Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası Avropa İttifaqı (Aİ) və Avropanın 17 ölkəsinin nümayəndələrinin tənqidi bəyanatına açıqlama ilə cavab verib.
“İki sahil” xəbər verir ki, partiyanın bəyanatında bildirilir ki, Avropada demokratik prinsiplərin və əsas dəyərlərin sürətlə aşındığı dövrdə “dərin dövlət” anlayışı getdikcə daha çox təsir gücünə malik olur. “Avropa İttifaqına üzv ölkələrin əksəriyyəti və Böyük Britaniya qeyri-rəsmi idarəçilik altında fəaliyyət göstərir”, - bəyanatda vurğulanır.
Partiya hesab edir ki, Gürcüstana qarşı son tənqidlər, xüsusən yerli seçkilər ərəfəsində radikal müxalifət təmsilçilərinin həbsinə dair iddialar qərəzlidir. Partiya bildirir ki, həbslər qanuna uyğun həyata keçirilib və hüquqi baxımdan Avropa standartlarına tam uyğundur.
“Gürcü xalqı “dərin dövlətin” agenturasının hakimiyyətə qayıtmasına imkan vermədi. Bunu qəbul edə bilməyən xarici dairələr Gürcüstana qarşı təzyiqləri artırıblar”, - bəyanatda qeyd olunub.
Sənəddə vurğulanır ki, son etiraz aksiyalarında zorakılığa yol verilib və bu aksiyalara xaricdən – o cümlədən ABŞ və Aİ fondlarından maliyyə dəstəyi göstərilib.
Partiya həmçinin Avropanın bəzi ölkələrində, o cümlədən Almaniya, Fransa və Rumıniyada siyasi təqib hallarının baş verdiyini, seçki nəticələrinin ləğv olunduğunu və namizədlərə qarşı cinayət işlərinin açıldığını qeyd edərək, bu cür hallarda Avropanın Gürcüstana “demokratiya dərsi” keçməsinin qəbulolunmaz olduğunu bildirib.
Partiya Avropa İttifaqı ilə ədalətli əməkdaşlığa açıq olduğunu, lakin Gürcüstanın suverenliyinin və xalqın iradəsinin heç bir xarici təzyiqlə dəyişdirilməyəcəyini bəyan edib:
“Biz hər kəslə ədalətli əməkdaşlığa hazırıq. Lakin Gürcüstana Avropa nə qədər lazımdırsa, Avropa İttifaqına da Gürcüstan o qədər lazımdır”, - bəyanatda vurğulanıb.