17 iyul 2025 09:02
215

Əzm, məqsəd və xidmət: Ali təhsildə zirvə, ictimaiyyətdə iz…

Azərbaycan dövləti gəncləri cəmiyyətin aparıcı qüvvəsi kimi görür və onların intellektual, peşəkar və sosial inkişafına ciddi önəm verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti nəticəsində ölkəmizdə savadlı, təşəbbüskar və fəal gənclər nəsli formalaşır. Bu siyasətin əsas məqsədi gənclərin bilik və bacarıqlarını inkişaf etdirmək, onları gələcəyin liderləri kimi yetişdirməkdir.

Bu gün cəmiyyətimizdə uğurlu və nümunəvi gənclər az deyil. Onlardan biri də Bakı Dövlət Universitetinin (BDU) magistr məzunu, “İlin könüllüsü” adına layiq görülmüş Gülabə Məmmədzadədir. O, həm akademik uğurları, həm də sosial fəallığı ilə gənclər üçün müsbət örnəyə çevrilib. Beləliklə, müsahibimiz Gülabə Məmmədzadədir.

-BDU-nun magistratura pilləsini ÜOMG 100 balla tamamlayaraq universitet üzrə ən yüksək nəticəni əldə etmisiniz. Bu nailiyyətə aparan yolu necə izah edərdiniz?

-Bu nəticə təkcə akademik çalışqanlığın deyil, eyni zamanda davamlı məqsədyönlülüyün və zamanın düzgün idarə edilməsinin nəticəsidir. Hər zaman qarşıma qoyduğum məqsədi aydın görməyə çalışmışam və bu yolda intizamla irəliləmişəm. Düşünürəm ki, uğurun sirri həm də özünü daim inkişaf etdirməkdədir.

-İqtisadiyyatın hüquqi tənzimlənməsi sahəsi üzrə magistr təhsili sizə bu sahədə hansı dərin bilikləri qazandırdı və onları real həyatda necə tətbiq etməyi düşünürsünüz?

-Bu ixtisas mənə iqtisadi münasibətlərin hüquqi əsaslarını dərindən öyrənmək imkanı yaratdı. Xüsusilə, sahibkarlıq hüququ, vergi və maliyyə mexanizmləri sahəsində biliklər qazandım. Bu bilikləri gələcəkdə istər hüquq-məsləhət xidməti göstərərkən, istərsə də dövlət və ya beynəlxalq qurumlarda normativ sənədlərin hazırlanmasında istifadə etməyi planlaşdırıram.

-Təhsilinizlə yanaşı, tələbəlik illərində sosial fəallığınız da diqqət çəkir. BDU-nun İctimaiyyətlə əlaqələr və informasiya şöbəsində çalışmaq sizə hansı təcrübələri qazandırdı?

-Orada çalışmaq həm komanda işi, həm də operativ qərarvermə bacarıqlarımı inkişaf etdirdi. Tələbə tədbirlərinin təşkili, rəsmi informasiya ilə işləmək və universitetin ictimai imicinin formalaşmasında aktiv iştirak etmək mənim üçün böyük təcrübə oldu.

-Vətən müharibəsi dövründə “İlin könüllüsü” adına layiq görülmüsünüz. Həmin dövrdə gördüyünüz işlər və üzərinizə düşən məsuliyyətlər barədə danışa bilərsinizmi?

-Həmin dövr həm emosional, həm də mənəvi cəhətdən çox çətin idi. Biz könüllülər olaraq həm informasiya dəstəyi göstərir, həm də müxtəlif yardım kampaniyalarında fəal iştirak edirdik. Ən önəmlisi isə insanlara ümid və güvən hissi aşılayırdıq. “İlin könüllüsü” adı isə mənim üçün həm şərəf, həm də məsuliyyətdir.

-Sizcə, könüllülük fəaliyyəti gənclərin şəxsiyyət və məsuliyyət hissinin formalaşmasında necə rol oynayır? Bu sahədə gənclərə nə tövsiyə edərdiniz?

-Könüllülük gənclərin cəmiyyətə bağlılığını artırmaqla yanaşı, empatiya və liderlik bacarıqlarını da gücləndirir. Tövsiyəm odur ki, gənclər bu fəaliyyətlərdən çəkinməsinlər. Çünki hər kiçik addım cəmiyyət üçün böyük dəyərdir.

- Azərbaycanda baş tutan beynəlxalq tədbirlərdə iştirakınızı qeyd etdiniz. Bu təcrübələr sizə qlobal və regional problemlərə necə baxmağı öyrətdi?

-Beynəlxalq tədbirlər mənim dünyagörüşümü genişləndirən bir məktəb oldu. Qlobal problemlərə lokal yanaşmaların yetərli olmadığını, əməkdaşlığın və dialoqun vacibliyini bir daha anladım. Hər bir iştirak fərqli mədəniyyətləri tanımaq və müqayisəli təhlil aparmaq baxımından çox dəyərli oldu.

-Gənc bir iqtisadçı kimi sizcə, Azərbaycan iqtisadiyyatının daha da inkişafı üçün hüquqi tənzimləmə sahəsində hansı boşluqlar və imkanlar mövcuddur?

-Düşünürəm ki, ən əsas sahələrdən biri rəqəmsal iqtisadiyyatın hüquqi bazasının təkmilləşdirilməsidir. Eyni zamanda, kiçik və orta sahibkarlığın təşviqi üçün sadələşdirilmiş prosedurların hazırlanması da mühüm addım olardı. Bu sahələrdə həm boşluqlar, həm də böyük imkanlar mövcuddur.

-Akademik uğurlarınızı sosial fəallıqla birləşdirməyiniz təqdirəlayiqdir. Bu balansı necə qoruyursunuz və tələbə yoldaşlarınıza bu yöndə nə məsləhət verərdiniz?

-Planlama və prioritetlərin düzgün müəyyən edilməsi bu balansı qorumağın əsas yoludur. Mən özüm üçün konkret vaxt bölgüsü qururdum. Yoldaşlarıma da tövsiyəm odur ki, hər iki sahədə aktiv olmaq mümkündür, sadəcə, motivasiyanı və məqsədi itirməmək şərti ilə.

-Sizcə, bu gün gənc nəslin ən çox ehtiyac duyduğu dəyərlər və bacarıqlar hansılardır? İctimai iştirakçılığın gücləndirilməsi üçün nə edilməlidir?

-Düşünürəm ki, gənclər üçün ən vacib dəyərlərdən biri məsuliyyət hissi və sosial həmrəylikdir. Bacarıq baxımından isə tənqidi düşüncə və kommunikasiya qabiliyyətləri ön plandadır. İctimai iştirakçılığı artırmaq üçün isə gənclərin ideyalarına qulaq asmaq və onlara real imkanlar yaratmaq vacibdir.

-Ali təhsil və ictimai fəaliyyət sahələrində qazandığınız uğurlar fonunda sizə ilham verən şəxslər və ya hadisələr olubmu?

-Bəli, xüsusilə ailəmin mənə olan inamı daim ruhlandırıcı olub. Həmçinin müharibə dövründə xalqımızın birliyi və həmrəyliyi mənim üçün unudulmaz bir ilham mənbəyi idi.

-Gələcəkdə sizi hansı sahədə daha fəal görə bilərik: Elmi fəaliyyət, dövlət sektoru, yoxsa beynəlxalq təşkilatlarda karyera – hansı istiqamət sizə daha yaxın görünür?

-Hazırda hər üç istiqamət üzərində düşünürəm. Lakin beynəlxalq hüquq və iqtisadiyyatın qovşağında olan layihələr mənə daha yaxın gəlir. Gələcəkdə həm elmi fəaliyyət, həm də beynəlxalq platformalarda iştirak etməyi istərdim.

-Nəhayət, “İlin könüllüsü” və ali təhsildə ən yüksək nəticə sahibi kimi sizin həyat hekayəniz bir çox gənclər üçün nümunə ola bilər. Sizcə, uğur sadəcə bacarıqdır, yoxsa düzgün məqsəd və əzmin birləşməsi?

-Uğur təkcə bacarıqla ölçülmür. Bacarıq sadəcə başlanğıcdır. Düzgün məqsəd, istəyin olması, davamlı çalışma və əzm isə onu uğura çevirən əsas faktorlardır. Hər bir gənc qarşısına məqsəd qoyub onun arxasınca getsə, gec-tez nəticəsini görəcək.

Yaqut Ağaşahqızı, “İki sahil”