Müdafiə naziri Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib.
“İki sahil” xəbər verir ki, təbrikdə qeyd edilir:
Cənab zabitlər, yoldaş gizirlər, miçmanlar, kursantlar, çavuşlar, əsgərlər, matroslar, dövlət qulluqçuları və mülki işçilər!
Sizi Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, Vətənə müqəddəs və şərəfli xidmətinizdə uğurlar arzulayıram.
Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan müsəlman dünyasının mənəvi birlik, həmrəylik, qardaşlıq rəmzinə çevrilən müqəddəs Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi dəyərlərə möhkəm bağlılığı yaşatmaqla humanizm, xeyirxahlıq və mərhəmət duyğularının təntənəsini özündə ehtiva edir. Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərliyinin bütün dönəmlərində ölkəmizin dövlət quruculuğu siyasətində azərbaycançılıq məfkurəsini, milli-mənəvi dəyərlərimizi yüksək tutaraq, adət və ənənələrimizin qorunub saxlanmasında misilsiz xidmətlər göstərmişdir.
Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində respublikamızın iqtisadi dayaqları daha da güclənərək demokratik dövlət quruculuğu prosesində beynəlxalq nüfuzu artmaqdadır. Azərbaycan dünyada islami, bəşəri milli-mənəvi dəyərlərə önəm verən və hörmətlə yanaşan, humanist, tolerant dövlət kimi tanınır. Azərbaycan dövləti bu gün regionda sülhün və sabitliyin qorunmasının əsas təminatçısına çevrilmişdir.
Respublikamızın müdafiə qüdrətinin artırılması istiqamətində qazanılan böyük nailiyyətlər, eyni zamanda, orduda aparılan genişmiqyaslı islahatlar, sosial infrastrukturun gücləndirilməsi, hərbi qulluqçuların xidmət şəraitinin yaxşılaşdırılması, keçirilən təlimlər, düşmən təxribatlarına qarşı aparılan uğurlu irimiqyaslı əks-hücum əməliyyatları şəxsi heyətin qələbə əzmini daha da möhkəmləndirərək, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərlə Azərbaycan Ordusunun şanlı tarixində yeni qəhrəmanlıq səhifələri açmışdır.
Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə ordumuzun Vətən müharibəsində qazandığı parlaq Qələbə və həyata keçirdiyi uğurlu döyüşlər, antiterror əməliyyatı nəticəsində düşmən işğalında olmuş tarixi torpaqlarımız azad edildi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun peşəkarlığı sayəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi tam təmin edildi.
Bu gün işğaldan azad olunmuş ərazilərimizdə rəşadətli Azərbaycan Ordusu öz mövqelərini daha da möhkəmləndirərək bərpa-quruculuq işlərinin ən yüksək səviyyədə həyata keçirilməsinə, Böyük Qayıdışa öz layiqli töhfələrini verir.
Əminəm ki, ordumuz Azərbaycan Respublikasının Konstitusiyasına, Hərbi anda və nizamnamələrə bundan sonra da sadiq qalacaq, döyüş və mənəvi-psixoloji hazırlığını daha da artıraraq, Ali Baş Komandanın əmr və tapşırıqlarını ən yüksək səviyyədə yerinə yetirəcəkdir.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, hörmətli Mehriban xanım Əliyeva respublikamızın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyünün təmin olunması uğrunda gedən döyüş əməliyyatları və Vətən müharibəsi zamanı yaralanmış hərbi qulluqçulara, o cümlədən şəhid ailələrinə və müharibə veteranlarına hər zaman xüsusi diqqət və qayğı göstərmişdir.
Respublikamızın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatları zamanı canlarından keçən şəhidlərimizin əziz xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, torpaqlarımızın azadlığı uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları bayram münasibətilə təbrik edir, onlara ən xoş arzularımı çatdırıram.
Bir daha Sizi müqəddəs Qurban bayramı münasibətilə ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, ailə səadəti və şərəfli xidmətinizdə nailiyyətlər arzulayıram. Bu bayram həyatınıza əmin-amanlıq, firavanlıq, süfrələrinizə bol ruzi-bərəkət gətirsin.
Bayramınız mübarək olsun!