26 may 2025 04:29
177

Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafı məmnunluq doğurur

Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib. Macarıstanın Baş naziri Viktor Orban dövlətimizin başçısını qarşıladı. Əvvəlcə birgə foto çəkdirildi. Sonra Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının  qeyri-rəsmi Zirvə görüşü işə başlayıb.

Macarıstanın Baş naziri Viktor Orban bu Zirvə görüşünün əhəmiyyətinə toxundu. O, Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olmasının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq dedi: “Mən Prezident Əliyevə səmimi-qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Çünki ötən il Azərbaycandan Macarıstana ilk qaz nəql edilmişdir. Bu, əvvəllər heç vaxt baş verməmişdir, ilk dəfə idi ki, bu, baş verirdi. Cənab Prezidenti əmin edirəm ki, biz gələcəkdə bunun qarşılığını verə bilərik. Macarıstanın böyük enerji şirkətlərinə Azərbaycanda neft və qaz sahəsində işləməyə imkan yaratdığına görə də Prezident Əliyevə təşəkkür etmək istəyirəm. Özümüzə məxsus enerji ehtiyatlarımız olmadığı üçün bu, bizim üçün yeni imkanlar açdı. Azərbaycan-Macarıstan münasibətlərinin strateji səviyyədə olması bizim üçün mühüm əhəmiyyət kəsb edir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında qonaqpərvərliyə görə Baş nazir Viktor Orbana təşəkkür etdi. Azərbaycan ilə Macarıstan arasında əlaqələrin inkişafından məmnun olduğunu bildirdi. Sonra qeyd etdi ki, bu, mənim Macarıstana 6-cı səfərimdir. Cənab Orban isə Azərbaycana 7 dəfə səfər etmişdir. Macarıstan Azərbaycanın etibarlı strateji tərəfdaşıdır. Macarıstan müstəqil siyasət aparan ölkədir və beynəlxalq nüfuzu daim artmaqdadır. Əldə edilmiş bütün uğurlar münasibətilə Baş nazir Viktor Orbanı təbrik edirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışına davam edərək bildirdi ki, qonşu ölkələrlə yeni əməkdaşlıq formatları yaratmış, müştərək müəssisələr qurmuşuq. Orta Dəhlizin bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun daşıma qabiliyyəti keçən il Azərbaycanın vəsaiti hesabına 5 milyon tona çatdırılmışdır. Orta Dəhlizi rəqəmsallaşdırılmasına böyük önəm veririk. Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışının sonunda bildirdi ki, Macarıstanı qeyri-rəsmi Zirvə görüşünün uğurlu təşkilinə görə təbrik edirəm, Türk Dövlətləri Təşkilatının fəaliyyətinə uğurlar arzulayıram.                                                                                                                                                           

Aygün Əliyeva,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2”ünvanı üzrə ərazi partiya təşkilatının üzvü