqdan sonra Azərbaycanda söz və mətbuat azadlığı sahəsində ciddi dəyişikliklər baş verdi. Senzuranın ləğvi, yüzlərlə yeni qəzet və jurnalın meydana çıxması, özəl televiziya və radio kanallarının fəaliyyətə başlaması, jurnalist təşkilatlarının formalaşması mətbuatın inkişafına güclü təkan verdi. Lakin bu sürətli inkişafla yanaşı, bir sıra problemlər də meydana çıxdı – jurnalistikanın kommersiyalaşması, peşəkarlıq səviyyəsinin qeyri-bərabərliyi, etibarsız və təsdiqlənməmiş məlumatların yayılması bu sahədə mövcud olan çatışmazlıqlardandır.
Bu gün isə medianın əsas inkişaf müstəvisi rəqəmsal platformalardır. Ənənəvi qəzet və jurnalların tirajları azalsa da, onlayn media orqanlarının sayı və təsir dairəsi artır. Xüsusilə sosial media üzərindən yayılan informasiyalar cəmiyyətin rəyini formalaşdırmağa başlamışdır. Bununla belə, bu müstəvidə də yeni çağırışlar ortaya çıxır. Dezinformasiyanın sürətlə yayılması, qərəzli və təxribat xarakterli paylaşımların çoxalması, fakt yoxlanılmadan yayılan məlumatlar cəmiyyət üçün təhlükə yaradır. Bu şəraitdə peşəkar jurnalistikanın rolu daha da artır. Etibarlı, obyektiv və balanslı informasiya təqdim edən media qurumları ictimai etimad qazanır, digərləri isə zamanla diqqətdən kənarda qalır.
Media sadəcə informasiya vasitəsi deyil, həm də cəmiyyətin dəyərlər sistemini formalaşdıran, vətəndaş şüurunu yönləndirən bir qüvvədir. Ona görə də bu sahədə çalışan hər kəsin savadı, məsuliyyəti və etik prinsiplərə sadiqliyi önəmlidir. Bu, təkcə jurnalistin deyil, ümumilikdə cəmiyyətin gələcəyinə təsir edən bir məsələdir.
Bu baxımdan, 22 iyul tarixi yalnız mətbuatın başlanğıc nöqtəsi deyil, həm də jurnalistikanın keçdiyi yolu xatırlamaq və bugünkü vəziyyətini təhlil etmək üçün bir fürsətdir. Gələcəkdə sağlam və güclü media üçün təkcə texnoloji imkanlar deyil, həm də peşəkarlıq və ictimai etika əsas rol oynayacaq.
Nigar Qocayeva,
YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi