07 iyun 2025 20:02
97

İran Trampın səyahət qadağasını qınayır

İran Xarici İşlər Nazirliyi ABŞ prezidenti Donald Trampın İran da daxil olmaqla 12 ölkə vətəndaşlarının ABŞ-a girişinə qadağa qoymasının insan haqlarına və beynəlxalq hüquqa zidd olduğunu açıqlayıb.

İki sahil” xəbər verir ki, nazirliyin yaydığı açıqlamada qeyd edilib: "ABŞ hökumətinin İran vətəndaşlarını yalnız dini inancları və milli mənsubiyyətlərinə görə ölkəyə buraxmaması İran xalqı və müsəlmanlarına qarşı dərin düşmənçiliyin göstəricisidir".

Bəyanatda qərarın beynəlxalq insan haqları normalarına zidd olduğu, ayrı-seçkilik qadağasını pozduğu və bu məsələ ilə bağlı ABŞ-ın beynəlxalq məsuliyyət daşıdığı bildirilib.

Tehran administrasiyası Birləşmiş Millətlər Təşkilatına (BMT) və qlobal insan haqları təşkilatlarına çağırış edərək, onların ABŞ-ın birtərəfli və ayrı-seçkilikçi yanaşmalarına açıq şəkildə qarşı çıxmalı olduqlarını qeyd edib. İran həmçinin vətəndaşlarının hüquqlarını qorumaq üçün lazımi diplomatik və hüquqi addımlar atacağını açıqlayıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”