Gəncə şəhər Heydər Əliyev Mərkəzində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş XVI Beynəlxalq elmi konfrans keçirilib.
“İki sahil” xəbər verir ki, “Azərbaycanşünaslığın aktual məsələləri. Yeni dövrün Azərbaycanı” adlı konfransda iştirakçılar əvvəlcə Ümummilli Lider Heydər Əliyevin heykəli önünə gül dəstələri düzüblər, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla anılıb.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilməsi ilə başlayan elmi konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Konfransda dahi şəxsiyyət Heydər Əliyevin zəngin siyasi fəaliyyətinə həsr olunan film nümayiş etdirilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısının müavini Adil Tağıyev çıxış edərək bildirib ki, Ulu Öndər Heydər Əliyev Gəncəyə və gəncəlilərə xüsusi diqqət və qayğı ilə yanaşıb. Sovetlər dönəmində Gəncədə tikilən zavodlar, fabriklər, eləcə də sənaye müəssisələri məhz Ulu Öndərin təşəbbüsü ilə reallaşıb.
Konfransda YAP Gəncə şəhər Təşkilatının sədri Bayram Aslanov Ulu Öndər Heydər Əliyevin çoxşaxəli fəaliyyətindən, Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində misilsiz tarixi xidmətlərindən və böyük xilaskarlıq missiyasından danışıb.
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusibov Ümummilli Lider Heydər Əliyevin elm, təhsil, mədəniyyət sahələrinin inkişafına göstərdiyi əvəzolunmaz xidmətlərindən bəhs edib, bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla və əzmlə davam etdirildiyini diqqətə çatdırıb.
Elmi konfransda iştirak edən Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev çıxış edərək bildirdi ki, xalqımız Ulu Öndər Heydər Əliyevin əziz xatirəsini daim ehtiram və minnətdarlıqla yad edir.
Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru Zəfər Qurbanov, Millət vəkili Vüqar Rəhimzadə və Azərbaycan Texnologiya Universitetinin Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov çıxışlarında Ulu Öndərin gənclərə göstərdiyi diqqət və qayğıdan, eləcə də uğurlu gənclər siyasətindən bəhs ediblər.
Elmi konfransın bölmə iclası Gəncə Dövlət Universitetində davam edib.