31 may 2025 01:38
217

Azərbaycan artıq özünü etibarlı tərəfdaş kimi təsdiqləyib

2-4 iyun tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi Azərbaycanın son bir ildə enerji sektorunda qazandığı uğurların və onların əsasında qarşıdakı dövrün hədəflərinin təqdimatı olacaq

Beynəlxalq Xəzər Neft və Qaz sərgiləri yalnız ötən nailiyyətlərimizi ifadə etməklə kifayətlənmir, həm də gələcək uğurlar üçün körpü rolunu oynayır. Artıq son illər Bakı Enerji Həftəsi özündə üç mühüm tədbiri birləşdirir ki, onlardan biri məhz Beynəlxalq Xəzər Neft və Qaz Sərgisidir. Sərgilərə artan maraq enerjinin inkişafına, dayanıqlılığa və daha parlaq, daha səmərəli gələcəyə doğru istiqamətləndirən beynəlxalq tərəfdaşlığın inkişaf etdirilməsinə davamlı sadiqliyin təzahürüdür. Bakı Enerji Həftəsi 30 il bundan öncə Xəzər Neft və Qaz Sərgisi kimi işə başlamış və müasir müstəqil Azərbaycanın enerji sektoruna səyahətinin ilk günləri kimi xatirələrdə qalıb. «Əsrin müqaviləsi»nin imzalanmasından bir qədər əvvəl buna ilkin olaraq təşəbbüs göstərilmişdi. O vaxtdan bəri tədbir dünyanın hər bir guşəsindən enerji ekspertləri üçün əsas toplantı mərkəzinə çevrilib, geniş silsilə mövzuları və yenilikləri əks etdirməklə əhatə dairəsini daha da genişləndirib.

Xəzər Neft-Qaz Sərgisinin Azərbaycanın enerji siyasətinin reallaşmasında çox böyük rolu olmuşdur. «Əsrin müqaviləsi»nin imzalanmasından 23 il sonra 2017-ci ildə «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2014-cü ildə çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizinin təməlinin qoyulması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, onun əsas seqmentlərindən olan TANAP-ın, 2020-ci ildə isə TAP-ın istifadəyə verilməsi Azərbaycanın enerji sektorunun uğurlarının davamlılığının təsdiqidir.

Azərbaycanın təşəbbüsçüsü və iştirakçısı olduğu layihələri təhlil etdikdə bu fikri böyük inamla qeyd edirik ki, ölkəmiz enerji sektorunda liderlik keyfiyyətlərini çox açıq şəkildə ortaya qoyur. «Əgər biz təşəbbüs göstərib 2012-ci ildə Türkiyə ilə birlikdə TANAP layihəsinə imza atmasaydıq, bu gün Cənub Qaz Dəhlizi haqqında kimsə danışa bilərdimi? Bu gün Avropanın enerji təhlükəsizliyini kimsə bizsiz təmin edə bilərdimi? Bunları biz edirik. Nəyə görə? Çünki bu, bizim xalqımıza lazımdır. Bu, bizim dövlətimizi, ölkəmizi gücləndirir və bizim maraqlarımıza xidmət edir» söyləyən cənab İlham Əliyev Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında artan rolunu əsaslı şəkildə diqqətə çatdıraraq bildirir ki, dörd layihədən - “Şahdəniz”, Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP-dan ibarət Cənub Qaz Dəhlizi ölkəmizə əlavə siyasi, iqtisadi, maliyyə imkanları yaradır, zəngin qaz resurslarımızın dünya bazarlarına bundan sonra onilliklər ərzində ixrac edilməsini təmin edəcək, valyuta axını artacaq, dayanıqlı inkişafımız daha da möhkəmlənəcək. Yeni marşrutların açılması və eyni mənbədən qidalanması tam mənada enerji şaxələndirilməsi məsələsi deyil. Biz isə, sözün əsl mənasında, enerji şaxələndirilməsi layihəsini icra edirik. Azərbaycan qazı yeni mənbədir və Cənub Qaz Dəhlizi yeni enerji damarıdır, Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir. Azərbaycanın enerji sektorunda qazandığı davamlı uğurlarda, neft strategiyasının icrasında SOCAR-ın öz payı, rolu vardır. Hazırda SOCAR-ın beynəlxalq nüfuza malik şirkətlər sırasında olması ötən illər ərzində keçdiyi inkişaf yolunun göstəricisidir. SOCAR hazırda müxtəlif ölkələrdə həyata keçirdiyi investisiya layihələri ilə beynəlxalq imicini daha da möhkəmləndirir.

Enerji diplomatiyasının uğurlarının təhlili fonunda bu reallığı xüsusi qeyd edirik ki, hər bir Neft-Qaz Sərgisindən ötən dövr enerji tariximizə mühüm hadisələri yazır. Məlum olduğu kimi, ötən il iyunun 4-də Bakı Enerji Həftəsi çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl Cabir tədbir çərçivəsində Neftçala, Biləsuvar Günəş elektrik stansiyalarının və Abşeron-Qaradağ Külək Elektrik Stansiyasının təməlini qoydular.

Məlum olduğu kimi, ötən il dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə «Yaşıl dünya naminə həmrəylik ili» elan edildi. Azərbaycanın iqlim dəyişmələrinin yaratdığı problemlərin aradan qaldırılmasına verdiyi töhfələr davamlıdır və beynəlxalq səviyyədə yüksək dəyərləndirilir. Ötən ilin noyabrında Azərbaycanın 200-ə yaxın ölkənin yekdil qərarı ilə COP29 iqlim konfrasına ev sahibliyi ölkəmizin hər bir sahədə, eyni zamanda, bərpalounan enerji sektorunda malik olduğu potensialın təqdimatında əhəmiyyətli rol oynadı. Yaşıl enerjiyə keçid hazırkı dövrün əsas çağırışlarındandır. 29-su Beynəlxalq Neft və Qaz Sərgisindən ötən dövrdə Azərbaycanın enerji sektorunda qazandığı uğurlardan bəhs edərkən təbii ki, ilk olaraq COP 29 tədbirinə ev sahibliyini qeyd edirik.

COP29 istər yüksək səviyyədə təşkilatçılığı, istər təmasların qurulması, körpülərin salınması üçün geniş imkanların yaradılması, istərsə də qarşıya qoyulan hədəfə nail olmaq baxımından hələ xeyli müddət müzakirə ediləcək. Hər zaman bu reallıq beynəlxalq səviyyədədə qeyd edilir ki, tədbirlərin hansı məkanda keçirilməsindən asılı olmayaraq hər zaman diqqət Azərbaycana yönəldilir. Bunun üçün tarixi Zəfərimizdən ötən dövr ərzində Azərbaycanın müxtəlif dövlətlərlə ikitərəfli və beynəlxalq təşkilatlar daxilində əlaqələrinin inkişaf səviyyəsinə diqqət yetirmək kifayətdir. Bu, COP29 çərçivəsində keçirilən görüşlərdə, Azərbaycanla bağlı iştirakçıların rəylərində özünün aydın ifadəsini tapdı. COP29-un Liderlər Sammitində «Uğurlu bir COP-a imza atacağıq» əminliyini ifadə edən BMT-nin Baş katibi Antonio Quterreş onu da vurğuladı ki, COP29 yeni fərq yaratmalıdır və inkişaf edən ölkələr Bakını əliboş tərk etməməlidir. Buna birlikdə nail olacağımıza əminik.

COP29 çərçivəsində «SOCAR Green» MMC, Birləşmiş Ərəb Əmirliklərinin «Masdar» şirkəti, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı və Asiya İnfrastruktur və İnvestisiya Bankı arasında Azərbaycanda iki günəş enerjisi layihəsinin maliyyələşdirilməsi üzrə sənədlər imzalandı. 2027-ci ildə istismara veriləcək stansiyalarda illik təxminən 1.7 milyard kilovat-saatdan çox yaşıl enerji istehsalı proqnozlaşdırılır ki, bu da illik 380 milyon kubmetr həcmində təbii qaza qənaət, eyni zamanda, atmosferə atılan karbon emissiyasının 830 min ton azaldılması deməkdir.

Ölkəmizin yaşıl enerjiyə keçidlə bağlı gördüyü işlər, əldə etdiyi nailiyyətlər artıq investorlara təqdim olunub. COP29 Azərbaycan qarşısında yeni investisiyaların cəlbi üçün də əlavə imkanlar açır. Xarici investorları cəlb edən hal təkcə ölkəmizdə yaradılan əlverişli sərmayə mühiti deyil, Azərbaycanın yaxın tezlikdə yaşıl enerjinin mühüm ixracatçısına çevriləcəyi, həmçinin digər mənbələrdən bu enerji növünün nəqlində tranzit əhəmiyyətidir. 

Azərbaycanın iqtisadi uğurları siyasi mövqeyinin möhkəmləndirilməsində, söz sahibliyində əhəmiyyətli rol oynayır. Azərbaycan COP29-a uğurla ev sahibliyi etdi, konfrans yüksək təşkilatçılıq, təhlükəsizlik tam təmin olunmaqla, effektiv infrastruktur yaratmaqla keçirildi. Eyni zamanda, qlobal iqlim böhranının aradan qaldırılmasına, həll yollarının tapılmasına öz dəstəyini verdi, təşəbbüslər, təkliflər irəli sürdü. Azərbaycanın bu rolu həm dünya liderləri, həm də ölkəmizdə olan digər COP29 iştirakçıları tərəfindən yüksək qiymətləndirdi. COP29 Azərbaycanın növbəti uğuru kimi tarixə yazıldı. Dövlət başçısı İlham Əliyevin sosial şəbəkə hesablarında «COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir!» sərlövhəsi ilə paylaşımında bu mühüm məqamları dir daha diqqətə çatdırdı ki, müddətin qısa olmasına baxmayaraq, Azərbaycan COP-un rahat və yüksək səviyyədə keçirilməsi üçün bütün lazımi hazırlıqları həyata keçirməyə nail oldu. Mübaliğəsiz deyə bilərik ki, Bakı COP tədbiri ən möhtəşəm COP-lardan biri kimi tarixə düşəcək. «Mən Bakı nailiyyətini çoxtərəfliliyin təntənəsi kimi qiymətləndirirəm» söyləyən dövlətimizn başçısı İlham Əliyev bildirdi ki, COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir və bu irs gələcək qlobal iqlim fəaliyyətinə müsbət təsir göstərəcək.

Azərbaycanın ötən bir ildə enerji sektorunda qazandığı uğurlar təbii ki, COP29 iqlim konfransına ev sahibliyi ilə bitmir. Son bir ilin əsas müzakirə mövzusu mçhz bu tədbir olduğu üçün onun təhlilinə daha çox diqqət yönəldilməsi bir zərurət kimi qarşımızda dayandı. Bütün bunlar Azərbaycanın düşünülmüş və məqsədyönlü siyasəti nəticəsində malik olduğu iqtisadi imkanlardan maksimum və səmərəli içtifadə etdiyini nümayiş etdirir. Ən əsası uğurlarımız Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının nəticəsidir. Bu strategiya Azərbaycana bundan sonra da möhtəşəm uğurlar qazandıracaq. Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələri dünyanın enerji xəritəsini yenidən tərtib etməklə etibarlı və arzuolunan tərəfdaş mövqeyini daha da möhkəmləndirir. Onu da qeyd edək ki, Azərbaycan bu gün 12 ölkəyə təbii qaz ixrac edir. Onlardan 10-u Avropa ölkəsidir, 8-i isə Avropa İttifaqı üzvüdür. Avropa Komissiyası Azərbaycanı Pan-Avropa qaz təchizatçısı ölkə və etibarlı tərəfdaş kimi tanıyır. Əgər qaz ixracının coğrafiyasına baxsaq, görərik ki, burada nəinki Avropa məkanında, dünya miqyasında boru xətti ilə nəql edilən qazın coğrafi əhatəsinə görə Azərbaycan dünyada qabaqcıl yerlərdədir.

İyunun 2-4 tarixlərində keçiriləcək Bakı Enerji Həftəsi çərçivəsində tədbirlərdə sözsüz ki, COP29 iqlim konfransı əsas müzakirə mövzularından biri olacaq. Builki Bakı Enerji Həftəsində 39 ölkədən 267 şirkət iştirak edəcək. Ölkələr arasında Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Şimali İrlandiya, Bolqarıstan, Çexiya, Çin, Estoniya, Finlandiya, Fransa, Gürcüstan, Hindistan, İsrail, İsveçrə, İtaliya, Qazaxıstan, Qvineya-Bisau, Lüksemburq, Macarıstan, Misir, Monako, Niderland, Norveç, Özbəkistan, Pakistan, Polşa, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Slovakiya, Sloveniya, Türkiyə, Ukrayna, Yaponiya, həmçinin Almaniya Federativ Respublikası Milli pavilyon ilə iştirak edəcəklər. Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edəcək. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 70 faizini xarici şirkətlər, 30 faizini isə yerli müəssisələr təşkil edəcək. Bakı Enerji Həftəsi 30-cu dəfə keçiriləcək. Enerji Həftəsi özündə üç mötəbər tədbiri birləşdirir: 30-cu Yubiley Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”.

Göründüyü kimi, Azərbaycan daim yeni çağırışları həyata keçirməklə bütün sahələrdə zəngin təcrübə qazanıb. 1994-cü ildə ilk Beynəlxalq Neft və Qaz Sərgisinin keçirilməsindən ötən 31 il Azərbaycanın bütün sahələrdə, xüsusilə enerji sektorunda keçdiyi yolun təqdimatıdır. Ümummilli Lider Heydər Əliyevin bu çağırışı bütün dövrlərdə öz aktuallığını qoruyur: «Heç bir ölkə beynəlxalq əməkdaşlıq, təcrübə mübaliəsi olmadan, səylər və ehtiyatlar birləşdirilmədən təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz.»

Yeganə Əliyeva, «İki sahil»