11 iyun 2025 23:58
196

Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!

Dünyada son dərəcə mürəkkəb ictimai təhlükəyə səbəb olan narkomaniya, eləcə erkən nikahlar respublikamızda da öz mənfi təsirini göstərir. İnsan həyatında müxtəlif fəsadlara səbəb olan hər iki bəladan qurtulmağın müxtəlif yolları vardır. Birinci növbədə burada sağlam mühit və sağlam gələcək yaratmaq əsas şərtdir. Bundan ötrü cəmiyyətdə, yaxud hər bir kəs ətrafında sağlam həyat tərzini təbliğ etməlidir.

Astara Pedaqoji Kollecində "Sağlam gələcək naminə narkomaniya və erkən nikahlara yox deyək!" mövzusunda maarifləndirici görüşdə də bu deyilələr xüsusi olaraq natiqlər tərəfindən vurğulandı.

Çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi polis polkovniki Azər Cəfərov, Rayon Məhkəməsinin sədri Bəxtiyar Məmmədov, Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova və kollecin direktoru Kamran Kazımov narkomaniya və erkən nikahın yaratdığı fəsadlardan, bu neqativ hallara qarşı aparılan mübarizə tədbirlərdən geniş danışdılar. Bildirildi ki, sağlam həyat tərzinin təbliğində, gənclərin sağlam ruhda tərbiyə olunmasında, onların zərərli vərdişlərdən uzaqlaşmasında təhsil müəssisələrində keçirilən bu kimi maarifləndirici görüşlərin xüsusi əhəmiyyəti vardır. Çünki təhsil ocaqları daha geniş insan çevrəsini əhatə edir, eləcə sabahın vətəndaşlarının gələcəkdə hansı yola üz tutacaqlarını müəyyənləşdirir.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü