30 may 2025 20:49
182

İmişlidə şəhidə həsr edilən kitabın təqdimatı olub FOTO

Vətən müharibəsində qəhrəmancasına şəhid olan baş leytenant Cavid Səfərliyə anası Xatirə Səfərli tərəfindən həsr edilən “Şəhid Cavidimin qəhrəmanlıq dastanı” adlı kitabın təqdimatı ilə bağlı tədbir keçirilib.

“İki sahil” xəbər verir ki,  İmişli Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə öncə şəhidlərimizin əziz xaitərələri ehtiramla yad edilib.

İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev Vətən uğrunda canından keçən Cavid Səfərlinin və digər şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim dərin ehtiramla yad edildiyini, onların qanlarının yerdə qalmadığını bildirib. O, bütün şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyib.

Digər çıxış edənlər də şəhidlərin xatirəsinə yazılmış kitabların gənclər üçün vətənpərvərlik nümunəsi olduğunu qeyd ediblər. Daha sonra kitabın müəllifi Xatirə Səfərli tədbir iştirakçılarını kitab haqqında məlumatlandırıb. Tədbir mədəniyyət işçilərinin ifalarında hərbi vətənpərvərlik mövzusunda kompozisiya ilə davam etdirilib.

Qeyd edək ki, Cavid Səfərli 1993-cü il mayın 31-də İmişli rayonunun Əliqulular kəndində anadan olub. 14 yaşında olarkən hərb sənətinə yiyələnmək üçün hərbi liseyə daxil olub. Daha sonra ali hərbi məktəbi bitirib. Cavid Səfərli 2014-cü ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayıb. Aprel döyüşləri ərəfəsində də Cavid qəhrəmanlıq nümayiş etdirib. Azərbaycan ordusunun baş leytenantı olan C.Səfərli 2020-ci il sentyabrın 27-də Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Oktyabrın 21-də Xocavənd döyüşləri zamanı şəhid olub. Cavid Səfərli ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə" və "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.