Azərbaycan xalqının müstəqillik əldə edərək Şərqdə ilk demokratik və hüquqi dövlət olan Azərbaycan Xalq Cümhuriyyətini qurmasının 107-ci ildönümü region gəncləri tərəfindən bu il də böyük təntənə ilə qeyd olunub.
“İki sahil” xəbər verir ki, 28 May - Müstəqillik Günü münasibətilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM) 11 regional nümayəndəliyi və 44 bölməsi tərəfindən regionlarda silsilə tədbirlər həyata keçirilib.
Region gəncləri ilk olaraq, müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin şəhər və rayon mərkəzlərindəki abidələrini ziyarət edərək önünə gül dəstələri düzüb, ehtiramlarını ifadə ediblər. Gənclər regionlarda yerləşən Bayraq muzeylərinə, eyni zamanda Cumhuriyyət muzeyinə təşkil olunan ekskursiyalarda iştirak ediblər. Həmçinin regionlarda 28 May – Müstəqillik Günü ilə əlaqədar tarixçilərin və dövlət rəsmilərinin iştirakı ilə dəyirmi masa və görüşlər keçirilib. İştirakçılar müstəqilliyimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılmasında gənclərin rolunun vacibliyindən söhbət açıblar. Eyni zamanda, gənclər “Son iclas”, “Tarixin izi ilə” filmlərini izləyərək tariximizlə daha yaxından tanış olublar.
Silsilə tədbirlərin davamı olaraq əlamətdar gün münasibətilə region gəncləri arasında intellektual yarışlar, şeir müsabiqəsi və veloyürüşlər də təşkil olunub.
Qeyd edək ki, keçirilən tədbirlərin əsas məqsədi gənclər arasında müstəqillik tariximizə dair biliklərin artırılması, gənclərdə vətənpərvərlik ruhunun və milli dəyərlərə bağlılığın gücləndirilməsidir.