18 iyun 2025 15:21
115

Ankara istənilən ssenariyə hazırdır - Ərdoğan

Türkiyə müdafiə sahəsində idxaldan asılılığını tamamilə aradan qaldırana qədər daxili hərbi-sənaye kompleksini inkişaf etdirməyə davam edəcək. 

“İki sahil” xəbər verir ki,  bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Ədalət və İnkişaf Partiyasının (AKParti) parlament fraksiyasının iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı xatırladıb ki, Türkiyənin uzun müddət inkişaf etmiş müdafiə sənayesi olmayıb. O əlavə edib: “Ölkəmiz bütün bu müddət ərzində ehtiyac duyduğu hər şeyə, o cümlədən kadrlara və resurslara sahib idi. Yeganə çatışmazlıq siyasi iradə və cəsarətin olmaması idi. Ölkə kənardan ona tapşırılan “roldan” kənara çıxmadı”, - deyən Ərdoğan partiyasının iqtidara gəlməsi ilə vəziyyətin dəyişdiyini vurğulayıb.

Siyasətçi Türkiyənin son 23 ildə əldə etdiyi nailiyyətlərə diqqət çəkərək qeyd edib ki, bu gün ölkə çoxlu sayda müdafiə təyinatlı məhsul, o cümlədən döyüş gəmiləri, tank əleyhinə sistemlər, torpedalar, qanadlı raketlər, pilotsuz təyyarələr, tanklar, helikopterlər və artilleriya qurğuları istehsal edir. “Müdafiə idxalından asılılıq səviyyəsi 80 faizdən 20 faizə qədər azalıb. Tezliklə biz elə çəkindirici potensiala nail olacağıq ki, Ankaranın rəqibləri Türkiyə əleyhinə planları həyata keçirmək fikrindən əl çəkəcəklər”, -deyə Ərdoğan əmin edib.

İsrail ilə İran arasında gərginliyin artması ilə bağlı bölgədə gərginlik spiralına toxunan Türkiyə Prezidenti bildirib: “Ankara istənilən ssenariyə hazırdır. Türkiyəyə hücum etməyə cəhd edən hər kəs layiqli cavabını alacaq”.