15 iyul 2025 20:48
188

Vaqif Poeziya Günləri Gəncədə

Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə Gəncə şəhərində Vaqif Poeziya Günləri keçirilib.

“İki sahil” xəbər verir ki, iyulun 14-də Molla Pənah Vaqifin doğulduğu Qazax rayonundan başlayan ənənəvi poeziya bayramı Nizami yurdunda da ədəbiyyatsevərlərin böyük marağına səbəb olub. İlk olaraq görkəmli ədib Mir Cəlal Paşayevin ev-muzeyində poeziya saatı təşkil edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi ölkəmizdə Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən söz açıb. Vurğulayıb ki, Vaqif Poeziya Günlərinin təməli Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 1982-ci ildə Şuşada qoyulub. Məhz həmin tarixdə Ulu Öndərin iştirakı ilə Molla Pənah Vaqifin məqbərəsi və Poeziya Evi təntənəli şəkildə açılıb və onun tapşırığı ilə Vaqif Poeziya Günlərinin keçirilməsinə qərar verilib. 1991-ci ilə qədər hər il təşkil olunan bu poeziya bayramı ənənəvi olaraq şairin vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə başa çatıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun şanlı Qələbəsi nəticəsində Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Vaqif Poeziya Günləri yenidən doğma yurdunda – Azərbaycanın mədəniyyət paytaxtında keçirilməyə başlayıb. “Çalışırıq ki, hər il bu poeziya bayramı fərqli formatda olsun. Bu il keçirilən Vaqif Poeziya Günlərinin də ədəbiyyat və mədəniyyət həvəskarlarına unudulmaz anlar yaşadacağına inanırıq", - deyə İlqar Fəhmi bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, eləcə də digər şair və yazıçılar böyük Azərbaycan şairi Molla Pənah Vaqifin irsindən bəhs edib, vətənpərvərlik mövzusunda yazılmış, eləcə də böyük şairə həsr olunmuş şeirlər səsləndiriblər.

Vaqif Poeziya Günləri çərçivəsində Gəncə Dövlət Filarmoniyasının solistlərinin, Filarmoniyanın nəzdində Xalq Çalğı Alətləri orkestrinin, “Göy-göl” Dövlət Mahnı və Rəqs ansamblının iştirakı ilə konsert proqramı da təşkil edilib. Azərbaycanın görkəmli bəstəkarlarının yaradıcılığından incilər, Molla Pənah Vaqifin əsərlərinə həsr olunan mahnılar səsləndirilib.