30 may 2025 16:01
176

Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib

Azərbaycan Universitetində tələbələrin iş dünyasına çıxışının dəstəklənməsi məqsədilə növbəti “Karyera Günü” təşkil olunub. Universitetin Karyera İnkişafı Departamenti tərəfindən keçirilən tədbir tələbələrin müasir əmək bazarının tələbləri ilə yaxından tanış olmasına, eləcə də işəgötürənlərlə birbaşa ünsiyyət qurmasına imkan yaradıb.

Universitetdən "İki sahil"ə bildirilib ki, tədbirə müxtəlif profilli 40-a yaxın şirkət və qurum qatılıb. Onların arasında dövlət orqanları, özəl müəssisələr və təhsil şirkətləri yer alıb. İşəgötürənlər tələbələrə öz vakansiyalarını, həmçinin tələbələr üçün nəzərdə tutulan təcrübə və təqaüd proqramlarını təqdim ediblər.

Universitetin rektoru filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva stendləri ziyarət edib. Rektor tələbələrə təqdim edilən vakansiyalarla tanış olub, sərgidə iştirak edən təşkilat və şirkətlərin nümayəndələri ilə söhbət edib, fikir mübadiləsi aparıb.

Şirkət və təşkilatların nümayəndələri, insan resursları üzrə menecerləri tələbələrin təqdim etdiyi CV və anketləri qəbul edib, onlara işə qəbul prosesinin mərhələləri, effektiv müraciət üsulları və iş müsahibələrinə hazırlıqla bağlı faydalı tövsiyələr verib, həmçinin sualları cavablandırıblar.

Qeyd edək ki, ənənə halını almış “Karyera Günü” bu il doqquzuncu dəfə təşkil olunub. Tədbir hər il olduğu kimi, bu dəfə də tələbə və məzunların real əmək bazarına inteqrasiyasını təşviq edən önəmli platformaya çevrilib.