Son illər davamlı pensiya artımları orta aylıq pensiyanın orta aylıq əmək haqqına nisbətinin (əvəzetmə əmsalı) qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılmasında mühüm irəliləyişə imkan verib.
“İki sahil” xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, cari ilin əvvəlindən də növbəti sosial islahat paketi üzrə bütün növ pensiyalar 8,1 faiz indeksləşdirilərək artırılıb, 2025-ci il fevralın 1-dən isə minimum pensiya 280 manatdan 320 manata çatdırılıb.
2025-ci il aprelin 1-nə ölkəmizdə orta aylıq əməkhaqqı 1083,8 manat, orta aylıq pensiya 538 manat, yaşa görə orta aylıq pensiya 573 manat təşkil edib.
Beləliklə, həmin nisbət 2018-ci illə müqayisədə bu il aprelin 1-nə orta aylıq pensiya üzrə 40,7 faizdən 49,6 faizə, yaşa görə orta aylıq pensiya üzrə 45,8 faizdən 52,9 faizə yüksəlib.