12 iyun 2025 11:34
222

Su qıtlığı problemi… Çıxış yolu varmı?

Qlobal su qıtlığına dair elmi araşdırmalar aparan beynəlxalq ekspertlər bildirirlər ki, bu gün bütün dünyada 844 milyon insan təmiz su çatışmazlığından əziyyət çəkir.  Eyni zamanda, 600 milyon uşağın isə təmiz suya  çıxışında ciddi problemlər var. Məhz bu kimi qlobal problemlərin həlli  və sudan səmərəli istifadə üçün bir çox ölkələr yeni layihələr və planlar hazırlayırlar.

Bəs bu gün ölkəmizdə  bu sahədə vəziyyət necədir? Ekoloqlar bildirirlər ki, Azərbaycan azsulu ölkələr sırasındadır və su çatışmazlığı problemi ölkəmizdən də yan keçmir. Respublikamızın su ehtiyatlarının 70 faizi ölkəmizdən kənarda formalaşır və Azərbaycana Kür, Araz, Samur kimi çaylarla tranzit olunur. Son 15 ildə müşahidə olunan davamlı quraqlıq su ehtiyatlarımızın azalmasına səbəb olub. Azərbaycan ərazisinin iqlimi qlobal iqlim sisteminin tərkib hissəsidir və bu sistemdə baş verən proseslər müxtəlif intensivliklə və müxtəlif zaman kəsiyində ölkəmizin iqlim şəraitinə təsir göstərir. Yəni, hazırda dünyada 33 ölkə su çatışmazlığı ilə bağlı problem yaşayır. Təəssüf ki, ölkəmiz də onların sırasına daxildir. Belə ki, ölkəmizdə su ehtiyatları 30,6 kubkilometr ətrafında qiymətləndirilir. Lakin azsulu və çoxsulu illərdə təbii ki bu rəqəm dəyişir. Hazırda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı sulardan, 4,6 milyard kubmetri yerli çay axınlarından və 13,2 milyard kubmetri isə transsərhəd yerüstü sulardan formalaşır.

Su ehtiyatlarımız Cənubi Qafqazın digər ölkələri ilə də müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizini təşkil edir. Digər tərəfdən, son illər iqlim dəyişikliklərinin və uzun sürən quraqlıqların təsirindən ölkəmizin əsas su arteriyaları olan Kür və Araz çaylarının axınları kəskin surətdə azalır, daxili çayların, eləcə də göllərin bir çoxu  quruyur. Buna görə də su ehtiyatlarından səmərəli istifadə, onun ədalətli bölgüsünün, uçotunun aparılması, istifadəsinə nəzarətin gücləndirilməsi zəruridir. Məhz bu zərurəti vaxtında dəyərləndirən  Prezident İlham Əliyev «Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya»nı təsdiq edib. Strategiyaya uyğun olaraq  Azərbaycanda su ehtiyatlarının vahid idarəetmə sisteminə tam keçid 2027-ci ilin sonuna qədər təmin ediləcək. Strategiya 2024-2040-cı illəri əhatə etməni və çirklənməsinin qarşısının alınmasını, dəniz suyunun duzsuzlaşdırılmasını, suvarma sistemlərinin modernləşdirilməsini, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur. Sənədə əsasən su hövzələri və su təsərrüfatları üzrə vahid idarəetmə sisteminə keçid üçün institusional mexanizmlər hazırlanacaq. Su təsərrüfatlarının idarə edilməsində bələdiyyələrin rolu artırılacaq.

Sənəd üç mərhələdə həyata keçiriləcək. 2024-2027-ci illəri əhatə edən birinci mərhələdə su ehtiyatlarından səmərəli istifadə üçün zəruri infrastruktur və idarəetmə təkmilləşdiriləcək. Bu çərçivədə su ehtiyatlarının yenidən qiymətləndirilməsi, artırılması, inteqrasiyalı idarə edilməsi, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə, tullantı və yağış sularının idarə olunması, suyun keyfiyyətinin yaxşılaşdırılması, su təsərrüfatı obyektlərinin genişləndirilməsi və su itkilərinin azaldılması təmin ediləcək. Sənəddə qeyd olunduğu kimi, 2028-2030-cu illəri əhatə edən ikinci mərhələdə təməl şərtlərin möhkəmlənməsi əsasında «iqlim dəyişikliyinə qarşı mübarizə», «dəniz ekosisteminin mühafizəsi» və «torpaq ekosisteminin mühafizəsi» kimi Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının qəbul etdiyi Dayanıqlı İnkişaf Məqsədlərinə üstün şəkildə yaxınlaşma təmin ediləcək. 2031-2040-cı illəri əhatə edən üçüncü mərhələdə hidroekoloji böhranların innovativ texnologiyalar əsasında effektiv idarə olunması, su ehtiyatlarının artırılması, habelə alternativ su mənbələrindən istifadəni genişləndirməklə dayanıqlı və keyfiyyətli suya tələbatın ödənilməsi təmin ediləcək.

Hazırda ölkəmizdə su infrastrukturu davamlı yaxşılaşdırılır. Belə ki,  Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Xudafərin və Qız qalası su anbarları tikilmiş, Oğuz-Qəbələ-Bakı su kəməri çəkilmiş, Ceyranbatan Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi inşa edilmiş, rayon və şəhər mərkəzlərində, həmçinin kənd və qəsəbələrdə içməli su təchizatı, eləcə də tullantı suların idarə edilməsi üzrə tikinti və yenidənqurma həyata keçirilmişdir. Belə layihələrin icra edilməsi nəticəsində əhalinin içməli su təminatı 67 faizə çatdırılmış, əkin sahələri 1,5 milyon hektara qədər genişləndirilmişdir. İşğaldan azad edilmiş ərazilərdə Suqovuşan, Xaçınçay, Zabuxçay su anbarlarında və 3 su anbarından ibarət Köndələnçay kompleksində bərpa və tikinti aparılmışdır. Qəbələ rayonunda Yengicə su anbarının, Oğuz və Şəki rayonlarının ərazisində isə Əlicançay su anbarının tikintisinə başlanılmışdır. Bundan əlavə, dağ çayları sularının yığılması üçün relyefə uyğun su anbarlarının yaradılması məqsədilə 6 su anbarı, o cümlədən Həkəriçay və Bərgüşadçay su anbarlarının tikintisinə başlanılıb. Başlanğıcını Mingəçevir Su Anbarından götürən Şirvan və Qarabağ suvarma kanalları yenidən qurulur. Bundan başqa, Prezident İlham Əliyevin imzaladığı «Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında» Sərəncama əsasən Azərbaycanda 20 suvarma kanalının, 10 su anbarının tikintisi nəzərdə tutulur.

Prezident İlham Əliyev Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında deyib ki, icra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Hacıqabul gölü də 10 ildən çoxdur ki, tamamilə quruyub. Kanal istifadəyə veriləndən sonra göl də dolacaq və bunun da təbiətə çox müsbət təsiri olacaq.

Elçin Zaman, «İki sahil»