18 iyun 2025 11:53
86

Fikrət Məmmədov: Məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir

Hər bir demokratik hüquqi dövlət üçün səmərəli məhkəmə hakimiyyətinin rolu əvəzsizdir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev ölkədə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğunu bəyan edərək məhkəmə hakimiyyətinin müstəqilliyinə və ədalət mühakiməsinin səmərəliliyinə xüsusi önəm verirdi. Ulu Öndər qeyd edirdi ki, demokratik hüquqi dövlət yaradılaraq pillə-pillə yüksəklərə çatdırılır. Bunun üçün isə məhkəmə sisteminin mütərəqqi beynəlxalq norma və prinsiplərə uyğunlaşdırılması vacibdir. Bu məqsədlərə nail olmaq üçün şübhəsiz ki, məhkəmə hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurasının rolu əvəzolunmazdır.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, Məhkəmə-Hüquq Şurasının sabiq sədri Fikrət Məmmədov Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin 20 illiyinə həsr olunmuş “Məhkəmə idarəçiliyi sahəsində qlobal çağırışlar” adlı beynəlxalq konfransın açılış mərasimində deyib.

Fikrət Məmmədov qeyd edib ki, ölkəmizdə məhkəmə islahatlarının uğurla inkişafı, o cümlədən məhkəmə hakimiyyətinin müstəqilliyinin artırılması, xüsusilə Məhkəmə-Hüquq Şurasının səlahiyyətlərinin genişləndirilməsi hər birimizi sevindirir: "Məhkəmə-Hüquq Şurasının tərkibində hakimlərin rolunun daha da genişləndirilməsi, onların demokratik yolla Hakimlərin Konfransı tərəfindən seçilməsi, bütün instansiya məhkəmələri hakimlərinin təmsil olunduğu Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması, hakimlərin seçimi prosesinin daha da təkmilləşdirilməsi xüsusi məmnuniyyət doğurur. Əminəm ki, Məhkəmə-Hüquq Şurası İnam Kərimovun rəhbərliyi ilə qarşıda duran mühüm vəzifələrin öhdəsindən layiqincə gələcək, ölkəmizdə məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi və daha da inkişafına layiqli töhfəsini verəcək", - deyə o vurğulayıb.