Oruc Nəzərov Masallı rayonunun Ərkivan qəsəbəsində yaşayır. Bu yurduna, torpağına bağlı insan uzun illərdir ki, meyvə ağaclarını calaq etməklə məşğuldur. O, öz yetişdirdiyi meyvələrlə rayonda məşhurdur. Calaq ustanın əməyindən demək olar ki, bəhrələnən insanlar çoxdur. Hazırda onun həyətyanı sahədə, tinglərin becərildiyi bağda albalı, gilas, alça, gavalı, ərik, şaftalı, heyva, xar tut, şah tut və digər meyvələrin calağına rast gəlmək olur. Həmçinin təsərrüfatında 220 ədəd göycə alçası da yetişdirə bilib.
Oruc Nəzərovun bağbanlıqda daha bir məharəti odur ki, o, calaq üsulla bir ağacda 4 cür alma, digər gövdə üzərində 5 növ gavalı, şaftalı ağacında isə ərik və digər meyvə növlərini yetişdirib.
Bağban bildirir ki, müxtəlif məhsuldar ağac növləri yetişdirmək üçün calaqvurmanın öz vaxtı, üsul və incəlikləri var. Bundan ötrü əsasən may, avqust, sentyabr ayları olduqca əlverişlidir. Mən qələm, keçirtmə, yarma, qabıq, göz, lülə (üskük) calaq üsullardan istifadə edirəm. Keyfiyyətli calaqdan başqa, ağacın ömrü, məhsul vermə qabiliyyəti yerli şəraitə uyğun seçilmiş calaqaltının xəstəliyə, zərərvericilərə davamlı, geniş kök sistemindən asılıdır.
Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü