Azərbaycan Radiosunda 50 ildir ki, hər bazar günü efirə gedən “Axşam görüşləri” dinləyicilərlə mənəvi bağ yaradan, milli-mənəvi dəyərləri təbliğ edən verilişlərdən biridir. Bu veriliş təkcə ədəbiyyatsevərlər üçün deyil, irsimizə, ədəbiyyatımıza maraq göstərən hər kəs üçün qiymətli bir informasiya mənbəyidir.
Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini, görkəmli elm xadimi, tanınmış ədəbiyyatşünas, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynovun təqdimatında yayımlanan “Axşam görüşləri” illərdir ki, öz orijinallığı və intellektual məzmununu ilə seçilir.
Verilişdə klassik və müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılığı təhlil edilir, ədəbiyyatmızın keçmişi və bu günü ilə bağlı dəyərli məlumatlar təqdim olunur, həmçinin dinləyiciləri düşündürən ədəbi-fəlsəfi mövzular ətrafında müzakirələr aparılır.
“Axşam görüşləri” dəyərli bir arxiv yaratmaqla milli yaddaşımızı zənginləşdirmək, mühüm mədəni-tarixi irs formalaşdırmaq və onu gələcək nəsillərə ötürmək kimi şərəfli bir missiyanı həyata keçirir. Yarım əsri əhatə edən bir dövr ərzində öz fəaliyyətini davam etdirən bu veriliş akademik Rafael Hüseynovun zəngin televiziya təcrübəsinin, mədəniyyətə, ədəbiyyata və tarixə olan dərin bağlılığının, sonsuz sevgisinin göstəricisidir.
Akademik Rafael Hüseynov təkcə bir aparıcı və ya publisist kimi deyil, həm də bir müəllim, tədqiqatçı və mədəniyyət xadimi kimi cəmiyyətimizdə böyük nüfuz qazanmışdır. Alimin fəaliyyəti Azərbaycan televiziya tarixində, mədəniyyətində və informasiya məkanında dərin izlər buraxmışdır. O, hələ gənc yaşlarından başlayaraq televiziyada müxtəlif maarifləndirici proqramlarla çıxış etmiş, ictimai şüurun formalaşmasına, milli-mənəvi dəyərlərin təbliğinə xidmət göstərmişdir.
“Axşam görüşləri”nin cari ilin yanvar ayında yayımlanan buraxılışında akademik Rafael Hüseynov ilk verilişin ərsəyə gəlməsindən danışaraq həmin günləri belə xatırlayıb: “2025-ci il verilişimiz üçün yubiley ilidir. Düz 50 il qabaq “Axşam görüşləri” hər bazar günü sizinlə daimi olaraq görüşlərinə başladı. Sanki dünən idi, bina həmin bina, pillələr eyni. Dəhlizlər həminki..
Onda mən hələ tələbə idim. Artıq 1 il idi ki, Azərbaycan radiosuna ayaq açmışdım. Televiziyada da ilk verilişlərimi hazırlayırdım. Ancaq birinci verilişim radioda, 1974-cü ilin oktyabrında səslənmişdi”.
Verilişin ilk illərindən başlayaraq akademik Rafael Hüseynov daim maraqlı, cəlbedici və dəyərli müsahibələr hazırlamışdır. O, yalnız məşhur şəxsiyyətlər, elm və mədəniyyət xadimləri deyil, həm də onların ailə üzvləri, yaxınları ilə əlaqələr yaradaraq, onları axtarıb taparaq efirə dəvət etmiş, bu görüşlər vasitəsilə Azərbaycan ictimiyyətində böyük maraq doğuran verilişlərə imza atmış, xalqımızın milli-mənəvi irsini ehtiva edən zəngin arxiv formalaşdırmışdır.
Proqramı fərqləndirən əsas xüsusiyyətlər Rafael Hüseynovun ensiklopedik biliyi, tədqiqatçı ruhu ilə yanaşı, onun emosional nitqi, cəlbedici səs tonu, səmimi üslubu və söhbət açdığı hər mövzuya bədii-estetik yanaşmasıdır. Məhz bu səbəbdən, illərdir ki, dinləyicilər verilişin hər buraxılışını böyük maraqla, həvəslə gözləyirlər.
Akademik Rafael Hüseynovun özünün də dediyi kimi, “Axşam görüşləri” ilk illərdən etibarən hər zaman milli iradəmizin, varlığımızın ifadəsi olan məqamlara diqqət yetirmişdir.
İnanırıq ki, hər buraxılışı ilə ruhumuzu qidalandıran bu veriliş hələ uzun illər tarix yazmaqda, gözəl xatirələr yaratmaqda davam edəcək, Azərbaycan mədəniyyətinə, ədəbiyyatına töhfə verən görkəmli şəxsiyyətlərin həyat yoluna işıq salacaq.
Nərgiz QƏHRƏMANOVA,
AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinin Elektron informasiya sektorunun müdiri