13 iyun 2025 22:42
152

Yayda bu qidalardan uzaq durmaq lazımdır

Yay aylarında yüksək temperatur bəzi qidaların zəhərlənmə risqini artırır.

“İki sahil” xəbər verir ki, qida təhlükəsizliyi üzrə rusiyalı ekspert Yelena Spetsenko bildirib ki, xüsusilə zülal tərkibli və tez xarab olan məhsullar bu fəsildə ciddi təhlükə yaradır.

Riskli məhsullar arasında mal və quş əti, bişmiş kabab, kolbasa, paştet, süd məhsulları (kəsmik, xama, qatıq, yumşaq pendir), qaymaq əsaslı desertlər, balıq və dəniz məhsulları, eləcə də mayonezli salatlar var.

Ekspert qeyd edir ki, bu qidalar düzgün saxlanmadıqda bakteriyaların çoxalması üçün əlverişli mühitə çevrilir və həzm pozğunluqlarına səbəb ola bilər. Hətta məhsulun yararlılıq müddəti keçməsə belə, yüksək temperaturda saxlanması onu təhlükəli edir.

Spetsenko yayda küçə yeməklərindən uzaq durmağı, şübhəli şəraitdə satılan tez xarab olan məhsulları almamağı və hazır yeməkləri yalnız soyuducuda saxlamağı tövsiyə edir.

Zəhərlənmə əlamətləri (ürəkbulanma, halsızlıq, ishal və s.) hiss olunarsa, dərhal həkimə müraciət edilməlidir.