30 may 2025 20:06
190

Rumıniya Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib

Rumıniyanın Prezidenti Nikuşor Dan Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

“İki sahil” xəbər verir ki,  təbrikdə deyilir:

"Azərbaycan Respublikasının milli bayramı – 28 May – Müstəqillik Günü münasibətilə Sizi təbrik edir, xalqınıza firavanlıq və əmin-amanlıq arzulayıram.

Azərbaycan Cənubi Qafqaz regionunda Rumıniyanın strateji, yaxın və etibarlı tərəfdaşıdır. Ölkələrimiz arasındakı sıx əlaqələr möhkəm prinsiplərə və ümumi məqsədlərə əsaslanır. Rumıniya ilə Azərbaycan Respublikası arasında həm ikitərəfli, həm də regional səviyyədə həyata keçirilən çoxsaylı layihələr əməkdaşlığımızın intensivliyini mükəmməl şəkildə əks etdirir.

Mən Rumıniyanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bir daha təsdiqləyirəm. Eyni zamanda, Rumıniyanın bütün səviyyələrdə strateji tərəfdaşlığımızı möhkəmləndirməyə və dərinləşdirməyə sadiqliyini bir daha bildirirəm. Tam əminəm ki, davamlı səylərimiz sayəsində Rumıniya ilə Azərbaycan Respublikası arasında ikitərəfli əməkdaşlıq enerji, ticarət, təhsil kimi xüsusi əhəmiyyət kəsb edən sahələrdə inkişaf edəcəkdir. Həmçinin Rumıniya Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında konstruktiv və perspektivli əlaqələrin inkişafında fəal iştirakını davam etdirəcəkdir.

Cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz".