İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) nəzdində fəaliyyət göstərən Türk Dünyası Araşdırmalar Mərkəzinin (TDAM) rəhbəri Vüsalə Cəfərova Pakistanın paytaxtı İslamabadda keçirilən “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramı çərçivəsində ticarətin asanlaşdırılmasının təşviqi” mövzusuna həsr olunmuş 5-ci illik elmi tədqiqat konfransında təqdimatla çıxış edib.
“İki sahil” xəbər verir ki, Vüsalə Cəfərova “CAREC çərçivəsində regional əlaqələrin və ticarətin asanlaşdırılmasının gücləndirilməsində Azərbaycanın və Orta Dəhlizin rolu” adlı təqdimatla çıxış edib. O, Azərbaycanın regional nəqliyyat və logistika dəhlizləri sahəsində təşəbbüskar rolu, Orta Dəhliz çərçivəsində həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, həmçinin ölkənin tranzit potensialının gücləndirilməsi üçün atdığı addımlar və bu sahədə rəqəmsallaşma təşəbbüsləri barədə məlumat verib.
Konfrans CAREC İnstitutu və İslam İnkişaf Bankı, “Pakistan Single Window” platforması, “Sargodha” Universiteti, Allama İqbal Açıq Universiteti, Beynəlxalq Yol Nəqliyyatı İttifaqı (IRU), Pakistan İqtisadi İnkişaf İnstitutu (PIDE), “Manzil Pakistan”, “Development Alternatives Inc.” (DAI), Davamlı İnkişaf Siyasəti İnstitutu (SDPI), Pakistan Beynəlxalq Daşımalar Assosiasiyası (PIFFA) və “ECO” Elm Fondu (ECOSF) ilə birgə təşkil olunub.
Tədbirin məqsədi CAREC regionunda tədqiqatçılar, siyasətçilər, ekspertlər və digər maraqlı tərəflər üçün iqtisadi və ticarət məsələlərinin müzakirəsinə, eləcə də regional əməkdaşlığın gücləndirilməsinə imkan yaradan platforma formalaşdırmaqdır. Konfrans CAREC ölkələri arasında elmi-tədqiqat əsaslı əməkdaşlığın genişlənməsinə, vahid iqtisadi yanaşmaların təşviqinə və regional inteqrasiyanın dərinləşdirilməsinə töhfə verməyi hədəfləyir.