Qarabağda aparılan genişmiqyaslı bərpa və quruculuq işləri təkcə bir bölgənin fiziki dirçəlişi deyil, bütövlükdə Azərbaycanın tarixi, milli-mədəni kimliyi və ruhunun yenidən doğuluşudur. Bu prosesin rəmzi və real mərkəzində isə, şübhəsiz ki, Şuşa şəhəri dayanır. Şuşa təkcə qədim mədəniyyət beşiyi deyil, həm də xalqımızın qürur yeri, Vətən sevgisinin təcəssümüdür.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov İkisahil.TV-yə müsahibəsində qeyd edib ki, Qarabağda həyata keçirilən layihələr -ağıllı kənd-şəhər modeli, ekoloji yanaşmalar, mədəni irsin bərpası və ən əsası, Böyük Qayıdışın təmin olunması dövlətin və xalqın bu torpağa verdiyi dəyərin bariz nümunəsidir.
- Ziyafət müəllim, Qarabağda dirçəliş prosesi yalnız bərpa işləri ilə məhdudlaşmır. Qarabağ Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin təcəssümüdür. Bu torpağın bərpası beynəlxalq hüquq və dövlət hüququ baxımından hansı əhəmiyyət kəsb edir?
- Bu gün Qarabağda atılan hər bir addım ölkəmizin suveren hüquqlarının tam şəkildə həyata keçirilməsinin göstəricisidir. 2020-ci ildə əldə etdiyimiz möhtəşəm Qələbə yalnız hərbi sahədə deyil, həm də hüquqi və siyasi baxımdan Azərbaycanın beynəlxalq mövqelərini daha da gücləndirdi. Dövlətimiz bu Zəfərlə həm də BMT Nizamnaməsinə, Helsinki Yekun Aktına və digər beynəlxalq hüquq normalarına söykənən bir prinsipi-ərazi bütövlüyünü qorumaq hüququnu öz gücü ilə reallaşdırdı. Hazırda Qarabağda həyata keçirilən dirçəliş prosesi beynəlxalq hüquq müstəvisində bir neçə strateji aspektdə əhəmiyyətlidir. Birincisi, Azərbaycan suverenliyinin tam bərpasını faktlarla və əməli addımlarla təsdiq edir. İkincisi, bu ərazilərdə qurulan yeni həyat -ağıllı kənd və şəhər konsepsiyası, ekoloji yanaşma və modern idarəetmə sistemi göstərir ki, Azərbaycan bu torpaqlarda yalnız fiziki deyil, hüquqi və sosial sabitlik də yaradır. Üçüncüsü isə Böyük Qayıdış prosesində vətəndaşlarımızın doğma yurdlarına qayıtması, onların hüquq və azadlıqlarının təmin olunması, mülkiyyət hüquqlarının bərpası beynəlxalq insan hüquqları konvensiyalarına tam uyğundur. Bu, həm də işğal dövründə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni məskunlaşma və hərbi təcavüz siyasətinə cavab olaraq hüququn və ədalətin qələbəsidir.
Bu baxımdan Qarabağda aparılan dirçəliş işləri həm daxili hüquqi legitimliyi, həm də beynəlxalq hüququn üstünlüyünü nümayiş etdirən nümunəvi modeldir. Bu gün dünya bir daha şahid olur ki, Qarabağ Azərbaycandır - həm siyasi, həm hüquqi, həm də mənəvi baxımdan.
- Bu günlərdə Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə Şuşada “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda tədbir keçirildi. Sizcə, belə bir tədbirin məhz Şuşada keçirilməsi hansı simvolik və strateji məna daşıyır?
- Azərbaycanın azad edilmiş ərazilərində, xüsusilə də Şuşada keçirilən hər bir tədbir, təkcə bir tədbir deyil- o, milli iradənin, dövlətin gücünün və suverenliyimizin təntənəli nümayişidir. Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Şuşada keçirilən “Yeni dünya nizamı: geosiyasi aspektlər və qlobal çağırışlar” mövzusunda tədbir də məhz bu baxımdan son dərəcə əhəmiyyətli idi.
Bu tədbirin məhz Şuşada keçirilməsi çoxqatlı siyasi və simvolik məna daşıyır. Şuşa artıq təkcə Azərbaycanın deyil, həm də türk dünyasının, bölgənin siyasi və mədəni mərkəzlərindən birinə çevrilməkdədir. Qlobal siyasi düzənin dəyişdiyi regional və beynəlxalq münasibətlərdə dərin transformasiyaların baş verdiyi bir vaxtda belə bir tədbirin Şuşada reallaşdırılması Azərbaycanın yeni geosiyasi reallıqlarda öz sözünü deməyə qadir olduğunu bir daha nümayiş etdirdi.
Tədbir iştirakçıları -yerli və xarici ekspertlər, siyasi xadimlər, elm və ictimaiyyət nümayəndələri bir daha şahid oldular ki, Azərbaycan həm öz daxili dirçəlişini, həm də qlobal platformalardakı fəallığını uğurla və paralel şəkildə həyata keçirir. Müzakirə edilən mövzular, verilən mesajlar Azərbaycanın sülh, əməkdaşlıq və ədalətə əsaslanan mövqeyini bir daha təsdiqlədi. Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə Qarabağda həyatın bərpası, suverenliyin tam bərqərar olunması və beynəlxalq əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar, sözün əsl mənasında, yeni dünya düzəninə Azərbaycanın mühüm töhfəsidir. Bu tədbir həm də YAP-ın siyasi düşüncə platformasının çevikliyini, qlobal çağırışlara cavab vermək bacarığını göstərdi. Azərbaycanın strateji baxışlara malik siyasi iradəsi və liderlik mövqeyi bir daha Şuşadan bütün dünyaya bəyan edildi.
- 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərində yeni bir mərhələnin əsasını qoydu və artıq bu sənəd ölkəmizin siyasi tarixində strateji əhəmiyyətə malik sənəd kimi qiymətləndirilir. Sizcə, bu Bəyannamə gələcəkdə iki qardaş dövlət arasında münasibətlərin hansı sahələr üzrə dərinləşməsini və yeni strateji istiqamətlərin formalaşmasını təmin edəcək?
- 2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvəyə çatdığını təsdiqləyən mühüm siyasi və tarixi sənəddir. Bu sənəd sadəcə iki qardaş ölkənin münasibətlərinin hüquqi əsaslarını genişləndirməklə kifayətlənmir, eyni zamanda, bölgədə və daha geniş coğrafiyada yeni geosiyasi balansın formalaşmasında da həlledici rol oynayır. Bəyannamə ilə Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik rəsmi şəkildə təsbit edildi. Bu isə iki ölkənin təhlükəsizlik, müdafiə sənayesi, enerji, nəqliyyat, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrində əməkdaşlığının daha da dərinləşməsinə real zəmin yaratdı. Xüsusilə hərbi-strateji sahədə birgə təlimlər, informasiya təhlükəsizliyi və müdafiə sənayesində təcrübə mübadiləsi yeni mərhələnin əsas göstəricilərindəndir. Bu, həm də bölgədə sülhün və sabitliyin qorunmasında mühüm amildir. Şuşa Bəyannaməsinin bir başqa əhəmiyyətli tərəfi isə türk dünyasını birləşdirən geosiyasi körpü rolunu oynamasıdır. Türkiyə və Azərbaycanın siyasi birliyi Orta Asiya ölkələri ilə daha sıx inteqrasiyaya imkan verir və Türk Dövlətləri Təşkilatının güclənməsinə xidmət edir. Bəyannamənin imzalanmasının məhz Şuşada baş verməsi isə tarixi məna daşıyır. Bu, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün bərpasının dünyaya nümayişidir və Qarabağ Zəfərinin beynəlxalq müttəfiqlik çərçivəsində təsdiqidir. Hesab edirəm ki, Şuşa Bəyannaməsi iki qardaş dövlətin təkcə bu günü deyil, gələcək onilliklərini də müəyyənləşdirən strateji yol xəritəsidir. Bu sənəd əsasında əməkdaşlıq daha da genişlənəcək və Azərbaycan-Türkiyə münasibətləri nümunəvi müttəfiqlik modelinə çevriləcək.
- İşğaldan azad edilmiş ərazilərdə tarixi və dini abidələrin bərpası prosesi dövlət səviyyəsində xüsusi diqqət mərkəzindədir. Sizcə, bu addımlar Qarabağın milli kimliyinin, mədəni irsinin və tarixi yaddaşının bərpası baxımından hansı strateji və mənəvi əhəmiyyətə malikdir?
- İşğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri, bəlkə də ən önəmlisi - tarixi və dini abidələrin bərpasıdır. Bu məsələ sadəcə memarlıq nümunələrinin yenidən qurulması deyil, həm də milli kimliyimizin, mədəni irsimizin və tarixi yaddaşımızın bərpası baxımından strateji əhəmiyyətə malikdir.
30 ilə yaxın işğal dövründə Ermənistan tərəfindən Qarabağ və ətraf bölgələrdəki abidələrimizə qarşı görünməmiş vandalizm törədildi. Məscidlərimiz, türbələrimiz, alban kilsələri, qəbiristanlıqlar sistemli şəkildə dağıdıldı, təhqir edildi və izləri silinməyə çalışıldı. Bu, təkcə Azərbaycanın tarixi-mədəni irsinə deyil, ümumilikdə bəşəriyyətin mədəni dəyərlərinə qarşı yönəlmiş cinayət idi. Bu gün isə Azərbaycan dövləti işğaldan azad edilmiş torpaqlarda tarixi və dini abidələrin bərpasını milli ideoloji xəttin mühüm tərkib hissəsinə çevirib. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə nəzarəti ilə həyata keçirilən bu layihələr Qarabağın azərbaycanlı kimliyinin dünyaya bir daha bəyanıdır.
Bu bərpa prosesi həm də gələcək nəsillərə ötürüləcək mənəvi mirasdır. Gənclər bu torpaqlarda atalarının izlərini görəcək, kimliyini, tarixini və mədəniyyətini canlı şəkildə hiss edəcək. Qarabağda və Şərqi Zəngəzurda həyata keçirilən bu layihələr, təkcə maddi-mədəni irsimizin deyil, həm də mənəvi bütövlüyümüzün qorunmasıdır.
- Ziyafət müəllim, müasir dövrdə beynəlxalq hüququn prinsiplərinin tez-tez pozulduğu, gücün hüquqdan üstün tutulduğu bir zamanda Azərbaycanın suverenliyini təmin etməsi və beynəlxalq hüquqa söykənən mövqeyini qoruması hansı hüquqi və geosiyasi əhəmiyyət kəsb edir?
- Müasir beynəlxalq münasibətlər sistemində ciddi təlatümlərin, regionlararası qarşıdurmaların və beynəlxalq hüququn selektiv tətbiq olunduğu halların artdığı bir dövrdə Azərbaycanın tutduğu prinsipial mövqe mühüm strateji və hüquqi əhəmiyyət daşıyır. Dövlətimizin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan öz suverenliyini, ərazi bütövlüyünü bərpa etməklə yanaşı, beynəlxalq hüququn əsas norma və prinsiplərinə tam uyğun şəkildə hərəkət etmişdir. 44 günlük Vətən müharibəsi təkcə hərbi uğur deyil, həm də siyasi və hüquqi qələbə idi. Çünki Azərbaycan uzun illər boyu BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını sülh yolu ilə təmin etməyə çalışdı. Lakin beynəlxalq ədalətsizlik fonunda ölkəmiz öz gücünə, qanuni hüququna əsaslanaraq torpaqlarını azad etdi. Azərbaycanın suverenliyi yalnız ərazi bütövlüyünün təmin olunması ilə yekunlaşmır. Bu gün işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma prosesi, əhalinin Böyük Qayıdış Proqramı çərçivəsində doğma torpaqlara köçürülməsi, tarixi-mədəni irsin bərpası Azərbaycanın öz ərazisində tam suveren şəkildə hərəkət etdiyini və beynəlxalq hüququn ərazi bütövlüyü prinsipini tam şəkildə təmin etdiyini sübut edir. Geosiyasi baxımdan da Azərbaycanın bu mövqeyi regionda sabitliyin, əməkdaşlığın və beynəlxalq hüquqa əsaslanan yeni nizamın qurulmasına töhfə verir. Azərbaycan bu gün yalnız regional yox, qlobal səviyyədə də hüququn və ədalətin müdafiəçisinə çevrilib. Xücusilə qeyd edərdim ki, Prezident İlham Əliyevin qətiyyətli siyasəti və diplomatik uzaqgörənliyi, həmçinin milli maraqları əsas tutan hüquqi yanaşması nəticəsində Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, söz sahibi və prinsipial mövqeli dövlət imici daha da möhkəmlənmişdir.
Şəmsiyyə Əliqızı,
Səbinə Qorxmaz, “İki sahil”